Rusiyanın məşhur xalq artisti İosif Kabzonun dəfn mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən heç kim təmsil olunmayacaq.
Bunu Yenicag.az-a açıqlamasında Nazirliyin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib:
“Nazirlikdən dəfn mərasimində heç kim təmsil olunmayacaq. Lakin Nazir Əbülfəs Qarayevin adından Rusiyanın mədəniyyət nazirinə başsağlığı məktubu göndərilib. Eyni zamanda, müğənninin ailəsinə də başsağlığı verilməsi xahiş olunub”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ildə İosif Davıdoviç Kobzonun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
İosif Kobzon Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə 2007-ci ildə Azərbaycan Respublikasının sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.
Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev əfsanəvi rus müğənnisi İosif Kobzonun ölümünü belə şərh edib:
“Mənə İTAR-TASS-dan zəng edərək İosif Kobzonun ölümünü şərh etməyi xahiş etdilər. O, bizim estradanın əsl əfsanəsi idi. O, həmçinin bizim ölkənin dostu idi.
Mən dəqiq bilirəm ki, ona dəfələrlə Qarabağa getmək təklif olunub. O, ağıllı və uzaqgörən insan idi. Hər şeyi gözəl başa düşürdü. Və heç vaxt düşünülməmiş hərəkətlərə yol vermirdi. Bizə tez-tez gəlirdi. Son onillikdə o, dəhşətli xəstəliklə mübarizə aparırdı. Hər şeyə rəğmən, özünü ələ alırdı. Özünü ələ alır və oxuyurdu. Əsl kişi kimi öldü. Onun ailəsinə və milyonlarla pərəstişkarına başsağlığı verirəm!”
Cəvahir