Hacıbəy Heydərli: “Əminliklə deyə bilərik ki, Agentliyin fəaliyyəti bundan sonra da mətbuatımızın inkişafına əhəmiyyətli təkan verəcək”.
Seymur Verdizadə: “Ləğv edilmiş KİVDF-dən fərqli olaraq, indi “seçilmişlər” yoxdur, ədalətli yanaşma nəticəsində böyük bir spektr əhatə olunub”.
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasından 3 il ötür. Yenicag.az bu münasibətlə ölkənin tanınmış media mənsublarının fikirlərini təqdim edir.
MEDİA-nın 3 illik fəaliyyətini Yenicag.az-a dəyərləndirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, Agentliyin qısa müddət ərzində həyata keçirdiyi məqsədyönlü fəaliyyət ölkə mediasına yeni canlanma gətirib:
“Düşünürəm ki, Medianın İnkişafı Agentliyi fəaliyyət göstərdiyi bu üç il ərzində çox böyük işlər görməyə nail olub. Bu çərçivədə xüsusilə, ölkə mətbuatının şəffaflaşması və saflaşması istiqamətində atılan addımları qeyd edə bilərik. Agentliyin yaradıldığı ilk günlərdən etibarən, Azərbaycanda media mühitinin dəyişdirilməsi yönündə çox ciddi fəaliyyət həyata keçirdi.
Bu sırada “Media haqqında” qanunun qəbulu və Media Reyestrinin yaradılması, onlayn media subyektlərinə davamlı maliyyə yardımlarının ayrılması, eyni zamanda, nüfuzlu xarici mütəxəssislərin gənc jurnalistlər üçün təlimlər keçməsi, həmçinin media subyektlərinin rəhbərləri üçün də silsilə təlimlərin təşkili son illərdə durğunluq dövrünü yaşayan Azərbaycan mediasına canlanma gətirdi, yeni həyat verdi.
Fikrimcə, MEDİA-nın həyata keçirdiyi bu kimi layihələr kifayət qədər uğurlu alındı və ölkə cəmiyyəti də haqqında danışılan addımları çox müsbət qarşıladı. Əminliklə deyə bilərik ki, Agentliyin fəaliyyəti bundan sonra da mətbuatımızın inkişafına əhəmiyyətli təkan verəcək”.
Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə Yenicag.az-a açıqlamasında MEDİA-nın öz sələfi KİVDF-dən fərqli olaraq, media subyektləri arasında heç bir ayrı-seçkiliyə yol vermədiyini xüsusi vurğulayıb:
“MEDİA üç il əvvəl yeni keyfiyyətlə fəaliyyətə başladığı qısa müddətdə sələfinin jurnalistlərin yaddaşında buraxdığı acı izləri silməyə müvəffəq oldu. Həmkarlarımız nəyi nəzərdə tutduğumu hər halda, bildilər. MEDİA-nın fəaliyyətini qənaətbəxş qiymətləndirirəm. Çünki üç il yeni yaradılan qurumun özünü təsdiqləməsi üçün çox da böyük zaman deyil.
Mənə elə gəlir ki, Agentlik mövcud imkanlar daxilində qarşıya qoyulan vəzifələri maksimum yerinə yetirməyə çalışıb. Saytlar və qəzetlər üçün müsabiqələrin təşkil olunması, konkret maliyyə yardımının göstərilməsi, üstəlik, bu zaman obyektivliyi maksimum təmin etmək alqışlanmalıdır. Agentlik media subyektləri arasında fərq qoymur, hamıya eyni gözlə baxır, tərəfsizliyini qoruya bilir.
Ləğv edilmiş KİVDF-dən fərqli olaraq, indi “seçilmişlər” yoxdur, ədalətli yanaşma nəticəsində böyük bir spektr əhatə olunub. Jurnalistlər üçün təlimlərin davamlı ardıcıllıqla keçirilməsi bu sahədə peşəkarlığın artmasına töhfə verir.
Agentliyin fəaliyyətinin ən müsbət cəhətlərindən biri də Media Reyestrinin yaradılmasıdır. Bunun sayəsində mətbu sferadakı xaosu aradan qaldırmaq mümkün olub. Hazırda MEDİA-nın qarşısında ciddi vəzifələr durur. İnanıram ki, MEDİA növbəti illərdə bu vəzifələrin öhdəsindən layiqincə gələcək”.
Nəsimi Ələsgərli