Media və sosial şəbəkələrin “QƏTL ŞOUSU”: “Faciələrdən sensasiya düzəldib populyarlaşmağa…”

“Neqativ faktları yayan şəxslərin əl-qolunu bağlamaq üçün Mətbuat Şurasına qanunla əlavə imkanlar yaradılmalıdır”.

Bu fikirləri Bakıda ötən gün bir ailənin qətlə yetirilməsini əks etdirən görüntülərin media və sosial şəbəkələrdə yayılmasının yolverilməzliyi və belə hallara qarşı sərt tədbirlə görülməsinin zəruriliyi haqda danışan media ekspert Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, belə arzuedilməz vəziyyətin yaraması media anlayışı olmayanların mətbuata doluşmasıdır:

“Bu aktual mövzu daim gündəmdə saxlanılaraq istər Mətbuat Şurasında, istərsə də televiziya efirində dəfələrlə müzakirə olunub, media nümayəndələri ilə müntəzəm maarifləndirmə işləri aparılıb. Lakin özünə jurnalist deyən bəzi adamlar sensasiya dalınca qaçdığı üçün atılan bu addımların nəticəsini görmürük. Belə olduğu halda isə hələ də arzuolunmaz paylaşımlara yol verildiyi müşahidə olunur.

Jurnalist olaraq, sosial şəbəkə istifadəçiləri ilə bağlı tədbir görə bilmərik. Lakin qanun çərçivəsində məsələnin həlli mümkündür. Bunu isə dövlətimiz etməlidir. Dəfələrlə qanun çərçivəsində daha effektiv tədbirlərin görülməsi üçün şərait yaradılmasına yönəlik çağırışlar etmişik. Məsələn, Mətbuat Şurası haqqında qanun qəbul edilib bu quruma xüsusi status verilərsə, onun nəyisə tətbiq etməsinə yol açıla bilər.

Çağırışlarımız eşidilmədiyi üçün bu gün Mətbuat Şurası QHT statusunda qalır və qınamaqdan əlavə addımlar ata bilmir. Neqativ faktları yayan şəxslərin əl-qolunu bağlamaq mümkün olsun deyə Mətbuat Şurasına qanunla əlavə imkanlar yaradılmalıdır. Lakin bunu həll edə biləcək mexanizmlər hələ ki yoxdur.

Media anlayışı olmayanların mətbuata doluşmasının əsas səbəbi məhz budur. Nəticədə isə hər şeydən, hətta insan faciələrindən belə sensasiya düzəldib populyarlaşmağa çalışırlar. Bunun qarşısını kim alacaq? Əlbəttə ki, dövlət. Nə edəcək, necə edəcək? Bunu artıq dövlət fikirləşməlidir”.

Nəsimi Ələsgərli

COP29