Mədəniyyət Nazirliyindən Operativ Qərargaha MÜRACİƏT

Mədəniyyət Nazirliyi pandemiya şərtlərinə əməl edilməklə, kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlayıb.

Bu barədə nazirlikdən Yenicag.az-a bildirilib.

“Hazırda davam edən Bakı Caz Festivalının, ötən il online formatda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının böyük məhdudiyyətlərlə olsa da, bu il canlı keçirilməsinə nail olmuşuq. Hazırkı şəraiti nəzərə alaraq, bu fakt özü özündə ölkə rəhbərliyinin məsələyə verdiyi önəmin bir göstəricisidir.

Bu festivallar bizim üçün bir sınaq rolunu oynayır. Belə ki, gedişat uğurlu olarsa, bunu teatr-konsert müəssisələrinin açılmasına yönəlik müsbət addım hesab etmək olar. Doğrudur, teatr-konsert müəssisələrində fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyəti vaksinasiyadan keçmişdir. Ancaq bu işdə təkcə müəssisələrə deyil, vətəndaşlarımızın da üzərinə sosial məsuliyyət düşür.
Vaksinasiya prosesində uğurlu nəticələr əldə edildikdən sonra kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin ənənəvi qaydada bərpa ediləcəyinə ümid edirik.

İnanırıq ki, bu bəla xalqımızın başı üzərindən sovuşacaq və ölkəmizdə həyat tezliklə öz axarına qayıdacaq. Amma hələ ki, bu real təhlükə mövcuddur və dövlətimiz ilk növbədə əhalinin sağlamlığını düşünməyə məcburdur”.

Cəvahir