Bu gün texnologiyanın sürətlə inkişaf etdiyi dünyamızda informasiyanın da yayılma sürəti xeyli yüksəkdir.
Eyni zamanda, bu, dezinformasiyanın da artmasına zəmin yaradır. Dezinformasiya yalan məlumatların qəsdən yayılmasıdır və cəmiyyətə verə biləcək zərər düşünüləndən daha artıqdır. Yəni qarşısının alınması üçün müvafiq tədbirlər mühüm əhəmiyyət kəsb edir. Lakin bu tədbirlərin həyata keçirilməsi, müxtəlif qüvvələr tərəfindən “söz azadlığının boğulması” kimi qələmə verilir. Azərbaycan demokratiya, insan hüquqlarının təminatı və söz azadlığı baxımından özünü “demokratiyanın beşiyi” adlandıran ölkələrə nümunədir.
Ölkəmiz hər zaman cəmiyyətin sağlam inkişafı, milli və mənəvi dövlət maraqlarının qorunması üçün lazımi addımları atıb. Bunlardan biri də dezinformasiyaya qarşı mübarizədir. Bir çox hallarda müxtəlif qüvvələrin təzyiqi ilə dövlətimizə qarşı aparılan qarayaxma kapmaniyalarına, yalan məlumat yaymaqla cəmiyyətin qorxu altında saxlanmasına təbii olaraq göz yuma bilmərik. Yenə də həmin qüvvələrdir ki, məhz Azərbaycanın bu haqlı mübarizəsinə “söz” qoşurlar. Lakin anlamalıdırlar ki, Azərbaycanda dövlət və xalq birliyi mövcud olduğuna görə heç vaxt istəklərinə nail ola bilməyəcəklər.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında media eksperti Azər Həsrət deyib ki, illərdir sözügedən məsələdə müəyyən təkliflər verilsə də, o qədər də dəstək görməyib.
“Mediada dezinformasiyanın qarşısının alınmasının tək yolu məsuliyyət hissinin aşılanmasıdır. Əgər insanlar yaydıqları informasiyaya görə məsuliyyət daşıdıqlarının fərqinə varsalar, heç vaxt yalan məlumat ayaq açıb, yeriyə bilməz. Söhbət isə burada yalnız jurnalistlərdən yox, ümumi olaraq insanlardan gedir. Ölkəmiz haqqında danışırıqsa, Azərbaycan Respublikasının informasiya yayımında peşəkar, yaxud həvəskar səviyyədə məşğul olan bütün vətəndaşlarının məsuliyyət hissini yüksəltmək lazımdır. İnsanlar yalan, yanıltıcı informasiya yaydıqlarına görə məsuliyyət daşıdıqlarını və qanun qarşısında cavab verməli olduqlarını anlamalıdır. Misal üçün sürücülər bəlli qanunları tapdayaraq, qəza törədərsə, bu hüququndan müəyyən müddətə məhrum edilir. Yaxud həkimlər hansısa ciddi səhvə yol verdikdə həkim fəaliyyəti ilə məşğul olmaları qadağan edilir. Sadalananlar həmin insanların fəaliyyət göstərdiyi sahədə özünü təsdiq etməsi üçün imkanlarının tükənməsi deməkdir”, – deyə o qeyd edib.
O vurğulayıb ki, jurnalistikada da eyni problem mövcuddur. “Uzun illərdir “reket jurnalistikası” məfhumundan əziyyət çəkirik. Tənbehlə məsələnin həlli mümkünsüzdür. Vəsiqə gəzdirərək, jurnalist adı altında məqsədli şəkildə dezinformasiya yayıb cəmiyyəti alt-üst etməyə çalışan xeyli insan var. Media Haqqında Qanuna məqsədli şəkildə jurnalist etikasını pozanlar, xəbərdarlıqdan sonra müvafiq dövlət qurumlarına göndərilməli və jurnalist fəaliyyəti ilə məşğul olmaları qadağan edilməlidir”, – deyə o bildirib.
Tanınmış jurnalist Hacıbəy Heydərli isə mövzu ilə bağlı Yenicag.az-a bildirib ki, dünyanın hər bir yerində ənənəvi və sosial medianın əsas problemlərindən olan dezinformaiya təkmilləşən texnologiya sayəsində daha da inkişaf edir.
“Onunla mübarizə istiqamətində addımlar atılanda isə söz azadlığına təhdid, yaxud azad medianın boğulması kimi qiymətləndirmək istəyənlər üzə çıxır. Lakin birmənalı olaraq anlamaq lazımdır ki, cəmiyyəti təhlükə altına atan dezinformasiyaya qarşı mübarizə heç vaxt söz azadlığına təhdid sayılmır. Jurnalistikanın öz prinsipləri var, hansı ki, yalan xəbər, həqiqəti əks etdirməyən informasiya təqdim edilməməlidir”, – deyə o bildirib.
O qeyd edib ki, ölkəmizi gözü götürməyən qüvvələr bu haldan istifadə edərək ciddi qarayaxma kampaniyaları aparmaqla məşğuldur. “Bu isə nə demokratiyaya, nə də beynəlxalq hüququn prinsiplərinə uyğun deyil. Demokratiya da müəyyən çərçivə daxilində gözəldir. Cəmiyyət olaraq belə yalanlara aldanmamalı, hər görülən xəbərə inanmamalıdır. Dezinformasiyaya qarşı immunitetin formalaşması üçün ilk növbədə maarifləndirmə işləri mütləqdir. Media savadlılığının artırılması istiqamətində görülən işlər, hazırlanan layihələr həqiqətən təqdirəlayiqdir”,- deyə o bildirib.
Nəsimi Ələsgərli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.