Məcburi köçkünlərə şad xəbər

“Prezident İlham Əliyev ilə görüşdən sonra onun verdiyi tapşırıqların icrası istiqamətində işlərə başlamışıq”.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, 2020-ci ildə məcburi köçkünlərin mənzillə təmin olunması üçün Prezident İlham Əliyev tərəfindən ayrılmış vəsaitin bir hissəsi Komitəyə verilib: “Prezidentin söylədiyi kimi gələn ilin sonuna qədər 7000-dən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Bunun üçün dövlət başçısı tərəfindən ayrılmış vəsaitin bir qismi Komitəyə verilib. Vəsaitin qalan hissəsi gələn il veriləcək. Beləliklə də Komitə tərəfindən bütün tapşırıqlar yerinə yetirilmiş olacaq”.

R.Rzayev bildirib ki, hazırda Bakı şəhəri Qaradağ rayonunun Ümid qəsəbəsində əlavə üç bina tikilir, Sabunçu rayonunun Ramana qəsəbəsində 1500-dən artıq ailə üçün qəsəbə tikilir: “Binəqədi rayonunun Xocasən qəsəbəsində 800 ailəlik yeni qəsəbə salınacaq. Sumqayıt şəhərində də köçkünlər üçün bir qəsəbə tikilir, digərinin tikintisinə isə gələn ilin əvvəlində başlanılacaq. Bu ilin sonuna qədər 6000-ə qədər ailə köçürüləcək. Hazırda Komitə tərəfindən Bakı və rayonlarda 3700-dən çox ailəlik qəsəbə tikilir. Özəl sektorun da buna çox böyük töhfəsi var”.