!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Media ilə bağlı dövlət siyasəti alternativsizdir” - Mətbuat Şurası

!Reklam – Yazi

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Yenicag.az xəbər verir ki, toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Şura 2018-ci ilin ötən 7 ayı ərzində özünün Nizamnamə tələblərinə uyğun olaraq fəaliyyət göstərib. Qurum şikayətlərin araşdırılması, qərar və rəylərin çıxarılması ilə yanaşı ictimai-siyasi mühitdə baş verən proseslərə adekvat reaksiyası ilə seçilib, medianın cəmiyyət həyatına təsirinin müxtəlif aspektlərinə dair tövsiyələr ünvanlayıb. «2018-ci ilin mart ayının 10-da Azərbaycan Jurnalistlərinin VII qurultayı keçirildi. Qurultay Şuranın İdarə Heyətinin tərkibinin genişləndirilməsinə dair qərar çıxardı. Buna müvafiq olaraq ali məclisdə İdarə Heyətinin 23 nəfərdən ibarət yeni tərkibi seçildi. Hesab edirəm ki, ötən müddətdə yeni tərkibdə təmsil olunan həmkarlarımız kifayət qədər məhsuldar fəaliyyət göstərdilər. İstər Mətbuat Şurasının tədbirlərində, keçirdiyi iclaslarda, istərsə də fərdi qaydada fikir və düşüncələrini bölüşməklə vətəndaş cəmiyyəti quruculuğu prosesinə özlərinin layiqli töhfələrini verdilər. Buna görə İdarə Heyətinin üzvlərinə təşəkkürümü bildirirəm», – deyə Ə.Amaşov vurğulayıb.

***

Ə.Amaşov həmçinin Şuranın Gəncədə baş vermiş terror hadisələrinə medianın monolit komanda kimi dövlətçilik maraqları baxımından münasibət göstərməsi istiqamətində də iş apardığını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan mediası terror və iğtişaşlarla müşaiyət edilən Gəncə hadisələrinə kifayət qədər peşəkar mövqedən yanaşdı. Ölkənin aparıcı kütləvi informasiya vasitələri sübut etdilər ki, Azərbaycanda qərarlaşmış siyasi sabitlik, asayiş və əminamanlıq mühitini pozmağa cəhd göstərənlərin qarşısında güclü müqavimət potensialına malik mütəşəkkil birlik var. Bu isə cəmiyyət üçün kifayət qədər mühüm mesajdır. MŞ sədri bu mesajın müəllifləri olan KİV-lərə rəhbərlik etdiyi qurumun adından təşəkkürümü bildirib.

***

Ə.Amaşov Azərbaycan milli mətbuatının 143 illiyinin qeyd edilməsini də ötən müddətin mühüm hadisələrindən biri kimi dəyərləndirib: «Azərbaycan milli mətbuatının yubileylərinin keçirilməsi artıq ənənəyə çevrilib. Yubiley ilinin olmamasına baxmayaraq mətbuatımızın 143 illiyi kifayət qədər aktiv qeyd edildi. Müxtəlif nazirliklər, komitələr, idarə, müəssisə və təşkilatlar bununla əlaqədar geniş toplantılar, müsabiqələr təşkil etdilər. Eyni zamanda biz ayrı-ayrı dövlət qurumlarının Milli Mətbuat Günü KİV redaksiyalarına fərdi təbrik nümunələrini də gördük. Bütün bunlar şübhəsiz, medianın cəmiyyətdəki roluna və mövqeyinə verilən böyük qiymət idi. Hesab edirik ki, mətbuatın missiyasına dəyər verən, onu özünə tərəfdaş seçən hər bir dövlət qurumunun fəaliyyəti təqdir olunmalıdır».

***

MŞ sədri çıxışında müstəqillik illərində Azərbaycan mətbuatının inkişaf dinamikasından da söz açıb, bununla bağlı bəzi müqayisəli məqamlara toxunub. O xatırladıb ki, ötən əsrin 90-cı illərində Azərbaycan ciddi informasiya blokadasında idi. Dünya ictimaiyyəti 20 Yanvar, Xocalı faciəsi, ümumən Qarabağ münaqişəsi ilə bağlı məlumatları əsasən xarici KİV-lərdən əldə edirdi. Bir çox hallarda xarici KİV-lər Azərbaycanın özü üçün də informasiya mənbəyi rolunda çıxış edirdilər. Bu tendensiya onunla bağlı idi ki, mətbuatımız zəif idi. Hazırda isə mediamız təkcə Azərbaycanla deyil, bütövlükdə regionla bağlı etibarlı istinad mənbəyi rolunda çıxış edir. Belə bir nəticənin əldə edilməsi son dərəcə vacibdir və gəldiyimiz nöqtənin, keçdiyimiz yolun məsuliyyəti hər kəs tərəfindən dərk edilməli, qarşıdakı fəaliyyət üçün baza rolunu oynamalı, mövcud problemlərin aradan qaldırılması əzmini stimullaşdırmalıdır.

***

Mediaya dövlət dəstəyinin sistemli şəkil aldığını vurğulayan Ə.Amaşov onu da bildirib ki, bu dəstək KİV-lərin müstəqilliklərinin qorunmasına, onların cəmiyyət və dövlət üçün prioritet sayılan istiqamətlərdəki fəaliyyətinin daha da gücləndirilməsinə yönəlib. «Biz Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin timsalında bunu görürük. 2009-cu ildən mövcud olan Fond «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası» əsasında iş aparmaqdadır. İstər konsepsiyanın qəbulu, istərsə də Fondun həyata keçirdiyi tədbirlər Prezident İlham Əliyevin media ilə bağlı fikir və düşüncələrinin sistemləşdirilmiş, bu gün üçün konseptual əhəmiyyət daşıyan tərkib hissələridir. Ölkə rəhbərliyi hər zaman medianın missiyasına böyük önəm verib, jurnalist əməyini yüksək qiymətləndirib. Dövlət başçısının medianı özünə tərəfdaş kimi təqdim etməsi həm də onun idarəçilik prosesindəki mövqeyinin təsdiqidir», – deyən Ə.Amaşov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında” 2018-ci il 16 iyul tarixli Sərəncamı üzərində dayanıb. O, Sərəncam əsasında ayrılmış 1 milyon manatın gündəlik qəzetlər arasında bölündüyünü diqqətə çatdırıb: «Bəzən belə fikirlər səslənir ki, mediaya dövlət dəstəyi göstərilməməlidir. Ümumən müxtəlif vaxtlarda bununla bağlı baxışlar olub. Əlbəttə, biz də hesab edirik ki, media orqanı özünü maliyyələşdirmə imkanına malik olmalıdır. Unudulmamalıdır ki, dövlət dəstəyi məhz bu cür KİV-lərin formalaşmasını rəhbər tutur. Həm də nəzərə alınmalıdır ki, dövlət üçün güclü, təminatlı medianın varlığı şərtdir. Yəni məsələdə qeyd etdiyim kimi, bir növ, dövlət-media tərəfdaşlığı var. Mətbuat Şurası olaraq biz bu tərəfdaşlıqda internet media resurslarının da iştirakını təklif edirik. Çünki internet üzərindən yayımlanan media vasitələrinin cəmiyyətə təsir imkanları artır və onların fəaliyyətinin dövlət maraqları baxımından uzlaşdırılmasının vaxtı çatıb. Hesab edirik ki, tezliklə bu məsələyə diqqət yetiriləcək. Ümumən mediaya dövlət büdcəsindən vəsaitin artırılması ilə internet mediaya zəruri diqqət ayrılacaq. Ancaq qəzetlərin də ayaqda qalması şərtdir. Nəzərə alaq ki, onlar bu gün yaşananların salnaməsini yaradırlar. Hər biri üzərindən illər, əsrlər keçdikdən sonra günümüzlə bağlı tədqiqat mənbələridir. Bilmək olmaz ki, hansısa internet media orqanının materialı 100 il əvvəlki qəzetin mənbə kimi oynadığı rolu oynayacaq, ya yox. Təminat yoxdur. Buna görə də hazırkı durumda qəzetlər qorunmalıdır. Mövcud xüsusda dövlət dəstəyi son dərəcə vacibdir və davamlılığı şərtdir. Mətbuat Şurasının mövqeyi buna əsaslanır».

***

Tədbirdə çıxış edən MŞ İdarə Heyətinin üzvlərindən – Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnforamsiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı, “Azadinform” İA-nın baş redaktoru Niyaz Niftiyev, milli.az saytının rəhbəri Anar İmanov, MŞ sədrinin müavinləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərli Şura sədrinin çıxışında yer alan məqamlarla əlaqədar fikirlərini bölüşüblər. Onlar medianın Gəncə hadisələri, eyni zamanda Mingəçevirdəki enerji qəzası nəticəsində yaranmış durum ilə əlaqədar mövqeyini təqdir ediblər.

Mediaya dövlət dəstəyinin konseptual tərəflərinə toxunan İH üzvləri bildiriblər ki, hazırkı dövrdə bu siyasət heç də yalnız ənənəvi medianın varlığını qoruması mahiyyəti daşımır, bütövlükdə Azərbaycan dövlətinin media ilə əlaqədar baxışlarını özündə birləşdirir. Bu baxışlar isə «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nda kifayət qədər əhatəli əksini tapıb və sənəddə nəzərdə tutulan digər vəzifələrin reallaşdırılmasına nail olmaq media ictimaiyyətinin qarşısında duran mühüm vəzifələrdəndir.

İH üzvləri mediaya dövlət dəstəyinin əhəmiyyətsizliyi ilə bağlı səslənən fikirlərə də münasibətlərini açıqlayıblar. Onlar bildiriblər ki, bu fikirləri dövriyyəyə gətirənlərin müəyyən qismi vaxtilə məsələnin əksini iddia edən, prosesi dəstəkləyən şəxslərdir. Belələrinin müəyyən qrup maraqları naminə gedilən yola kölgə salmaq, ümumən Azərbaycanda aparılan media siyasətinə təftişçilik nöqteyi-nəzərdən yanaşmaq, hansısa fərdi narazılıqları geniş etiraz kimi göstərmək cəhdləri yolverilməzdir, səmimilikdən uzaqdır. Azərbaycanda media sahəsində aparılan dövlət siyasətinin alternativsizliyini vurğulayan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bu siyasətin daha zəngin çalarlar əldə etməsi üçün qarşılıqlı əməkdaşlığın, fəaliyyətin daha da gücləndirlməsinin zəruriliyini əsaslandırıblar.

www.yenicag.az

1531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv