Oktyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib.
Mədəniyyət Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, nazir Əbülfəs Qarayev tədbir iştirakçılarını 18 Oktyabr – Müstəqillik Günü münasibətilə təbrik edib.
Bildirdi ki, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar müstəqil Azərbaycanın inkişafı naminə öz istedad və bacarıqlarını əsirgəmir, mədəni mirasımızı ölkəmizin hüdudlarından kənarda da layiqincə təbliğ edirlər. Onlar həm də köklü ənənələrə malik olan mədəniyyətimizin gənc nəsillərə ötürülməsində səylə çalışırlar.
Nazir qeyd etdi ki, Azərbaycanın mədəniyyətinin inkişafına töhfə verən insanların əməyi dövlət tərəfindən mütəmadi olaraq qiymətləndirilir: “Məlum olduğu kimi, 2 Avqust – Milli Kino Günü və 18 Sentyabr – Milli Musiqi Günü münasibətilə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bir qrup mədəniyyət və incəsənət xadimi təltif edilib. Bundan əlavə, mədəniyyət sahəsində, dövlət qulluğunda çalışan bir neçə əməkdaşımız da mükafatlandırılıb. Bu gün həmin insanlara mükafatlar təqdim olunacaq”.
Ə.Qarayev Mədəniyyət Nazirliyinin qurumlarında 70 minə qədər insanın çalışdığını, yüz minlərlə şəxsin yaradıcılıqla məşğul olduğunu diqqətə çatdırıb. Söyləyib ki, ildən-ilə artan tədbirlər, həyata keçirilən layihələr, bu sahədə qazanılan nailiyyətlər onu deməyə əsas verir ki, mədəniyyət sahəsində inkişaf sistemli şəkildə davam edir: “Nazirliyin qarşısında duran əsas məsələlərdən biri də Azərbaycanda yaradıcılıq sənayesinin formalaşdırılması, bu sahənin dünya standartları səviyyəsinə qaldırılmasıdır. Bu gün mükafatlandırılanlar arasında bu istiqamətdə çalışan insanlara nümunə ola biləcək əməkdaşlar da var. Əgər bir insan cənab Prezident tərəfindən yüksək ada layiq görülürsə, deməli, o, mədəniyyət sahəsində uğur qazanıb. Mən hər birinizi cənab Prezidentin adından təbrik etmək istəyirəm. Ölkə başçısı tərəfindən təltif edilmək hər kəsə qismət olmur. Siz əməyinizlə, yaradıcılıq və istedadınızla bu adları qazanmısınız. Dövlət başçısının verdiyi bu qiymət sizlərin xalqımıza, cəmiyyətimizə gərəkli insanlar olduğunuzun bir göstəricisidir. Çünki sizin töhfələriniz də cəmiyyətimizin inkişafına xidmət edir. Ona görə də mən bu sahədə uğurlu işlərin daimiliyini arzulayıram”.
Nazir mükafatlandırma mərasiminin Azərbaycan Milli İncəsənət Muzeyində keçirilməsinin təsadüfi olmadığını bildirib: “Bu bina Azərbaycan memarlıq məktəbinin müstəsna nümunələrindəndir. Məlumdur ki, muzeyin binası Prezident İlham Əliyevin sərəncamı ilə təmir edildi. Hazırda bu mədəniyyət ocağında həm yerli, həm də xarici rəssamların əsərləri nümayiş olunur. Mən sizləri də, vətəndaşlarımızı da bu muzeyi ziyarət etməyə, burdakı nadir incəsənət nümunələri ilə tanış olmağa dəvət edirəm”.
Ə.Qarayev çıxışının sonunda mədəniyyət anlayışının sənət adamlarının yaradıcılığı ilə məhdudlaşmadığını, bu məfhumun həm də həyat normasına çevrilən zaman böyük ictimai əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra nazir mükafatları sahiblərinə təqdim edib.
Dövlət başçısının sərəncamları ilə Quliyeva Xalidə Camal qızı, Allahverdiyev Vasif Kərim oğlu, Fərəcov Sərdar Fərəculla oğlu “Xalq artisti” fəxri adına layiq görülüblər. Azay Adil Çərkəz oğlu, Xalıqzadə Fəttah Xalıq oğlu, Rəcəbov Oqtay Məmmədağa oğlu “Əməkdar incəsənət xadimi” fəxri adı, Əliyeva Günay Sabir qızı, Babayev Mobil Rəşid oğlu, Qasımova Ruhəngiz Nağı qızı isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunublar. Bundan əlavə, bir qrup mədəniyyət və incəsənət xadimi “Əməkdar artist”, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar müəllim” fəxri adları, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənmə” medalları ilə mükafatlandırılıb.
Bütün təltif olunanları təbrik edən Ə.Qarayev mədəniyyətimizin inkişafında onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Təltif olunan sənət adamları çıxış edərək onlara təqdim edilən mükafatın böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar. Ölkəmizdə mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə olunub.