Media Reyestri nə vəd edir? – “Bu, mövcud xaotik vəziyyəti ortadan qaldırmağa yardım edəcək”

Yaxın günlərdə Media Reyestrinin fəaliyyətə başlayacağı gözlənilir. Belə ki, ölkə başçısı İlham Əliyevin fərmanına əsasən, Medianın İnkişafı Agentliyi Media Reyestrinin yaradılmasını altı ay müddətində təmin etməli və həmin bazanın Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görməlidir. Məlumata görə, artıq Media Reyestrinin ilkin qaydaları hazırlanıb və müvafiq strukturlarla müzakirələr aparılır.

Media Reyestrinin mətbuatın inkişafına mümkün təsirlərini dəyərləndirən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında bildirib ki, reyestrin fəaliyyəti ölkə mediasında səliqənin yaranması və bu sahədə çalışan KİV nümayəndələrinin sayının bilinməsi baxımından əhəmiyyətli addım olacaq:

“Media Reyestrinin konkret olaraq nə vaxt işə düşəcəyi barədə məlumatlı deyiləm. Hər halda, bu qərar var və yaradılması mexanizmi ilə Medianın İnkişafı Agentliyi məşğuldur. Sadəcə reyestrin fəaliyyətə başlacağı tarixi dəqiq bilmirəm. Media Reyestrinin yaradılmasının tərəfdarıyam. Reyestrə düşmək üçün xüsusi çətin prosedurlar yoxdur. Jurnalistika fəaliyyəti ilə məşğul olanlar və jurnalistikanın nə olduğunu bilənlər asanlıqla reyestrə düşə biləcəklər. Bu, statistik uçotun aparılması kimi bir məsələdir. Bununla yanaşı, Media Reyestrinə düşməyin bir sıra faydaları var. Bu reyestrə düşən KİV nümayəndələri üçün müəyyən güzəştlər tətbiq olunacaq. Bura sosial ipotekadan istifadə, xüsusi problemlərdə akkreditasiya prosesinin asanlaşdırılması və sair amillər daxildir. Qanunvericilikdə göstəriləndən əlavə, Media Reyestrinin faydalı cəhətləri var. Ən azı ölkədə nə qədər informasiya subyektinin olması və jurnalistlərin fəaliyyət göstərməsi barədə məlumat bazası formalaşacaq.

Digər tərəfdən, keyfiyyətli jurnalistikanın çərçivəsi bilinəcək. Media Reyestrinə düşmək üçün tələb olunan şərtlərdən biri ən azı 3 il müddətinə jurnalistika fəaliyyətinin olmasıdır. Həmçinin jurnalist fəaliyyəti çərçivəsində peşə etikasına əməl etməlidir, adı ağır cinayət hadisələrində hallanmamalıdır və sair. Yəni jurnalist Media Reyestrinə düşmək istəyirsə, fəaliyyətini şərtlərə uyğunlaşdırmalıdır. Bu şərtlər medianın peşəkarlaşması deməkdir. Reyestrə düşən şəxslər bu sahənin ağırlığını çəkən insanlar olacaqlar. Bu, ölkə mediasında səliqənin yaranması və bu sahədə çalışan KİV nümayəndələrinin sayının bilinməsi baxımından əhəmiyyətli addımdır. Çünki hazırda kifayət qədər xaotik bir durum yaranıb, ölkə mediası ilə sosial şəbəkələr arasındakı sərhədlər itib. Daha doğrusu, itirilib. Kimin sosial media subyekti və ya peşəkar jurnalist olduğunu ayırd etmək olmur. Çünki istənilən şəxs hansısa sosial şəbəkə platfomasında hesab açmaqla adını jurnalist qoyur və jurnalistlərin imtiyazlarından istifadə edir. Bu, peşəni gözdən salmaqdır. Media Reyestrinin tətbiqindən sonra peşəkar jurnalistlər məlum olacaq”.“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər isə, öz növbəsində, vurğulayıb ki, bu qanun dəyişikliyi media sahəsində müsbətə doğru atılan addımlardan biridir:

“Əvvəllər Ədliyyə Nazirliyində kütləvi informasiya vasitələrinin reyestri mövcud idi. Lakin sonradan KİV haqqında qanunun köhnəliyi və yeni media resursları növlərinin ortaya çıxması ciddi boşluğun yaranmasına səbəb oldu. Belə ki, hazırda media sahəsində favorit olan onlayn media ilə bağlı hansısa qanun qüvvədə deyildi. Media Reyestrinin fəaliyyəti mətbuat sahəsində ciddi bir yeniliyin və nəfəsin yarandığını göstərir. Çünki hansısa saytlar dövlətə vergi ödəsə və işçiləri qanuni şəkildə fəaliyyət göstərsə də, mənşəyi məlum olmayan və bütün bilgiləri gizlədilən saytlar da mövcuddur. Bu da ciddi problemlər yaradır. Bu gün istənilən sayt özünü media qurumu elan edə bilir. Bu baxımdan, Media Reyestrində irəli sürülən şərtlər və media qurumunun rekvizitlərinin tələbi təqdirəlayiqdir. Xüsusən də media qurumundan gündəlik 20 özəl yazının tələb olunması müsbət addımdır. Həmin 20 yazının içərisində açıqlama, köşə yazıları, tərcümələr, məqalələr ola bilər. Əgər bir sayt gündə 20 özəl yazı verə bilmirsə və məhz “copy-paste” ilə məşğul olursa, o sayt niyə fəaliyyət göstərməlidir?! Həmin saytın fəaliyyəti ən yumşaq halda desəm, aqreqator rolunu oynayır. Həmin saytların da əlaqə nömrəsi, ünvanı və digər məlumatları açıq şəkildə olmalıdır. Aqreqator saytları axtarıb tapmaq çətin olmamalıdır.

Ümumilikdə, media sahəsindəki dəyişikliklər və Media Reyestri ilə bağlı tələblər xaotik vəziyyəti ortadan qaldırmağa yardım edəcək. Əlbəttə ki, bu prosedur zamanı da müəyyən problemlər ortaya çıxacaq. Hər zamanın tələbinə uyğun müəyyən fərqli şərtlər və problemlər yarana bilər. Bu problemləri müvafiq qurumlarla müzakirə edərək çözə biləcəyimizə inanıram”.

Gülşən Şərif