Mədət Quliyev “radikal dinçiləri” niyə hədəfə aldı?

1445363953_29309Xəbər verdiyimiz kimi, ötən həftə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakıda radikal dini qurum üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Əməliyyat nəticəsində 42-ə yaxın dini təriqət üzvü həbs edilib.

Maraqlı məqam odur ki, dindarların kütləvi həbsi general-leytenant Mədət Quliyevin milli təhlükəsizlik nazirinin müavini təyin ediləndən bir neçə gün sonraya təsadüf etdi. Hazırda MTN şefinin səlahiyyətlərini icra edən M.Quliyevin vəzifəyə gəldikdən sonra ilk olaraq radikal dindarları həbs etməsi sual yaradır.

Ölkəni bir-birin qatan MTN olayı ərəfəsində radikal dindarların nəzarətə götürülməsində məqsəd nədir?

Politoloq Ərəstun Oruclu AzVision.az-ın bu suallarına cavab tapmağa çalışıb.

Ekspert hesab edir ki, Mədət Quliyev nazirlikdə bir sıra dəyişiklik etməklə yanaşı, radikal dini qruplaşmalara qarşı sərt addımlar atacaq.

“90-ci illərin orta və sonlarında Mədət Quliyevin mütəşəkkil cinayətkarlara qarşı mübarizədə əvəzsiz xidmətləri olub. Bu alqışlanmalıdr. Əminəm ki, ölkədəki estremist, terror qruplaşamaları ilə bağlı Mədət Quliyevin mövqeyi kifayət qədər qəti olacaq. Bizdə olan məlumata görə, Mədət müəllim köhnə peşəkar heyəti özü ilə işləməyə dəvət edib. Əgər bu həqiqətən də belədirsə, biz bunu çox yüksək qiymətləndiririk”.
Ə.Oruclu hesab edir ki, Mədət Quliyev kifayət qədər peşəkar kadrdır.

“Mədət Quliyev peşəkarlığı ilə Milli Təhlükəsizlik Nazirliyində ciddi qayda-qanun yaradacaq. O, öz işinə məlsuliyyətli şəxsdir. Onun dindarları həbsə atması təsadüfi deyil. Onlar real təhlükə olduğu üçün Mədət Quliyev belə bir addım atdı. Sözsüz ki, bu əməliyyatlar davam edəcək. Həmin radikal terrorçu qruplaşmasının üzvləri biləcəklər ki, ölkədə onların fəaliyyət göstərmələri üçün ideal zəmin yoxdur”.

Politoloq daha sonra sensasiya sayıla bilinəcək açıqlama verib. O bildirib ki, MTN-nin bundan öncəki rəhbərliyində olan bəzi şəxslərin İranın müəyyən bisnes çevrələri ilə əlaqaləri olub.

“İranın biznes çevrələri ölkənin kəşfiyyat qurumları ilə əlaqədə olub. Buna görə də əvvəlki MTN rəhbərliyi ölkədə bəzi dini qruplara qarşı göz yumurdu. İndi vəziyyət fərqli olacaq. Mədət Quliyev hesab edirəm ki, bütün təhlükələri aradan qaldıracaq”.

Qeyd edək ki, rəsmi məlumata görə, Yasamal Prokurorluğu, MTN-in Rayon İdarəsi və Polis İdarəsinin əməkdaşları oktyabrın 22-də saat 21 radələrində Yavər Fərzəliyevə məxsus “Farklı Lahmacun” çay evində əməliyyat tədbiri keçiriblər. Nəticədə çay evinin zirzəmisində qanunvericiliklə müəyyən edilməmiş qaydada təşkil olunan dini yığıncaqda iştirak edən, aralarında azyaşlılar da olmaqla 42 nəfər saxlanılıb.

Həmin ünvana baxış zamanı dini nifrət aşılayan və dözümsüzlüyü təbliğ edən müxtəlif məzmunlu kitablar və digər növ ədəbiyyat aşkar edilərək götürülüb.

Qanunsuz yığıncağın təşkilatçıları – Zaqatala rayon sakinləri Kamran Mustafayev, Adil Rəcəbov və Bakı şəhər sakini Zaur Şabanov şübhəli şəxs qismində saxlanılıb və barələrində Cinayət Məcəlləsinin 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını qəsb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Digər iştirakçılar haqqında isə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Yenicag.az