!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mediada cinayət xəbərlərinin ön plana çıxarılması cəmiyyətə nə qazandıracaq?

!Reklam – Yazi

1212

 

“Cinayət və şou xəbərləriylə ön plana çıxan media sabah üçün travmatik bir cəmiyyət inşa edir”

Son zamanlar mediada cinayət xəbərlərinin artdığının şahidi oluruq.  Demək olar ki, hər gün zorlama, qətl, qarətlə bağlı informasiyaları oxuyuruq. Bəşər yarandığı gündən cinayət olub. Ancaq cinayət xəbərlərinin bu şəkildə təbliği və məhz kriminal üzərindən oxucu toplama cəmiyyətə nə verəcək? Məsələ ilə bağlı ictimai xadimlərin, media mənsublarının, tanınmışların, o cümlədən sadə vətəndaşın və psixoloq rəyini öyrəndik.

YENİCAG.AZ-ın münasibətini öyrəndiyimiz şəxslərə ünvanladığı suallar:

  • Mediada cinayət xəbərlərinin ön plana çıxarılması cəmiyyətə nə qazandıracaq?
  • Gələcək üçün bunun hansı fəsadları ola bilər?

10628139_10152613432158645_1103302067403671956_nElməddin Behbud, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri:

“Məsələyə “İnformasiya istənilən halda hər şeydən önəmlidir” vurğusuyla yanaşan KİV-lərin sayının artması hazırda bir faktdır və eyni zamanda etiraf etməliyik ki, ağır cinayət halları ilə bağlı hadisələr ictimai xarakter daşıyır.
Ancaq son illərin təcrübəsi sübut edir ki, mediada xüsusi emosiya dolu sərlövhələrlə işıqlandırılan kriminal xəbərlər müəyyən kateqoriya insanlar ( bunların sayı heç də az deyil) üçün psixoloji təhrik roluna da oynayır. Təbii ki, insanlar fərqli mühitlərin məhsulu olduğu üçün müxtəlif düşüncələrə sahibdirlər. Aldığı informasiya insanların beynində fərqli şəkildə assosasiya olunur. Məlumatları gizləmək əlbəttəki qapalı cəmiyyətlərə xas xüsusiyyətdir.

Birmənalı surətdə kriminal xəbərlərin yayımlanmasına qadağa qoyulması ile bağlı vaxtaşırı səslənən çağırışlarla da razı deyiləm. Ancaq çox yaxşı olardı ki, media qurumları cəmiyyətdə artan sıra ilə baş verən kriminal hadisələrin sayının azaldılması üçün konkret analitik yazılarla, maarifləndirici materiallarla çıxış edərdilər. Bu düşünürəm ki, uzun zaman müddətində də olsa öz faydasını göstərəcək vasitədir.

Digər bir məsələ kriminal hadisələrlə bağlı-qətllərin foto və videolarının yayımlanmasıdır. Bu amil cəmiyyətdə aqressiv mühitin inkişafına xidmət edir.

Və bir məsələni də qeyd edim ki, bu problemlər qanunvericiliyin sərt qadağalarından daha çox (çox zəruri olduqda bundan da imtina etməmək lazımdır) peşəkarlıq göstəricilərinin yüksəlməsi ilə həll olunası işlərdir.

Bütün hallarda cəmiyyətimizdə mövcud olan aqresiyanın mənbələrinin və onun aradan qaldırılması yollarının müzakirəsinə ehtiyac var”.

1237135_678433035518095_2140328763_nVüqar Zifəroğlu, Bakı Dövlət Universitetinin müəllimi, fəlsəfə elmlər doktoru: “Medianın əhəmiyyəti və təsiri, dövrümüzdə müzakirəyə ehtiyacı olmayan bir həqiqətdir. Texnologiyanın gündən-günə inkişafı medianı sürətlə böyüyən bir güc halına dönüşməsini təmin etməkdədir. Jurnalistika sahəsində ənənəvi forma və məzmunun dəyişməsi nəticəsində çoxdan formalaşmış texnoloji proseslər yerini daha müasir proseslərə verməkdədir. KİV-in yeni keyfiyyət kəsb etməsi isə, cəmiyyətdə rolunun güclənməsinə gətirib çıxarır. Nə yazıq ki, bu gün deqradasiyasının katalizatoru gündəlik həyatımızı bir anlıq olsun belə onsuz təsəvvür etmədiyimiz media – mətbuat, televiziya, radio və internetdir. İnsanın öz dəyərlərini itirərək, gözünü maddiyyata və ambisiyalarına çevirməsində, onun öz daxili aləmini çirkləndirməsində medianın rolu böyükdür. KİV bu gün bütünlüklə ayrı bir dünyadır və bu dünya öz sosial-psixoloji təsiri mahiyyəti ilə əvəzedilməz və müqayisəyəgəlməz dərəcədə böyük təsir gücünə malikdir. nəinki gündəlik iş rejimimizə, hətta şüurlarımıza və bilavasitə şəxsiyyət kimi inkişafımıza birbaşa təsir etmək gücünə malik KİV düzgünlük, vətənpərvərlik, demokratiya və insan hüquqlarına hörmət etmək əvəzinə, zorakılığı, milli diskriminasiyanı, cəmiyyətin bir çox eybərcərliklərini qabardır və bir növ bu eybəcərliklərin təbliğatçısına çevrilir. O zaman istər cəmiyyətin, istərsə də ayrı-ayrı fərdlərin müsbət yöndə inkişafından danışmağa dəyərmi? Təbii ki, kriminal xəbərlər də daxil olmaqla müxtəlif eybəcərliklərin, əxlaqsızlıqların, ailədaxili münaqişələrin ön plana çıxarılması, cəmiyyətdə psixoloji gərginlik yaradır və bu şüurlara neqativ təsir göstərir. Cəmiyyətdə hər hansı baş verən hadisəni xəbər olaraq təqdim etmək, əslində jurnalistika deyil. Xəbərin ictimai əhəmiyyəti, məzmunu olmalıdır. Hansısa məşhur şou-biznes nümayəndəsinin ailə həyatı ilə bağlı münaqişələr və ya adi insanların ailə daxili problemlərinin bu dərəcədə ictimailəşməsi mənfi haldır. O cümlədən rkriminal hadisələrin bütün informasiya portallarında başlıca xəbər qaynağına çevrilməsi, qəbuledilməzdir. Kütləvi informasiya vasitələrində gedən materiallarda xalqımızın əxlaq normaları gözlənilməli, bayağı xarakter daşımamalıdır. Biz elə bir zamanda yaşayırıq ki, gənclərimizin mənəvi – əxlaqi zəmində yazılmış məqalələrə böyük ehtiyacı var. Bu gün kütləvi informasiya vasitələri gənclərimizin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir. Xüsusilə, gənc, yeniyetmə qızlarımızın ağır, mürəkkəb zaman kəsiyində düzgün tərbiyə olunmasında KİV böyük qüvvəyə malikdir. Lakin təəssüf ki, elə mətbuat nümunələri var ki, ucuz sensasiya xatirinə, çox vaxt isə milli mentalitetimizə uyğun olmayan yazılarla çıxış edir, gəncliyin mənəviyyatına açıq-aşkar böyük zərbələr vurur. Bazar iqtisadiyyatı  dövründə əvəzsiz məfkurə sahəsi olan medianın başlıca məqsədi gəncliyin mənəvi yetkinliyi uğrunda xidmət göstərmək olmalıdır. Təsirli, cəlbedici, məntiqi, reallığa söykənən ibrətli yazılarla mətbuat bu günün problemlərindən söz açmalı, cəmiyyəti maraqlandıran hadisələr barədə tərəfsiz, dəqiq və qərəzsiz informasiya ötürücüsünə çevrilməlidir. Çünki yaradıcılıq üçün ən zəngin mənbə həyatdır, yaşayıb yaradan insanların fəaliyyətidir”.

 

senan_najafovQHTXeber.az saytının baş redaktoru Sənan Nəcəfov: “Cinayət xəbərlərinin yayılmasının ümimiyyətlə mediaya nə verir? Guya bununla oxucu toplayırlar? Krimxəbərlərin mediaya ayaq açdığı 98-99-cu illərdə bəlkə də kağız mətbuat bununla nəsə əldə edirdi, oxucu qazanırdılar, serial xəsətləri yarımçıq qalmış uydurma krim-serialın davamını səbirsizliklə gözləyirdi. Elektron mediayanın bunu hansı səbəbədən etdiyini doğrudan anlamıram. Axı, cəmiyyətdə bu qədər aqressiya olduğu bir zaman kəsimində medianın da ayı xidməti vəziyyəti dözülməz edir.
Bəli, təsdiqləyirəm ki, peşəkar media bütün xəbərlərə açıq olmalıdı. Bütün xəbərləri? Yani jurnalisitin, məsul redaktorun, redaktorun bir daxili səsi yoxdurmu ki, xəbəri ələkdən keçirsin, götür-qoy etsin, fikirləşsin görsün, bir az bədii desək, uçurdacağı quş, saldığı səs-küyə dəyərmi? Sərçəni topla, ağcaqanadı dəyənəklə vurmağı yəqin ki, uşaq bacarar. Media təmsilçisi daxili sistemlərini işə salıb cəmiyyətə lazım olan, ictimaiyyəti narahat edən və bu narahtçılığa son qoymağın yollarını göstərən informasiya haqda düşünsə nə olar? Media ictimai fikiri formalaşdırmır. Səbəblər çoxdur. Bura qeyri-peşəkarlıq, KİV-in fərdi informasiya vasitələrinə uduzması, (sosial şəbəkələr), media bazarının zəif olması da rol oynayır. Yeri gəlmişkən, indki situasiyanın anlaşılmayan məqamları da var. Bir tərəfdən deyilər reklam yoxdur, biznes media ilə əməkdaşlıqda maraqlı deyil, digər tərəfdən İP davası aparırlar. Yaxşı bu İP-ini kimin üçün yığırlar? Reklam yoxdursa, yüksək reytinq qazanmağın mənası nədir? Hədəfi bəlli olmayan reytinq üçün cəmiyyəti informasiya basqısında saxlamağa dəyərmi?
Son olaraq kriminal xəbərlərin mənfi cəhətlərindən birini qeyd edəcəm. Bu da ki, cinayət törətməyin adiləşdirlməsini aşılamaqdır. Bu özü cinayətdən pisdir. Pis əməl keçirici olar –deyirlər. Eynilə həmin situasiyadır. Filankəs 2 günlük kef üçün qonşunun heyvanları oğurladı, getdi Bakıya pulları xərclədi, rayona qayıdan kimi həbs olundu, və yaxud iki dostun kef məclisi sonda qanqaraçılığı ilə bitdi. Bu informasiyalar o qədər çox, davamlı və təsirli verilir ki, zəif düşncəli beyin üçün adiləşir. Psixologiyada bunun elmi izahı var. Mən bir misalla fikrimi tamamlayım. Səs-küyün çox olduğu, toyları götürün. Toyun başlama vaxtlarında səs-küy insanı narahat edir, toya gələn qonaqlar zalda qala bilmirlər, çoxu toyu elə foyedəcə qeyd edir. Amma səbirli olub qala bilənlər üçün 20-30 dəqiqədən sonra vəziyyət adiləşir. Çünki beyin o səs-küyə öyrəşir. O səs-küydə mürgüləyənlər, hətta yatanlar da tapılır. Kriminal xəbərlərin də müntəzəmliyi və getdikcə rəngini tündləşməsi də cəmiyyətə oxşar təsir edir. Əgər krimxəbər əvvəllər narahatlıq, stress yaradırdısa indi adiləşib. Media gündə 40-45 krim-xəbəri yaymasa oxucu özünü narahat hiss edir.”

 

azer_qaramanliAzər Qaramanlı, “Poliqon” İnformasiya Agentliyinin baş redaktoru: ““Son illərdə Azərbaycanda intiharların və məişət tipıi cinayət hadisərinin sayı artır. Bu cinayətlırin mediada davamlı olaraq işıqlandırılmasında nə isə pis bir şey görmürəm. Bu dünya praktikasında da belədi. Yəni hadisə varsa onun mediada işıqlandırılmasını təbii qəbul edirəm. Amma bu məsəlınin başqa bir tərəfi də var. Intiharların və məişət tipli cinayətlərin sayının artmasının sosial və psixoloji səbəblıri araşdırılmalıdı. Istər mətbuat, istər bu səhaədə çalışan QHT-lər, istərsə də dövlət qurumları bu məsələyə diqqət ayırmalıdırıar. Xüsusən intiharların sayının hər gün daha da artması cəmiyyət üçün siqnal olmalıdı. Səbəblər obyektiv araşdırılmalıdı. Yaxşı olardı ki, bu məsələlər mətbuatın iştirakı ilə davamlı olaraq sosioloqlar, psixoloqlar və hüquq mühafizə orqanlarının mütəxəssisləri ilə birlikdə araşdırsın. Faktları ört basdır etməklə hesab etmirəm ki, bu tipli cinayətlərin və intiharların qarşısı alınsın. Səbəb tapılmalı və tədbirlər həyata keçirilməlidi.

Digər tərəfdən cəmiyyətdə olan bir çox neqativ halların medianın üzərinə yüklənməsini də doğru yanaşma hesab etmirəm”.

mehriban_zeynalovaMehriban Zeynalova, “Təmiz Dünya” İctimai Birliyinin sədri:“Mediada cinayət xəbərlərinin verilməsi yaxşı haldır. Çünki bu xəbərlər verilməyəndə bəzi qüvvələr cinayətin gizlədilməsi və ya başqa neqativ amillərlə bunu əsaslandırmağa çalışırlar. Bu baxımdan əksinə mövcud səffaflıq olduqca müsbət hal kimi qiymətləndirilməlidir. Lakin cinayətlə bağlı faktların xoşa gəlməyən və eyni zamanda cəlbedici başlıqlarla verilməsi halını çox pis qiymətləndirirəm. Hesab edirəm ki, bu cür xəbərlər saytlarda və qəzetlərdə üz qabığında qətiyyən verilməməlidir. Məlumat xarakterli olmalı, kiçik detalları diqqətə çatdırılmamalıdır. Çünki baş vermiş cinayətlə bağlı məlumat verilsə də, nəticə ilə bağlı cəza məsələsi o qədər də diqqətə çatdırılmır. Bu isə cəzasızlıq kimi qiymətləndirilir.

Verilən məlumatların şok effektlə verilməsi insanlarin psixikasına olduqca pis təsir göstərir.Bu həm cinayətə meyilliyi artırmaqla yanaşı insanların davranışında mənfi tendensiyaları çoxaldır”.

gunay_ardaGünay Arda, araşdırmaçı jurnalist: “O xəbərlərin çoxu əsassızdır, jurnalist təxəyyülünün məhsuludur. Polis təsdiqləməyən xəbərlər də mediada yayımlanır. Xəbər ən tez xarab olan məhsuldur. Oxunur, yoxa çıxır. İzi qala bilməz. Dağ kəndində arvadını döyən məmməd saytlardakı xəbərlərdən rövnəqlənə bilməz. Xəbərin qeyrətlisi, biqeyrəti olmur. Xəbərə təlqin donu geyindirmək mənasızdır. Ensest və pedofilizm xəbərləri isə yayımlanmamalıdır. Saytların izləyiciləri ancaq yetkinlik yaşa çatmışlar deyil”.

zaur_ibrahimliZaur İbrahimli, “Yeni Media Jurnalistləri” İB-nin İdarə Heyətinin üzvü: “Mediada cinayət, kriminal xəbərlərin  ön plana çıxarılması  ümumilikdə mass-medianın böhranından xəbər verir. Kriminal xəbərləri manşetlərə daşımaqla  oxucu toplamaq, reytinq qazanmaq  səyləri onu göstərir ki, yaradıcı potensial tükənib, yaxud kreativ ideyalar yoxdur, ya da tənbəllik hər şeyi üstələyib. Mən hesab edirəm ki, hər üç faktor kriminal xəbərlərlə oxucu, izləyici diqqəti cəb etmək  siyasətinin proritet kimi seçilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan mass-mediası artıq 3-4 ildir ki, sanki yerində dövrə vurur. Düşünürəm ki,  artıq yüksək peşə standartları, etik prinsiplərə riayət olunmasının zamanı çoxdan çatıb. Amma bu istiqamətdə ciddi irəliləyiş müşahidə olunmur. Bu yolda irəliləmək üçün Azərbaycan mass-mediasının potensialı kifayət qədərdir, təki yaradıcı, kreativ yanaşmalar üçün zəhmət çəkməyə qərara versinlər və müsbət nümunələr ortaya qoyulsun.

Digər tərəfdən reytinq qovğasında sosial və mənəvi  məsuliyyət tez unudulur. Şübhəsiz ki, formal baxımdan kriminal xəbərlərin ön plana çıxarılmasını qadağan etmək olmaz. Amma bütün məsələlər yalnız  normativ-hüquqi aktlarla tənzimlənmir ki? Media, mediada çalışanlar ilk növbədə bu məsələlər haqqında düşünməlidirlər. Onda niyə mənəvi  prinsipləri unudan  həkimlərdən, müəllimlərdən və s. şikayət edirik? Media, media mənsubları unutmamalıdırlar ki, insanlar onları əhatə edən informasiya mühitindəki əsas oriyentirlərə uyğun davranış sərgiləyirlər. Bu gün hansı cəmiyyət  tərbiyə ediriksə   sabah da o cür dəyərlərin hakim olduğu cəmiyyətdə yaşamağa, işləməyə məhkumuq. Bu gün kriminalı təbliğ ediriksə, sabah da elə kriminal mədəniiyətin üstün olduğu cəmiyyətdə yaşayacağıq.  Yaradıcı və kreativ olmaq lazımdır cənablar, bacarmayanda isə getmək ən yaxşı çıxış yoludur”!

kebuterKəbutər Haqverdi, araşdırmaçı jurnalist: “Bu xeberlerin ön plana çıxması en yaxşı halda manyakal tefekküre malik insan cemiyyetinin formalaşmasına xidmet edəcək. Qərbdə bunun nəticələri göz önündədir ve son bir il Azərbaycan cinayət palitrasına nəzər salsaq, bu sahədə böyük “uğurlar” əldə etdiyimizin fərqində olarıq”.

tamilla_qulamiTamilla Qulami, 125-lər Siyasi Klubunun sədr müavini, Azərbaycan Ümid Partiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri: “Hamımız bilirik ki, cəzanın əsas məqsədlərindən biri ondan ibarətdir ki, başqaları bundan dərs alsın, hər hansı bir cinayət törətməkdən çəkinsin. Hər şey təqdimatdan asılıdır.  Hesab edirəm ki, media kriminal xəbərlərin təbliğatına çevrilməməli, xəbərçi funksiyasını yerinə yetirməli və imkan düşdükcə cinayət işini incələyən ekspert rəylərinə xüsusi yer ayırmalıdır. Bir sözlə cəmiyyət üçün cinayət işləri adiləşməməlidir”.

 

xanlar_xocaXanlar Xoca, Yenilik.az saytının baş redaktoru: “Media öz xəbərçilik funksiyasını yerinə yetirməli, xəbəri çatdırmalıdır. lakin təəssüf ki, bəzi media qurumları arasında İP savaşı o qədər güclü gedir ki, bütün mənəviyyatı, ənənələri tapdalayaraq adi zorlama xəbərini ən xırda detallarına qədər bəzəməklə təqdim edirlər. Bu isə hər 10 oxucudan heç olmasa 2-də mənfi iz buraxır və o potensial cinayətkara çevrilir. Bir sayt rəhbəri və hüquqşünas kimi hesab eidrəm ki, ümumi razılığa gəlib mediada kriminal xəbərləri adi xronika kimi verilməli, zorlama, uşaqbazlıq,amansız qətl kimi hadisələrin mediaya yol tapmasına senzura qoyulmalı, ən azı həmin xəbərlər məhdudlaşdırılmalıdır”.

fuad_hilalovFuad Hilalov, “Region+” jurnalının Siyasət şöbəsinin müdiri:

“Cinayət xəbərlərinin ön plana çıxarılması cəmiyyətə yaxşı heç ne verməyəcək və verə də bilməz.  Birincisi, belə halların medyada təkrar təkrar ön plana çıxarılması cəmiyyətdə ilk dövrdə kəskin mənfi hal kimi qarşılansa da, bir müddət sonra belə hadisələrə reaksiyalar bir növ kütləşəcək, yəni artıq övladın valideyni qətli, ailə üzvlərinin bir birini ağlasığmaz üsüllarla öldürməsi və bunlara reaksiya adi hala çevrilə bilər. Bunun gələcəkdə doğura biləcəyi fəsadları təxmin etmək elə də çətin deyil.

İkincisi, indiki dövrdə hamını psixi olaraq möhkəm və sağlam hesab etmək olmaz. Psixikası tam yerində olmayan insanlar üçün bu cür hadisələrin açıq şəkildə yayınlanması sabah onlar üçün nümunə rolunu oynaya bilər. Çünki, insanlarda müəyyən münaqişələrin və fərdlər arasında olan anlaşılmazlıqların məhz bu yollarla həlli variantının da mümkün ola biləcəyi göstərilir.

Və nəhayət onsuz da sosyal problemlərlə dolu olan cəmiyyətimizdə belə halların bir az da qabardılması, kənardan Azərbaycana baxışa da kifayət qədər neqativ təsir edir və ölkə və cəmiyyət haqqında mənfi təsəvvürün yaranmasına gətirib çıxardır. Xüsusilə də nəzərə alsaq ki bədhaqların Azərbaycanı qaralaması üçün belə xəbərlər göydən düşmə fürsətlərdir”.

hacibeyHacıbəy Heydərli, Azxeber.com saytının baş direktoru: “Düşünürəm ki, cinayət xəbərlərinin yayımlanmasında qeyri-adi bir şey yoxdur və jurnalistlər bu tip xəbərləri işıqlandırmalıdırlar. Cəmiyyətdən gizli qalan cinayet daha böyük fəlakətlər gətirə bilər. Bu səbəbdən də bu tip məlumatlar yayınmalıdır ki, gələcəkdəki fəsadların qarşısı alınsın. Cinayət xəbərlərini yaymamaqla cinayətin qarşısını almaq mümkün deyil. Xalqdan, cəmiyyətdən heç nəyi gizlətmək olmaz”.

bezirgan_xalidBəzirgan Xalid, ilahiyyatçı: “Cinayət xəbərlərini çox oxunsun deyə ön plana çıxarmaq doğru deyil. Travmatik bir cəmiyyət inşa edir. İnsanlar cinayəti hər nə qədər mənfi qarşılasa da onunla bağlı xəbərləri alma və yaymağa meyillidirlər. Davamlı bu cür xəbərlərin gündəmdə qalması və ya ön plana çıxarılması cinayətin reklamıdır, insanların şüur altına onun yeridilməsidir.

Hər gün bu cür xəbərlər oxuyan insan sabah kiçik bir məsələdə asanlıqla  cinayət işləyəcək. Cinayətə meyilli bu cür insanlardan formalaşan cəmiyyət də travmatik bir toplum olacaq. Cinayət və şou xəbərləriylə ön plana çıxan media sabah üçün travmatik bir cəmiyyət inşa edir”.

Almaz Ibrahimova, Kəpəz TV-nin əməkdaşı: “ Manqurlaşma siyasətinin bir növüdür.10il əvvəl bu tip görüntülərə izləyici baxıb dəhşətə gəlirdisə, indi bu hal onun üçün adiləşib”.

Tariyel Yaqubov, müəllim: “Çox pisdir. Ümumiyyətlə, mediada reklam və cinayət xəbərlərindən başqa nə gedir ki”?

 Eyni sualları Facebook üzərindən tələbə gənclərə də ünvanladıq. Əksəriyyəti BDU Jurnalistika fakultəsinin tələbələri olan gənclərin məsələyə baxışı ilə aşağıda tanış ola bilərsiniz:

Ulker Eldarqizi, Bakı Slavyan Universiteti,  cəmiyyətə heç nə qazandırmayacaq. Hətta əksinə cəmiyyət öz düşüncəsini itirir bununla. Artıq insanlar nəsə cinayət etmək istəyəndə konkret olaraq nə ilə necə edəcəyini bilir belə xəbərlər sayəsində. İnsanlara süuraltı tesir edir.

Fi Dan, tələbə: “Gələcəyə, eləcə də bu günə heç bir faydası yoxdur”.

 

Elvin Nadir, tələbə :”Mediada verilən başqa şeylər cəmiyyətə nə qazandırırsa o”.

 

Qulaeva Lamie, İqtisad Universiteti: “Uşaqlarımız qorxu içində böyüyürlər və gələcəkdə qorxaq olacaqlar”.

 

Z-ova Günəş, tələbə: “Cəmiyyət təbii ki heç nə qazanmayacaq,ən çox itirən də övladlarımız olacaq”.

 

Psixoloq rəyi

Problemə aydınlıq gətirmək üçün psixoloqun rəyini öyrənmək istədik.Hüquq Dünyası və Hüquqi Təbliğat İctimai Birliyinin psixoloqu Zümrüd Əkbərova suallarımızı cavablandırdı.

– Mediada mənfi xəbərlərin çoxluğu insanların psixologiyasına nəcə təsir göstərir?

– Mediada mənfi xəbərlərin yayılması xüsusilə psixikası zəif olan insanlara daha çox təsir edir, amma, kütlədən də yan keçmir. Xüsusilə də günümüzdə informasiya bolluğu insanların psixi müvazinətliliyini zəiflətdiyi üçün təsirə düşmək daha geniş vüsət alıb. Bu təsir hər gün intihar xəbərləri, cinayət xəbərləri izləyərk, dinləyərək və ya oxuyaraq olduğu üçün insanlara birbaşa təsir edir və insan özü fərqində olmadan bu təsir başqa bir forma alaraq öz həyatına da sirayət edir

– Cinayət halların artmasına təsiri var?

– Təsəvvür edin zəif anında olan, çıxış yolu axtaran və fbdan (ki, hər kəs səhərlər ilk fb səhifəsini yoxlayır), və ya hansısa xəbər saytlarından intiharla, detalları ilə üsulları ilə ilə bağlı xəbərləri gördükcə bir fikir yaranır.Xüsusilə bu halın uşaq və yeniyetmələrə təsiri gələck üçün xüsusi təhlükədir.Düşünürəm ki, var.Bu da bir növ mənfi istiqamətə maariflənmədir.

– İnsanlar arasında psixoloji cəhətdən maarifləndirməni necə aparmaq olar?

İlk növbədə necə deyərlər antireklamı aradan qaldırmaq lazımdır yəni bu tip xəbərlərin tam çılpaqlığı təfərrüatı ilə ictimailəşməsinin qarşısının alınmasına dövlət tərəfindən nəzarət edilməlidir.Daha sonra uşaqların, ümumiyyətlə insanların psixoloji sağlamlıqlarını qorumalarına xidmət və dəstək verəcək proqramlar hazırlanmalı və yayınlanmalıdır.

Hazırladı: Kamran ƏDALƏTOĞLU

 

 

 

 

 

www.yenicag.az

1213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv