“Media savadlılığı təhsil sisteminə erkən yaşlardan etibarən inteqrasiya olunmalıdır” – BDU-nun dosenti
“Cəmiyyəti media savadlılığı mövzusunda maarifləndirmək üçün ilk növbədə bu anlayışın ictimai səviyyədə düzgün başa düşülməsi və onun əhəmiyyətinin dərindən dərk edilməsi vacibdir. Bu məqamda media savadlılığının nə olduğu, niyə lazım olduğu, cəmiyyətə hansı aspektlərdə təsir etdiyi və fərdlərin sağlam media istehlakı üçün hansı bacarıqlara ehtiyac duyduğu kimi mövzuların geniş kütlələrə davamlı və anlaşılan şəkildə çatdırılması böyük əhəmiyyət kəsb edir”.
Bu barədə Redaktor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dosenti Könül Niftəliyeva media savadlılığı mövzusunda danışarkən bildirdi.
Onun sözlərinə görə, bu fikrin yayılması prosesində ənənəvi media kanalları ilə yanaşı sosial media platformalarından da fəal şəkildə istifadə olunmalıdır:
“Müxtəlif kommunikasiya vasitələri sayəsində media savadlılığı ilə bağlı əsas məlumatlar, nümunələr, analizlər və bələdçi xarakterli məzmunlar cəmiyyətin hər təbəqəsinə çatdırıla bilər. Bununla da insanlar mediaya qarşı passiv mövqe tutmaq əvəzinə, şüurlu istehlakçı, tənqidi izləyici və sorğulayıcı istifadəçilərə çevrilməklə dəstəklənmiş olar.
Eyni zamanda media savadlılığının təhsil sisteminə erkən yaşlardan etibarən inteqrasiya olunması, gələcək nəsillərin əsas media anlayışı və istifadə bacarıqlarını daha inkişaf etmiş şəkildə mənimsəmələrini təmin edəcək. Məktəbəqədər təhsildən başlayaraq ibtidai təhsil, orta təhsil və hətta ali təhsil səviyyəsinə qədər media məzmununu düzgün qiymətləndirmək, dezinformasiyanı müəyyənləşdirmək, etibarlı mənbələri seçmək kimi əsas mövzuların tədris proqramına daxil edilməsi böyük əhəmiyyət kəsb edir. Bununla da cəmiyyət, media ilə qurduğu qarşılıqlı əlaqədə sağlam təməllər üzərində formalaşmış davranış modellərinə sahib olacaq”.
K.Niftəliyeva hesab edir ki, bu istiqamətdə yalnız Bakı kimi böyük şəhərlərlə məhdudlaşmayaraq, Azərbaycanın bütün bölgələrində – kənddən qəsəbəyə, qəsəbədən şəhərə qədər hər bir coğrafi ərazidə maarifləndirmə seminarları, təlimlər, panellər və təhsil proqramları təşkil olunmalıdır. Dosentin fikrincə, beləliklə, media savadlılığı ölkənin sosial-mədəni strukturunda hər səviyyədə özünü göstərən bir şüur elementinə çevrilə bilər:
“Nəhayət, bu mövzunun davamlı və dayanıqlı xarakter alması üçün media savadlılığı ilə bağlı bələdçi kitabların, tədris materiallarının və keyfiyyətli rəqəmsal məzmunların hazırlanması son dərəcə vacibdir. Bu məzmunlar fərdlərə öz maraq dairələrinə və tempinə uyğun olaraq media ilə bağlı biliklərini artırmağa imkan verəcək. Bütün bu addımlar bir araya gəldikdə, cəmiyyətdə tənqidi düşünən, məsuliyyətli, informasiya kirliliyi ilə mübarizə aparmağı bacaran və media qarşısında daha güclü fərdlərin yetişməsi təmin olunacaq”.
BDU-nun müəllimi vurğuladı ki, məlumatın düzgün və ya yanlış olduğunu anlamaq, informasiya dövründə fərdlərin və cəmiyyətlərin üzləşdiyi ən böyük çətinliklərdən biridir. Onun sözlərinə görə, bu çətinlik yalnız məlumat çirkliliyinin artması ilə deyil, eyni zamanda rəqəmsal platformalarda məlumatın istehsal və yayılma proseslərinin nəzarətsiz hala gəlməsi ilə bağlıdır:
“Məlumat artıq yalnız fərdi seçimlərdən deyil, qlobal miqyasda formalaşan alqoritmlər və güc balansları ilə idarə olunur. Bu baxımdan, düzgün məlumata çatmaq bir lüks deyil, həyati bir ehtiyacdır. Yanlış məlumatlara məruz qalan fərdlər yanlış qərarlar verə, ictimai problemlərin dərinləşməsinə səbəb ola və bu prosesdə həm özlərinə, həm də ətraflarına zərər verə bilərlər.
Yanlış məlumatın cəmiyyət üzərindəki təsiri, yalnız fərdi səhvlərdən ibarət deyil, daha geniş miqyaslıdır. Sağlamlıq, ətraf mühit və siyasət kimi mühüm sahələrdə yayılan yanlış məlumatlar həm dövlət siyasətlərinə, həm də fərdlərin gündəlik həyatlarına birbaşa təsir göstərə bilər. Məsələn, iqlim dəyişikliyi ilə bağlı yayılan yanlış məlumatlar dayanıqlılıq məqsədlərini poza və ekoloji fəlakətləri sürətləndirə bilər. Eyni şəkildə, seçki proseslərində yayılan dezinformasiya demokratik quruluşların sarsılmasına səbəb ola bilər. Bununla birlikdə, düzgün məlumatın manipulyasiya edilməsi də fərdlərin məlumatlara olan inamını ciddi şəkildə zədələyir. Xüsusilə texniki və ya mürəkkəb məlumatlar sadə, lakin aldadıcı şərhlərlə təhrif edilə bilər. Bu səbəbdən düzgün məlumata çatmaq qədər, bu məlumatın etibarlılığını qorumaq da vacibdir. Məlumatın manipulyasiyasının qarşısını almaq üçün media qurumlarının etik öhdəliklərini yerinə yetirməsi və fərdlərin media savadlılığı bacarıqlarını inkişaf etdirməsi zəruridir”.
K.Niftəliyevanın sözlərinə görə, məlumatın düzgün və ya yanlış olduğunu ayırd etmək üçün mənbənin təhlili, kontekstin qiymətləndirilməsi, məlumatı paylaşan mənbənin etibarlılığının yoxlanılması, müqayisəli doğrulama, mütəxəssis fikirləri, emosional təsiri nəzərdən keçirmək, zaman və aktuallıq və s. sistematik yanaşma tələb olunur.
“Düzgün və yanlış məlumatı ayırd edə bilən fərdlər, ictimai informasiya ekosistemini gücləndirən aktiv iştirakçılara çevrilir. Bu, yalnız fərdi bir səy deyil, həm də cəmiyyətin hər bir üzvündən məsuliyyət tələb edən bir prosesdir”, – deyə BDU-nun dosenti bildirdi.