!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Media və sosial şəbəkələrdə seçki təşviqatı: MSK ilə Mətbuat Şurası birgə tədbir keçirəcək

!Reklam – Yazi

“MSK sosial şəbəkələrdən istifadə qaydaları haqqında qərar verən qurum deyil”.

Bunu Yenicag.az-a açıqlamasında “11 aprel – növbədənkənar prezident seçkiləri” çərçivəsində media və sosial şəbəkələrdə təşviqat aparılmasının tənzimlənməsi yollarından danışan Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

Öncə 11 aprel seçkilərinə yönəlik imzatoplama kampaniyasının yekunlaşmasına toxunan Rəhimov kampaniyanın bu mərhələsində MSK-ya hər hansı şikayətin daxil olmadığını deyib:

“İmzatoplama kampaniyasında nəyə görə problem olmalı idi ki? Namizədliyini irəli sürmüş şəxslər qanun əsasında imza toplamalıdırlar və toplayıblar. Yəni namizədlərin imza toplamaları zamanı hansısa problemlərlə üzləşmələrinə dair bizə müraciət daxil olmayıb.

Sizə maraqlı bir fakt deyim. Namizədliyini irəli sürmüş Tural Abbaslı mənə zəng edib dedi ki, bəs Gədəbəydə onun üçün imza toplayan dostuna mane olurlar. Soruşdum ki, kim mane olur? Cavab verdi ki, rayon İcra Hakimiyyətində işləyən dayısı.

Turala bildirdim ki, MSK bu sayaq dayı-bacıoğlu mübahisəsinə qarışa bilməz ki…(gülür). Yəni bu məsələ istisna olmaqla, namizədliyini irəli sürənlərdən heç bir şikayət olmadı”.

Rəhimovun sözlərinə görə, 11 aprel seçkilərinə yönəlik maraqlı məqam kimi diqqəti cəlb edən sosial şəbəkələrdə təşviqatın aparılması qaydaları MSK ilə Mətbuat Şurasının martın 15-də keçirəcəyi birgə tədbirdə müzakirə olunacaq:

“MSK ilə Mətbuat Şurası martın 15-də bu məsələyə həsr olunan birgə tədbir keçirəcək. Tədbirdə media orqanlarının, o cümlədən tanınmış bloqerlər və sosial şəbəkələrin fəal istifadəçiləri də iştirak edəcəklər.

Tədbirin təşkilində əsas məqsəd bu məsələ ilə bağlı geniş surətdə məsləhətləşməkdir. Biz MSK olaraq, sosial şəbəkələrdən istifadə qaydaları haqqında qərar verən qurum deyilik.

Sadəcə, KİV və bloqerlərlə birlikdə seçki dövründə qanunvericiliyin tələblərinin pozulmaması üçün birlikdə nə edə biləcəyimizi məsləhətləşə bilərik. Bildiyiniz kimi, indiyə qədər MSK-nın media ilə heç vaxt problemi olmayıb.

Sadəcə, təşviqat kampaniyası başlamadan hansısa namizədin təbliğatının aparılmamasına dair xəbərdarlıq edirdik. Media da bizim bu çağırışlarımıza diqqətlə yanaşırdı.

Nəzərdə tutulan tədbirdə də bu məsələləri müzakirə edəcəyik. Sonda hansı nəticənin əldə olunacağını isə indidən söyləmək mümkün deyil”.

A. Zeynalov

www.yenicag.az

1971
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv