“Median əməkhaqqı üzrə orta göstəricinin ictimaiyyətə açıqlanması…” – Professorun ŞƏRHİ

“Bu addım ölkənin iqtisadi göstəricilərinin müəyyən olunması baxımından olduqca önəmlidir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilk dəfə ölkədə median əmək haqqının səviyyəsini açıqlayıb. Məlumata görə, son üç ildə median əməkhaqqı 66% (o cümlədən, dövlət sektoru üzrə 85%, özəl sektor üzrə 36%) artaraq 343 manata çatıb.

İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında median əməkhaqqı ilə bağlı göstəricilərin reallığa uyğunluğunu dəyərləndirib.

Professorun sözlərinə görə, median əməkhaqqı ilə bağlı göstəricilərin ictimaiyyətə açıqlanması təqdirəlayiq addımdır. Bu, sosial-iqtisadi vəziyyətin düzgün analiz etməyə imkan yaradacaq:

“Öncə qeyd edim ki, median əməkhaqqı bütövlükdə ölkədə çalışan və əməkhaqqı alan insanların əməkhaqqı sıralamasındakı orta mövqeyi əks etdirir. Əgər ölkədə 5 milyon nəfər əməkhaqqı alırsa, onların 2,5 milyon nəfəri median əməkhaqqı alan insandan daha az, digər 2,5 milyon nəfər isə daha çox məvacib alır.

Bu şəxslərin sıralamasında sırf orta statistik rəqəm median əməkhaqqının göstəricisi kimi çıxış edir. Əslində, orta əməkhaqqı ilə bağlı problem dünya ölkələrində də mövcuddur. Bu nöqteyi-nəzərdən, Azərbaycanda da belə problem var.

Hesab edirəm ki, problemin həllində median əməkhaqqına keçid müsbət addımdır. Median əməkhaqqının açıqlanması ölkənin iqtisadi göstəricilərinin və sosial-indikativ parametrlərinin müəyyən olunması baxımından, olduqca önəmli məqamdır. Bu cür addımlar ölkənin sosial-iqtisadi sahəsi ilə bağlı real vəziyyəti dəyərləndirməyə də yol açacaq.

Çünki median əməkhaqqı tədqiqatların daha effektiv aparılmasını və qərarların düzgün qəbul olunmasını şərtləndirən amildir. Son zamanlar median əməkhaqqı üzrə ciddi artım müşahidə olunur. Son üç ilə sosial-müdafiə sahəsində kəmiyyət və keyfiyyət baxımından müsbət dəyişikliklər var”.

Gülşən Şərif

COP29