Avqustun 7-də Mədəniyyət Nazirliyində müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Sakit Məmmədovla görüş keçirilib.
Yenicag.az xəbər verir ki, nazir Adil Kərimli bu günlərdə 65 yaşı tamam olan sənətkarı təbrik edib, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb. Xalq rəssamına Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.
Qeyd olunub ki, Sakit Məmmədov zəngin yaradıcılığı ilə Azərbaycan rəssamlıq sənətinin inkişafına, dünyada tanınmasına mühüm töhfələr verib, sənətdə özünəməxsus üslubunu, dəst-xəttini yaradıb. Onun beynəlxalq incəsənət festivallarının qalibi olması, müxtəlif ölkələrdə təltiflərə layiq görülməsi, əsərlərinin mötəbər şəxsi kolleksiyalarda, muzey və qalereyalarda saxlanılması eyni zamanda Azərbaycan rəssamlığının nailiyyətidir. Xalq rəssamı sənətin sirlərini gənclərə də həvəslə öyrədir.
Sakit Məmmədov fəaliyyətinə və yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.
Görüşdə milli rəssamlıq sənətinin inkişafı və təbliği ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda xatirə şəkli çəkdirilib.