“Media.Az” Ukrayna Ali Radasında Yerevanın qanunsuz fəaliyyətlərinə baxılmasına təşəbbüs göstərib – VACİB
Ermənistan beynəlxalq hüquqa məhəl qoymamaq siyasətini davam etdirir. Bu günlərdə Krımda istirahət edən “xarici turistlərin” 16 faizini Ermənistan vətəndaşlarının təşkil etdiyi məlum olub.
Bunu səyahətçilər üçün fəaliyyət göstərən “Biletix” internet-servisinin məlumatları da sübut edir. Yanvarın 10-da isə Yerevan və Simferopol arasında birbaşa hava xidmətinin açılması barədə dekabrda yayılan xəbərlər öz təsdiqini tapdı.
SSRİ-nin Əməkdar pilotu Oleq Smirnovun sözlərinə görə, “uçuşlar iki ölkə – Rusiya və Ermənistan arasında hökumətlərarası müqavilələr əsasında həyata keçiriləcək” (“Vzqlyad” qəzetindən sitat).
Yerevan-Simferopol marşrutu Krımın anneksiyasından sonra “ilk müntəzəm beynəlxalq uçuş” olacaq. Bu məsələyə artıq Kiyevdə də diqqət yetirilib. Ukrayna Ali Radasının Milli Təhlükəsizlik və Müdafiə Məsələləri üzrə Komitəsinin üzvü İrina Vereşçuk baş verənlər barədə “Media.az”ın müxbirindən öyrəndikdən sonra məsələnin komitənin iclasında müzakirə ediləcəyini bildirib:
– Əlbəttə, bu, normal vəziyyət deyil. Bu vəziyyət elə Krımın anneksiyasının lap əvvəlindən anormaldır. Ermənistanın BMT-də necə səs verdiyini xatırlayırıq. Mən artıq Ermənistanın Ukrayna ərazisi olan Krımın ilhaqını dəstəkləməklə düzgün davranmadığını demişəm və deməyə davam edəcəm.
İndi də Ukraynaya münasibətdə öz siyasətinin davamında, ermənilər xoşagəlməz fəaliyyətlər etməyə davam edir. Lakin bu, Ukrayna üçün qəbuledilməzdir. Çünki bizim Ermənistanla diplomatik, ticarət münasibətlərimiz var.
Bütün bunlara baxmayaraq, Ermənistan vətəndaşları Ukrayna sərhədlərini qanunsuz keçirlər. Onları cinayət məsuliyyətinə cəlb etmək olar. Bizdə qanun pozucularına qarşı üç ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 2018-ci ildə qəbul edilmiş qanun var. Bu qanun, həmçinin, xarici vətəndaşlara da aiddir.
Bu vəziyyət həm Xarici İşlər Nazirliyinin, həm də parlamentin xüsusi diqqətini tələb edir. Əlbəttə, mövcud vəziyyətə görə başqa bir vacib məsələ də var (İranda Ukrayna təyyarəsinin qəzasını nəzərdə tuturam). Lakin daxil olduğum Xarici Siyasət Komitəsində və Milli Təhlükəsizlik və Müdafiə Komitəsində bu məsələyə mütləq baxılacaq.
Yerevandan Simferopola birbaşa uçuşlar Ermənistanın Ukraynaya təcavüzü dəstəklədiyi anlamına gələcək. Ermənistanın Ukraynaya qarşı bu cür xoşagəlməz hərəkətlərə son qoyması üçün bütün qanuni vasitələrdən istifadə edəcəyik.