!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məcburi köçkünlər dövlətlə qarşıdurmaya sürüklənir - “Qaçqınkom”la “Azərişıq” kütlələri niyə məhkəməyə yönləndirir?

!Reklam – Yazi

 

Məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılması prosesinə başlanması etirazla qarşılanır. Buna səbəb kimi isə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyalarda, yataqxanalarda və digər ərazilərdə qazın olmaması göstərilir. Məcburi köçkünlər sayğaclaşdırma işlərinə deyil, əslində, yaşadıqları binalara qaz xəttinin çəkilməməsinə etiraz edirlər. Gürcüstanda erməni kilsəsinə havayı qaz verən SOCAR rəhbərliyi, məcburi köçkünlərə pul qarşılığında mavi yanacaq verə bilməzmi?

Bu məsələdə işi öz üzərinə götürən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, məcburi köçkün rayonların icra hakimiyyətləri və eləcə də sayğaclaşdırma işlərini aparan Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyətləri məcburi köçkünlərin haqlı istəklərini qulaqardına vururlar. Problem təkcə bununla bitmir. Belə ki, yanvar ayı üzrə elektrik enerjisinin ödənişi ilə bağlı verilən bildirişlərdə ödəniləcək məbləğ şişirdilib. Redaksiyamıza müraciət edən məcburi köçkünlərin sözlərinə görə, əvvəlki dövrlə müqayisədə rəqəmlər 2-3 dəfə artıq göstərilib. Onlar yaranmış problemlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə müraciət ediblər. Hər iki qurumdan məcburi köçkünlərə bildiriblər ki, məhkəməyə müraciət etsinlər, onsuz da heç nə edə bilməyəcəklər.

Həmçinin, yaranmış digər bir problem əvvəllər sayğacı olan məcburi köçkünlərin qaz, elektrik və su ilə bağlı qənaət etdikləri məbləğ heç bir əsas gətirilmədən sayğacdan silinib. Halbuki, dövlət başçısının fərmanı ilə əvvəlki illərdə yaranmış borclar silinməli idi. Onda haqlı olaraq sual ortaya çıxır, bəs onda məcburi köçkünlərin qənaət etdiyi və sayğaclarda göstərilən məbləğlər hara getdi?

Qeyd edilən faktlardan bəlli olur ki, bu məsələdə cavabdehlik daşıyan dövlət qurumları məqsədli şəkildə məcburi köçkünlərlə dövlət başçısı arasında uçurum yaratmağa çalışırlar. Faktiki olaraq, məcburi köçkünlərin şikayət və təklifləri dinlənilmir və buna etiraz edənləri müxtəlif yollarla susdurmağa çalışırlar. Təəssüflər olsun ki, məsuliyyət daşıyan dövlət qurumlarının bir sıra rəhbər şəxsləri uzun illər möhkəm və sağlam etimada söykənən Prezident-vətəndaş birliyini dağıtmağa yönələn bir “siyasət” aparır.

Kəlbəcərli məcburi köçkün, jurnalist Xalid Kazımov da sözügedən problemlə qarşılaşıb.

Yeniçağ.az-a danışan X. Kazımovun sözlərinə görə, 2004-cü ildən Binəqədi rayonu Biləcəri qəsəbəsində fərdi yaşayış evində məskunlaşıb və 3 nəfərlə həmin evdə qeydiyyatdadır. O, dövlət başçısının son fərmanına qədər elektrik enerjisi, qaz və su ilə bağlı məcburi köşkünlər üçün tətbiq edilən limitdən istifadə edib:

“Son iki ildə elektrik enerjisindən qənaətlə istifadə etdiyimiz üçün “Azərişıq” ASC-nin 05 yanvar 2017-ci ildə verdiyi bildiriş məlumatına əsasən, hesabımızda 298 manat 85 qəpik olub. Bu vəsait isə birdən-birə deyil, uzun illər etdiyimiz qənaət hesabına toplanıb. Lakin “Azərişıq”-ın fevralın 4-də verdiyi bildirişdə hesabımızda olan 298 manat 85 qəpik silinib və əlavə olaraq, 447 kVt.saat elektrik enerjisi sərfiyyatına görə 37 manat 17 qəpik borc yazılıb. “Azərişıq” ASC bildirib ki, hər bir məcburi köçkünə ayrılan 150 kVt.saat elektrik enerjisi aylıq limit idi və növbəti aya keçə bilməz. Eyni zamanda qurum dəqiq hesablama aparmaq üçün məcburi köçkünlərin sayğac balansının son göstəricisini 0-dan hesablayacağını bəyan edib. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova və “Azərişıq” ASC-yə suallar ünvanlamışam. Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 saylı qərarı ilə təsdiq edilən “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi qaydası”nın 6-cı bəndində göstərilir ki, kommunal xidməti təşkilatları elektrik enerjisi (adambaşına ayda 150 kVt.saat nəzərdə tutulur), qaz və suya görə istehlakçıların istifadə etdiyi müvafiq xidmətin haqqını sayğacların göstəricilərinə (sayğac olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirilir. Bu qaydaların qüvvəyə mindiyi tarixdən 1 yanvar 2017-ci ilədək məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinin dəyəri “Azərişıq” ASC-yə onların aylıq istifadə etdikləri enerji sərfiyyatına uyğun, yoxsa Nazirlər Kabitetinin təsdiq etdiyi qaydaya uyğun olaraq adambaşına ayda 150 kVt.saat üçün ödənilib? Əgər “Azərişıq” ASC-nin adından mətbuatda yayılan məlumatda göstərildiyi kimi hər bir məcburi köçkünə ayrılan 150 kVt.saat elektrik enerjisi aylıq limit idisə, o halda nə üçün uzun illər ərzində qənaət edilən elektrik enerjisinin dəyəri məcburi köçkün kimi bizim hesabımızda saxlanılaraq, hər ay etdiyimiz qənaətə uyğun olaraq artırılıb? Məcburi köçkünlərin qənaəti nəticəsində hesabında qalan elektrik enerjisi haqqı hansı normativ-hüquqi akta əsaslanaraq silinib? Hesabımda olan 298 manat 85 qəpik dövlət büdcəsi vəsaiti hesabına “Azərişıq” ASC-yə ödənilibsə, hazırda silinən həmin vəsait necə istifadə ediləcək? Onu da qeyd edim ki, sualların cavabından asılı olaraq, məhkəməyə müraciət edəcəm”.

Yeniçağ.az-a açıqlamasında “Ümid” Partiyasının sədri İqbal Ağazadə yataqxana şəraitində, xüsusilə qaz sisteminin olmadığı yerlərdə yaşayan məcburi köçkünlərin elektrik enerjisindən azad olunmamasını düzgün hesab etmədiyini deyib.

Onun sözlərinə görə, əvvəlki güzəştlər saxlanmalı idi:

İqbal Ağazadə ile ilgili görsel sonucu“Çünki əvvəla bu insanların statusu var, məcburi köçkündürlər. Onlar özləri könüllü şəkildə evlərini, yurdlarını tərk etməyiblər. Hərəkətdən və ya hərəkətsizlikdən münaqişə nəticəsində öz ərazilərini tərk ediblər, iş yerləri yoxdur və sair. O cümlədən məcburi köçkünlər çətin şəraitdə yaşayırlar, əmlakları yoxdur. Bu səbəblərdən də onlara sayğac məsələsi ümumiyyətlə, tətbiq olunmamalı idi. Tətbiq edilmə bir mübahisə predmeti olaraq, ayrıca müzakirə edilməlidir. Amma əgər tətbiq edilirsə, niyə köhnə borclar yazılmalı idi? Qanunun ağırlaşdırıcı halda geriyə qüvvəsi yoxdur. Hətta qərar verilibsə, onun geriyə ağırlaşdırıcı qüvvəsi olmamalıdır. Bu halda məcburi köçkünlərə keçmiş borclarına görə pul yazılmamalı idi. Hesab edirəm ki, bu siyasət doğru yanaşma deyil. Ən azından insanların məşğulluq dərəcəsini nəzərə almaq lazımdır. Əvvəl çadırda yaşayıb, sonradan tikilən şəhərçiklərə köçürülən məcburi köşkünlərin məşğulluğu təmin edilibmi ki, onların güzəştləri ləğv edilsin? Məşğulluq təmin edilmədiyi halda güzəştlərin ləğvi absurddur. Hesab edirəm ki, bu yanaşma vətəndaşı hakimiyyətin, dövlətin üzərinə qaldırmağa daha çox oxşayır. Bunu kim əsaslandırıb, cənab Prezidentə təqdim edibsə, onlar izahat verməlidir ki, biz bunu niyə və nədən ötrü edirik. Səhv etmirəmsə, məcburi köçkünlərin kommunal xidmət haqlarının ödənilməsi ilə bağlı o qədər böyük vəsait xərclənmirdi və büdcədən qaz, işıq və su üçün təxminən 300 milyon manat pul ayrılırdı. Bu gün Azərbaycan dövləti 300 milyon manat vəsaiti xüsusi statusu olan məcburi köçkünlərdən almaya bilərdi və almamalıdır”.

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov deyib ki, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda, sanatoriya və bu tip yaşayış məntəqələrində əvvəldən qaz olmayıb, elektrik enerjisindən istifadə ediblər:

Etimad Əsədov ile ilgili görsel sonucu“İndi isə elektrik sayğacları qoyurlar. Məcburi köçkünlər daha çox elektrik enerjisindən istifadə edirlər. Bu mənada düşünürəm ki, burada haqsızlıq var. Ona görə də bunu nəzərə alımalı idilər. Qazdan fərqli olaraq, elektrik enerjisi baha başa gəlir. Bundan başqa, əvvəllər sayğacı olan məcburi köçkünlərin də var ki, onların qənaət etdikləri pullar da silinib. Eləcə də indi sayğac qoyulan məcburi köçkünlərə əlavə borc yazılır. Məhz bu addım məcburi köçkünlərimizə qarşı haqsızlıqdır. Bütün bu səbəblərdən məcburi köçkünlərin narazılığı artır, amma buna əncam çəkmək əvəzinə, polis gücü ilə sayğaclama işlərini davam etdirmək istəyirlər. İşləri görənlər isə insanlarla çox qaba davranırlar ki, bu da yaxşı hal deyil. Düşünürəm ki, “Qaçqınkom” sədri Əli Həsənov məsələni həll etmək üçün mümkün addımlar atmalıdır”.

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

1291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv