“Hakimlərin sayı az olduğuna görə onların hər birinin üzərinə düşən iş həddindən artıq çoxdur”.
Milli Məclisin ötən gün keçirilən plenar iclasında çıxış edən deputat Vahid Əhmədov hüquq-mühafizə orqanlarında və məhkəmə-hüquq sistemində islahatların aparılmasının vacib olduğunu qeyd edib.
Məhkəmə-hüquq sistemində mövcud olan çatışmazlıqlarla bağlı vəkil Yusif İsmayılov öz fikirlərini Yenicag.az-la bölüşüb. Vəkilin sözlərinə görə, məhkəmə-hüquq sisteminin əsas problemlərindən biri məhkəmə proseslərinin vaxtında keçirilməməsidi:
“Bu, vətəndaşların və hüquq müdafiəçilərinin narazılığına səbəb olur. Belə ki, məhkəmə prosesi bəlli vaxta təyin olunur və tərəflər təyin olunan saatda məhkəmədə olurlar.
Lakin proses qeyd olunan vaxtdan bir neçə saat sonra baş tutur. Nəticədə vaxt itkisi yaşanır. Düzdür, əvvəlki illərdə bu problem daha qabarıq idi, lakin həmin nöqsan hələ də tam aradan qaldırılmayıb.
Məhkəmələrin təyin olunan vaxtda keçirilməsi üçün hakimlərin sayının çoxalması və yeni inzibati binaların tikilməsi də zəruridir. Çünki hakimlərin sayı az olduğuna görə onların hər birinin üzərinə düşən iş həddindən artıq çoxdur. Regionlarda da hakimlərin sayı olduqca azdır. Vaxt qıtlığı yaşayan hakim məhkəmə proseslərini vaxtında icra edə bilmir”.
Yusif İsmayılov hesab edir ki, bu sahədə əsas problemlərdən biri də inzibati zallarla bağlıdır:
“Hər hakimin özünün məhkəmə zalı olmalıdır. Bəzən bir neçə hakim tək zalda məhkəmə prosesini aparmalı olur. Bu, idarəetmə baxımından mənfi təsirlər yaradır. Ümumilikdə məhkəmə-hüquq sistemində idarəetmənin düzgün təşkili üçün islahatların həyata keçirilməsi məqsədəuyğundur”.
Gülşən Şərif