“Azərbaycanda “Media Savadlılığı” həftəsinin keçirilməsi dünyadakı mövcud informasiya mühiti fonunda olduqca faydalı və zəruridir”.
Bu fikirləri Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, hazırda dünyada müxtəlif ölkələr, ayrı-ayrı güc mərkəzləri bir-birinə qarşı mübarizədə hərbi, siyasi, iqtisadi mexanizmlərlə yanaşı, həm də informasiya hücumlarından istifadə edirlər. O bildirib ki, bir çox hallarda təşkil olunan saxta informasiya hücumlarının miqyası və təsiri o qədər böyük olur ki, bunu hətta informasiya terroru kimi də qiymətləndirmək olar:
“Saxta informasiya hücumlarının informasiya terroruna çevrilə bilməsində əsas məqamlardan biri bəzi hallarda həm jurnalistlərin, həm də də oxucuların media savadlılığının arzuolunan səviyyədə olmaması ilə əlaqədardır. Dünyada informasiya çirkliliyinin yaşandığı bir şəraitdə oxucular və jurnalistlər onlara daxil olan informasiyanı qəbul etməzdən öncə təhlil edib müxtəlif mənbələrdən dəqiqləşdirib daha sonra onun doğruluğu ilə bağlı qərar qəbul etməlidirlər. Bunun üçün isə elementar da olsa media savadlılığına ehtiyac var”.
F. Şahbazlı eyni zamanda qeyd edib ki, media savadlılığının aşağı olması dünyada son illərdə sürətlə yayılan kibercinayətkarlıq hallarının artmasına da yol açır:
“Müvafiq dövlət qurumlarının dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq insanların sosial şəbəkələr və media haqqında məlumatlarının yetərli olmaması onları cinayətkarların, dələduzların qurbanına çevirir. Bundan başqa informasiya texnologiyalarının inkişafı ilə ortaya çıxan süni intellekt vasitəsilə hazırda istənilən kiçik bir faktı tamamilə dəyişərək cəmiyyətə tam başqa formada təqdim edib bununla bir sıra böyük problemlərə yol açmaq mümkündür. Ona görə də hesab edirəm ki, həm dövlət qurumları, həm ictimai təşkilatlar öz hədəf kütlələrini mütəmadi olaraq media savadlılığı mövzusunda maarifləndirməlidir. Bu informasiya terrorundan qorunmaq üçün vacib elementdir”.