Medianın sülhyaratma prosesində iştirakını artırmaq üçün tədbirlər keçiriləcək

Azərbaycan və Ermənistan KİV-lərinin post-münaqişə dövründəki fəaliyyətləri tədqiq ediləcək, onların sülhyaratma prosesinə təsirləri araşdırılacaq, prosesində iştiraklarını stimullaşdırmaq üçün tədbirlər keçiriləcək.

Fəaliyyət  Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu” mövzusunda tədbirlərin təşkili” adlı layihə  çərçivəsində icra ediləcək. Layihənin maliyyə dəstəkçisi   Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, beynəlxalq təşkilatlar münaqişə vəziyyətində olmuş cəmiyyətlər arasında sülhün əldə edilməsində medianın rolunu yüksək qiymətləndirirlər: “ Müharibənin bitməsi, atəşkəs  razılaşdırmasının imzalanması davamlı  sülhün yaranması üçün kifayət etmir. Davamlı sülhün əldə edilməsi üçün münaqişə  tərəfi olmuş cəmiyyətlər sülhə hazırlanmalıdırlar. Bu prosesdə medianın roluna ciddi  önəm verilir”.

Müşfiq Ələsgərli əlavə edib ki, 3  ay müddətində davam edəcək layihə çərçivəsində Azərbaycan və Ermənistan KİV-lərinin monitorinqi aparılacaq: “Ermənistanın rəsmi təmsilçiləri iddia edirlər ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi üçün çalışırlar. Reallıqda isə cəmiyyəti sülhə hazırlamırlar. Ermənistan mediasının fəaliyyətində, vətəndaş cəmiyyəti institutlarının açıqlamalarında sülhə yönəlik  sistemli davranış görünmür. Bu ölkənin mediası öz cəmiyyətlərində qisasçılıq hissinin artırılmasında rol alır. Təəssüf ki, onların bu yöndə neqativ fəaliyyətləri  indiyədək konkret hesabat formasında  əks etdirilməyib, beynəlxalq təşkilatlara təqdim olunmayıb. Biz belə bir hesabatı hazırlayıb bütün ünvanlara göndərəcəyik”.

Layihə çərçivəsində Azərbaycan jurnalistlərinin iştirakı ilə seminar və konfransların keçirilməsi də planlaşdırılıb: “Seminarlara qatılacaq jurnalistlərə sülhyaratma prosesində medianın rolunu ehtiva edən beynəlxalq nəzəriyyələr barədə bilgilər veriləcək; sülh prosesinə töhvə verə bilən məqalələrin hazırlanması yönündə vərdişlər formalaşdırılacaq”

MİTD İB Mətbuat xidməti 

COP29