“Məhərrəm Əliyev uzun müddət polis orqanlarında işləsə də…” – Tərlan Eyvazov

“Siyasi sabitlik təmin edildikdə, zəruri dəyişiklikləri daha asanlıqla həyata keçirmək olur”.

Bu fikirləri Yenicag.az-a açıqlamanda ölkə həyata keçirilən son dəyişiklikləri və xüsusilə, hərbi əhəmiyyətli təyinatlara münasibət bildirən Silahlı Qüvvələrin istefada olan zabiti Tərlan Eyvazov deyib.

Onun sözlərinə görə, Azərbaycanda vaxtilə baş verən xaotik proseslər nəticəsində dövlət zəifləyib və ərazi itkilərinə məruz qalıb:

“Sonuncu hakimiyyət dəyişikliyi ərəfəsində yaranan qarışıqlıq üzündən ərazilərimizin iyirmi faizini itirdik, bir milyondan çox vətəndaşımız öz dədə-baba yurdundan didərgin düşdü. Bütün bunları yaşayan xalqı heç də qınamaq düzgün deyil ki, sən niyə dəyişiklik istəmirsən?

O baxımdan, istəsək də, istəməsək də, Azərbaycanın ən böyük qazancı mövcud siyasi sabitlikdir. Siyasi sabitlik təmin edildikdə, zəruri dəyişiklikləri daha asanlıqla həyata keçirmək olur. Son kadr dəyişikliklərinə, Milli Məclisin buraxılmasına və digər məsələlərə də bu kontekstdə baxmaq lazımdır”.

Tərlan Eyvazovun fikrincə, Məhərrəm Əliyevin Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilməsi müsbət qərardır:

“Bəziləri belə hesab edə bilər ki, Məhərrəm Əliyev polis orqanlarında işləyib, bu işi bacarmaz və sair. Ancaq mən bunun əksini düşünürəm. Məhərrəm Əliyev yaxın müddətə qədər də analoji vəzifəni icra edirdi.

Daha sonra isə bəzi səbəblərə görə digər vəzifəyə keçirilmişdi. Müəyyən müddətdən sonra prezident Məhərrəm Əliyevi yenidən öz yerinə qaytardı. Düşünürəm ki, bu, çox uğurlu təyinatdır.

Məhərrəm Əliyevi insan və kadr kimi hamı yaxşı tanıyır. Özü də, qardaşları da polis orqanlarında işləyiblər. Onun böyük qardaşı Allahverdi müəllimi yaxşı tanıyıram. O insanlar hələ müstəqillikdən əvvəlki dövrdə Azərbaycan kəndlərinin qorunmasında fəal iştirak ediblər. Mən bunların şahidiyəm”.

Səxavət Məmməd

COP29