Maye qazın bahalaşması: “Bu qiymət artımının səbəbi açıqlanmalıdır” 

“Mövcud şəraitdə yanacağın qiymətinin sabit saxlanılması daha məqsədəuyğundur”. 

Bu fikirləri Yenicag.az-a açıqlamasında maye qazın ( LPG) 0,2 manat bahalaşmasına (0,45-dən 0,65 manata) münasibət bildirən Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubov deyib.

Fərhad Eyyubovun sözlərinə görə, tələbatın artması və qıtlıq fonunda qiymət artımı gözlənilməz addım deyil:

“Əvvəllər maye qazla işləyən avtomobillərin sayı olduqca az idi. Hazırda bahalaşmaya təsir edən əsas amil tələbatın yüksək olmasıdır.

Lakin bu cür strateji məhsullarda qiymət artımı yalnız Tarif Şurası tərəfindən müəyyən edilməli və səbəbləri açıqlanmalıdır. Əks halda, bu bahalaşma sürücülər tərəfindən narazlığa səbəb olacaq”.

Ekspert bildirib ki, qiymət artımının hansı həddə qədər davam edəcəyi hələlik sual altındadır:

“Elə qiymətlər var ki, onların müəyyən edilməsi sərbəstdir. Müxtəlif növ yanacağın qiyməti isə dövlət tərəfindən tənzimlənməlidir.

Vətəndaşların etirazı ilə üzləşməmək üçün yanacağın qiyməti düzgün müəyyənləşdirilməlidir. Eyni zamanda, bu qiymət tənzimləməsi istehsalat sahəsinə də ziyan vurmamalıdır”.

Gülşən Şərif