“Real Madrid”ə keçid Fransa millisinin kapitanı Kilian Mbappenin karyerasında yeni mərhələdir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış jurnalist Elman Cəfərli deyib.
Həmsöhbətimiz ulduz futbolçu Kilian Mbappenin ötən gün keçirilən təqdimat mərasimindən, habelə fransalı vingerdən gözlənilən nəticələrdən söz açıb.
Onun sözlərinə görə, Mbappe yığma ilə böyük uğurlara imza atıb, komanda yoldaşları ilə birgə 2016-cı il Avropa Çempionatının gümüş medallarını qazanıb, 20 yaşında Rusiyada keçirilən 2018-ci il Dünya Çempionatının qalibi olub, UEFA Millətlər Liqasının qalibidir:
“Lakin klub karyerasında Lionel Messinin, Kriştiano Ronaldonun onun yaşında qazandığı nailiyyətləri təkrarlaya bilməyib. Məsələn, 26 yaşlı Mbappe hələ Çempionlar Liqası kubokunu başı üzərinə qaldırmayıb. Keçmiş klubu “Paris-Saint-Germain” Avropanın top 10 klublarından daha yaxşı maliyyə imkanlarına malik olsa da, dünyanın ən güclü futbolçularını heyətinə qatsa da, nə Avropa Liqasında, nə də UEFA Çempionlar Liqasında ciddi uğur qazana bilməyib”.
E.Cəfərli əlavə edib ki, Mbappenin “Real”a keçidi ilin uğurlu transferlərindən sayıla bilər:
“O, “Real”da Qətər klubu “Al Gharafa”ya transfer edilmiş Xoselunun yerinə oynayacaq. Mərkəz hücumçusu mövqeyində bundan öncə Kərim Benzema oynayırdı. Ondan sonra isə Xoselu və Rodriqo sözügedən mövqeyi bölüşdürürdülər.
Fikrimcə, bu transfer “Real” dan çox Mbappe üçün uğurludur. İstənilən məşhur futbolçu üçün “Real”, “Barselona”, “Manchester City” və “Juventus”un formasını geyinmək arzudur. Təbii ki, bundan sonra “Real”ın hücum xətti güclənəcək və daha məhsuldar olacaq. Yaşının ən yaxşı çağında kral klubuna transfer olmuş Mbappeni düşündürən yeganə şey, yəqin ki, “Qızıl Top”a (“Ballon d’Or” – red.) sahiblənmək, ÇL kubokunu qazanmaqdır. Onsuz da o, sabiq klubunda yaxşı maaş alırdı. “Barça” da gücləndiyindən İspaniya “La Liga”sında da rəqabətin güclənəcəyini söyləmək olar”.
Rafi Müslümov