“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Moldovanın “Şerif” klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Yenicag.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu mərhələdə son oyunumuzdur. Doğma azarkeşlərimizin önündə hər bir futbolçunun ən yaxşısını etməyə çalışacağını düşünürəm. Çox yaxşı müdafiə olunmağı bacaran, hücumlar təşkil edə bilən rəqibə qarşı oynayacağıq. Həddindən artıq soyuqqanlı olaraq, öz oyunumuzu oynamalıyıq.
Komanda uğur qazanırsa, ondan daha artığı gözlənilir. Nəticə verən komandalara rəqiblər daha ciddi hazırlaşırlar. Futbolçular üçün asan deyil. Təzyiq varsa, bu da olacaq. Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük”.