MDU-da QİÇS-lə bağlı maarifləndirici seminar keçirildi – FOTO

Mingəçevir Dövlət Universitetində (MDU) Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə maarifləndirici seminar keçirilib.

MDU-dan Yenicag.az-a bildirilib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mingəçevir Regional Laboratoriyası tərəfindən təşkil olunan seminarda universitetin tələbə və magistrantları iştirak ediblər.

Laboratoriyanın müdiri, həkim Yeganə Aslanova seminar iştirakçılarına zərərli vərdişlərin insan sağlamlığına törətdiyi ağır fəsadlar, QİÇS-ə yoluxma yolları və xəstəliyin yayılma təhlükəsi barədə ətraflı məlumat verib, insanın immunçatışmazlığı virusunun səbəb olduğu təhlükəli xəstəliklərdən qorunmağın üsulları, sanitar-gigiyenik qaydalar və sağlam həyat tərzi ilə bağlı tələbələrlə maarifləndirici söhbətlər aparıb.

Sonra mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici bukletlər paylanılıb.