Medianın İnkişafı Agentliyi 4 yaşında: Jurnalistlər MEDİA-nın fəaliyyətini dəyərləndirdilər

Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasının 4-cü ildönümüdür.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılıb.

MEDİA yaradıldığı gündən bu günə qədər bir çox işlər görüb. Bəs Azərbaycanın mətbuat nümayəndələri bu işləri necə dəyərləndirirlər?

“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə Yenicag.az-a açıqlamasında MEDİA-nın fəaliyyətindən danışıb.

Keçən 4 il ərzində MEDİA-nın sahə ilə bağlı bir sıra mühüm layihələr və təşəbbüslər həyata keçirdiyini, milli medianın formalaşmasında mühüm işlər gördüyünü qeyd edən Bəhruz Məmmədzadə: “Agentlik media subyektlərinə maliyyə dəstəyi göstərmək üçün müxtəlif qrant proqramları təşkil etmiş, bu da yeni media layihələrinin yaranmasına və inkişafına öz müsbət təsirini vermişdir. Cəmiyyətin media savadlılığını yüksəltmək üçün müxtəlif maarifləndirici kampaniyalar və layihələr həyata keçirilmişdir. Bu mühüm və məsuliyyətli işdə Medianın İnkişafı Agentliyinin kollektivinə və şəxsən Əhməd İsmayılova dərin minnətdarlığımı və təbriklərimi çatdırıram. Bundan sonrakı dövrdə Azərbaycanda media mühitinin inkişafına yönəlik işlərdə uğurlar arzulayıram”, – deyə bildirib.

Yenicag.az-la fikirlərini bölüşən Moderator.az saytının baş redaktoru Xəyalə Rəis ötən 4 ildə MEDİA-nın böyük nailiyyətlər əldə etdiyini vurğulayıb:

“Yeni yaradılmış MEDİA-nın əsas hədəfi mətbuatın inkişafını dəstəkləmək, media sahəsində peşəkar kadrlar hazırlamaq, bu sahədə yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqini stimullaşdırmaq idi. Demək olar ki, 4 yaşlı MEDİA bu hədəflərinə çatıb.

Geriyə boylananda ötən 4 il ərzində mediamızın inkişafı, müsbət yöndəki dəyişiklikləri görməmək mümkün deyil. İlk növbədə, media sahəsində stabil, normal situasiya formalaşıb desək, yəqin ki, yanılmarıq.

Üstəlik, jurnalistlərin peşəkarlığı xeyli dərəcədə artıb. Artıq media işçiləri dövlətçilik maraqlarına, cəmiyyətin inkişafını prioritet məsələ hesab edir, öz fəaliyyətlərində jurnalistikanın prinsiplərinə daha çox önəm verirlər”.

MEDİA-nın dəstəyi, keçirdiyi müsabiqələrlə onlarla çap və elektron mətbu orqanının iqtisadi dayanıqlılığının təmin edildiyini bildirən Xəyalə Rəis: “Ən əsası, MEDİA son 4 ildə jurnalistlərin dostu olmağı bacarıb. Bu gün Agentliyin təşkil etdiyi seminarlar, treninqlər, turlar və digər tədbirlər jurnalistlərin fikir mübadiləsi etmələri, ünsiyyət qurmaları və innovasiyaları mənimsəmələri üçün ən ideal platformadır.

Agentliyin iş prinsipi də bir qədər yüksək şəkildə təşkil edilib. Belə ki, burada sistem yüksək texnologiyalarla hazırlanıb.

İstər onlayn, istərsə də çap mediası ilə bağlı hər şey reytinqlərlə ölçülür. Dərc etdiyimiz  xəbərlərin sayı, keyfiyyəti, oxucu kütləsi hər birinə xüsusi diqqət yetirilir. MEDİA çox mükkəmməl proqramlarla təchiz olunub. İstənilən xəbərin nə vaxt dərc edildiyi, haradan götürüldüyü yoxlanıla bilir. Bu baxımdan, gözə kül üfürmək erasına son verilib.

Biz də Moderator.az kollektivi adından MEDİA-nı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq”, – deyə sözlərini yekunlaşdırıb.

“Demokrat.az” xəbər portalının rəhbəri Vasif Həsənli Yenicag.az-a açıqlamasında MEDİANIN 4 illik fəaliyyətinə nəzər salıb.

Vasif Həsənli MEDİA-nın yaradılmasını “jurnlaistikanın miladı” adlandırıb:

“Heç kəsə sirr deyil ki, 4-5 il öncəyə qədər mediamızda reallıqla maraqlı qrupların təqdim etdiyi vəziyyət arasında uçurum vardı. Bu uçurumun aradan qaldırılması, onlayn medianın tənzimlənməsi, ölkəmizdə informasiya təhlükəsizliyinin təmin edilməsi, peşəkar fəaliyyətin stimullaşdırılması həyati əhəmiyyət kəsb edirdi. 4 il öncə Medianın İnkişafı Agentliyinin yaradılması peşəkar jurnalistikanın miladı və Azərbaycan mediasının sual altına düşmüş gələcəyinin xilas edilməsinin başlanğıcı oldu. İlk növbədə, mediamızda Əli Həsənovdan qalan eybəcər vəziyyət aradan qaldırıldı. Medianın İnkişafı Agentliyinin ilk və ən mühüm addımı məhz bu istiqamətdə oldu. Yəqin, həmkarlarımız da mənimlə razılaşarlar ki, jurnalistika cameəsi bu eybəcər mənzərəni öz gündəlik fəaliyyətində həmişə hiss edirdi. Dövlətin mediaya dəstəyinin ədalətsiz bölgüsü, “oliqarxlaşmış” sistemin mövcudluğu, ayrı-seçkilik, peşəkarların kənarda saxlanılması və s. mediamızın acı reallığı idi. Cənab prezident tərəfindən Medianın İnkişafı Agentliyi yaradılandan sonra bu sistemi darmadağın oldu və ədalət təmin edildi”.

“Hətta, ilk illərdən MEDİA agentliyi ədalət prinsipini qoruduğuna görə, müxtəlif qarayaxma kampaniyası ilə də üz-üzə qalmışdı. Ancaq agentliyin prinsipial mövqeyi mediamızın xilasında mühüm rol oynadı”, – deyən Vasif Həsənli qeyd edib ki, Medianın İnkişafı Agentliyinin 4 illik fəaliyyətinə nəzər yetirdikdə peşəkarlığın xüsusi prioritet təşkil etdiyi aydın görünür:

“Agentliyin 4 illik fəaliyyətini qiymətləndirəndə ortaya o nəticə çıxır ki, bu gün Azərbaycan mediası həm peşəkarlıq, həm informasiya təhlükəsizliyinin təmin edilməsi, həm də beynəlxalq ictimai rəyə təsir etmək baxımından mühüm inkişaf dövrü keçib. Bu dövrün müddəti cəmi 4 il olsa da, əldə edilən nailiyyətlərin miqyası kifayət qədər böyükdür. Məhz bu nəticələrə görə Medianın İnkişafı Agentliyinin daha uzunömürlü olmasını arzu edirik.

Fürsətdən istifadə edərək, rəhbərlik etdiyim “Demokrat.az” kollektivi adından MEDİA agentliyinin peşəkar komandasını təbrik edirəm, onlara bu çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram”.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də MEDİA-nın 4 illik fəaliyyəti barədə danışıb.

Aqil Ələsgər MEDİA-nın sıfırdan fəaliyyətə başladığını xüsusilə diqqətə çatdırıb:

“Medianın İnkişafı Agentliyi yaradılanda belə bir fikir bildirmişdim ki, hər hansı bir qurumun varisi kimi yaradılan dövlət qurumları işləyən sistemi davam etdirir. Lakin Medianın İnkişafı Agentliyi Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan güclü zəlzələdən çıxmış böyük mətbuat xarabalığını təhvil aldı. MEDİA sıfırdan fəaliyyətə başladı, buna görə də KİVDF-nin onun sələfi olduğu fikrini qəbul etmirəm. KİVDF kiçik quldur dəstənin özfəaliyyətindən ibarət idi və media mənsublarını kastalara bölmüşdülər, ancaq Vüqar Səfərli və onun yaxın ətrafından ibarət idi.

Medianın İnkişafı Agentliyi isə həm media qurumlarını, həm də jurnalistləri əhatə etməyə çalışır. Bu gün MEDİA-nın tədbirlərində bütün mətbu qurumlar təmsil olunur. Əvvəllər baş redaktorlar, televiziya rəhbərləri ilə hərəkət edirdilərsə, MEDİA-nın fəaliyyəti daha çox jurnalistlərə yönəlikdir. Qəbul olunan “Media haqqında” qanun da, MEDİA-nın keçirdiyi çoxsaylı təlimlər də bunu göstərir. 4 yaşı olmasına baxmayaraq, keçən bu qısa müddət ərzində çox böyük işlər görülüb. Media dinamik sahədir, burada hər zaman müxtəlif dəyişkənlər özünü göstərir. Buna görə də müəyyən məsələlər, problemlər ortaya çıxır. Əsas olan budur ki, MEDİA bu problemlərə göz yummur, onların həll edilməsi, aradan qaldırılması üçün əlindən gələn hər şeyi edir, adını doğruldur”.

“MEDİA sadəcə Azərbaycan mətbuatının peşəkarlaşması üçün layihələr həyata keçirmir, həm də jurnalistlərin, media qurumlarının maddi durumlarının yaxşılaşdırılması üçün də fərqli işlər görür. Media subyektlərinə dəstək layihəsi, fərdi jurnalistlərin yazı müsabiqəsi kimi layihələri xüsusilə vurğulamaq istəyirəm”, – deyə bildirən Aqil Ələsgər fikirlərini belə tamamlayıb:

“Yeni Çağ” Media Qrupu olaraq Azərbyacan mətbuatının rəsmi dayağı rolunu oynayan Medianın İnkişafı Agentliyinin yaradılmasının 4-cü ildönümü münasibətilə agentliyin bütün kollektivini, ümumən Azərbyacan mediasını təbrik edir, birlikdə azad media prinsipini daha yaxşı həyata keçirəcəyimizə inamımı ifadə edirəm”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Yenicag.az-a açıqlamasında Medianın İnkişafı Agentliyinin yarandığı ilk gündən etibarən Azərbaycan mətbuatının yeni mərhələyə qədəm qoymasına, şəffaflaşmasına yardımçı olduğunu vurğulayıb:

“Deyə bilərəm ki, bu 4 il ərzində MEDİA bir çox yeniliklərə imza atdı. Xüsusilə media sahəsini sahmana salmaq üçün yeni layihələr həyata keçirildi. Media Reyestrinin yaradılması, “Media haqqında” qanunun qəbul edilməsi, media subyektlərinə yardımların ayrılması, gənc jurnalistlərin təlimlərə cəlb edilməsi, media savadlılığı həftəsinin keçirilməsi bütövlükdə cəmiyyətin mediaya olan inamının bərpa edilməsində böyük rol oynadı. Buna görə də MEDİA-nın ötən 4 ilini uğurlu hesab etmək olar. Görülən işlər bundan sonrakı mərhələdə Azərbaycan mediasının inkişafına böyük təkan veriləcəyinə şübhə yeri qoymur. Azərbaycan mediası cəmiyyətin güzgüsü rolunu oynamağa davam edəcək”.