MDB sammiti: “Azərbaycanın şərtləri və tələbləri məlumdur” – POLİTOLOQ

“Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün əməli addımlar atacaqsa o zaman istənilən vaxt və istənilən yerdə görüşmək mümkündür”

Bu sözləri MDB dövlət başçılarının 28 dekabrda Sankt-Peterburqda keçirilən sammiti ilə bağlı danışarkən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, MDB dövlət başçılarının ilin sonunda keçirilən sammiti artıq ənənəvi xarakter daşıyır:

“Düzdür, keçən il COVID-19-un yayılması səbəbindən sammit keçirilməmişdi. Amma bu ildən etibarən həmin ənənə bərpa olundu. Hər nə qədər də sammit qeyri-rəsmi xarakter daşısa da, qeyd etməliyəm ki, bu kimi tədbirlər dövlət başçılarının bir-biri ilə təmasları və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməsi baxımından faydalıdır.

Müstəqil Dövlətlər Birliyinin dünya ərazisinin 16 faizini, dünya kömür və təbii qaz ehtiyatlarının təxminən üçdə birini, neft ehtiyatlarının 20 faizə yaxınını təşkil etdiyini nəzərə alsaq deyə bilərik ki, bu birlik çərçivəsində müzakirə olunan məsələlər Avrasiya məkanında iqtisadi və siyasi ab-havaya birbaşa təsir göstərir.

Dövlət başçıları arasındakı qeyri-rəsmi təmaslarda hansı məsələlərin müzakirə olunması ilə bağlı hələ ki, məlumatlar yoxdur. Ümumiyyətlə Sankt-Peterburqda keçirilən sammitdən ictimaiyyətə çox az informasiya ötürülüb. Sammit çərçivəsində Azərbaycan–Rusiya–Ermənistan rəhbərləri arasında üçtərəfli görüşün olub-olmaması və ya İlham Əliyev və Paşinyan arasında təmasların olub-olmaması haqqında da məlumatlar yoxdur. Azərbaycan ictimaiyyətinin təbii olaraq keçirilən sammitdən gözləntisi ən çox Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü ilə bağlı idi. Amma onu da nəzərə almaq lazımdır ki, görüşün keçirilib-keçirilməməsindən asılı olmayaraq əsas məqsəd əldə olunan razılaşmaların icrasıdır.

Azərbaycanın şərtləri və tələbləri məlumdur. Biz 10 Noyabr, 11 Yanvar, Soçi və Brüssel bəyanatlarının icrasını istəyirik. Daha dəqiqi, Ermənistanın sadaladığım bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik. Əgər Ermənistan bu öhdəlikləri yerinə yetirmək üçün əməli addımlar atacaqsa, o zaman istənilən vaxt və istənilən məkanda və ya platformada görüşmək mümkündür. Yox əgər məqsəd yenə də əldə olunan razılaşmalardan yayınmaq üçün vaxt udmaqdırsa, o zaman görüşlərə də hər hansı bir ehtiyac qalmır. Başqa sözlə, Ermənistan üzərinə götürdüyü öhdəlikləri nə qədər tez yerinə yetirsə, bu ilk növbədə onların özü üçün faydalı olar”.

Səxavət Məmməd