Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün humanitar minatəmizləmə fəaliyyətinə dair təlim keçirilib.
Ağdam rayonunda keçirilən təlimin başlıca məqsədi media nümayəndələrinin mina təhlükəsi ilə mübarizə fəaliyyətinin işıqlandırılması sahəsində ixtisaslaşdırılması, peşəkarlıq səviyyəsinin artırılmasıdır.
Ağdam rayonunun Sarıcalı kəndinə səfər edən təlim iştirakçılarına Agentliyin Əməliyyat rəhbəri Xaliq Zülfüqarov tərəfindən ərazidə icra edilən humanitar minatəmizləmə fəaliyyəti, texniki tədqiqatın nəticəsinə əsasən tətbiq olunan metodologiyalar, sahənin işarələnməsi sistemi barədə ətraflı məlumat verilib.
Təlimin ikinci hissəsi Agentliyin Ağdam mobil bazasında davam etdirilib.
Təlim zamanı salamlama nitqi ilə çıxış edən ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbinə Sərkərova cəmiyyətin mina təhlükəsi ilə bağlı məlumatlandırılmasında medianın aparıcı rolunu, bu sahədə informasiya prioritetləri, media ilə qarşılıqlı fəaliyyətin genişləndirilməsi və təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edib.
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Elşən Ağayev isə müvafiq sahədə ictimai məlumatlılığın artırılması və əhali arasında təbliğatın səmərəli formada aparılmasında medianın xüsusi rol oynadığını qeyd edib.
Agentliyin Göygöl Regional Təlim Mərkəzinin təlimatçısı Rəşad Əliyev tərəfindən humanitar minatəmizləmə təlimlərinin əsasları, minatəmizləmə fəaliyyəti üzrə mövcud kadr potensialının inkişafı və yeni kadrların hazırlanması prosesinin icrası haqda məlumat verilib. Həmçinin mövcud mina təhlükəsi barədə məlumatlılığın artırılması məqsədilə Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimi keçilib.
Sonda keçirilən müzakirələrdə məlumatların dolğun və obyektiv ötürülməsi, mina təhlükəsi ilə mübarizədə dezinformasiya hallarının qarşısının alınmasında maarifləndirmənin əhəmiyyəti vurğulanıb.