Bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “Media savadlılığı” adlı konfrans keçirilib.
Yenicag.az xəbər verir ki, konfransın əvvəlində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, informasiya axınının sürətləndiyi müasir dövrdə cəmiyyətdə informasiyanın etibarlılığını müəyyənləşdirmək üçün bacarıqların artırılması həm milli media məkanının, həm də ölkə üzrə uzunmüddətli sosial-mədəni inkişafın təşviqi üçün başlıca amillərdən biridir.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev çıxışında dünya əhalisinin böyük hissəsinin media savadlılığı ilə bağlı fundamental bilik və bacarıqlara malik olmadığını, xüsusilə, gənclərin mediada yer alan müxtəlif məlumatların mənfi təsirlərinə məruz qalma riskinin kifayət qədər yüksək olduğunu, bu istiqamətdə ardıcıl tədbirlər görülməsinin vacibliyini önə çəkib.
Daha sonra söz verilən MEDİA-nın “Media dəstək layihələri və strateji planlaşdırma” şöbəsinin müdiri Ləman İsgəndərova “Media Savadlılığı” platformasının – medialiteracy.media.gov.az saytının iştirakçılara təqdim edib.
Təqdimatdan sonra Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) İnsan Resursları və Təhsil İdarəsi Rəhbərliyinin müavini Feyza Gizligider “İzlədiklərinizin izi qalar” mövzusunda məruzə edib.
Konfrans çərçivəsində təşkil olunan “Rəqəmsal dövrdə gənclər və media savadlılığı” mövzusunda ikinci panel sessiyasında MEDİA-nın eksperti Pərvanə İbrahimova, Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqədər və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bölmə rəisi Murad Babayev çıxış edib.
Məsimə Məmmədova
Samir Məcidov