“Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Yenicag.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Təqsirləndirilən Samir Quliyevin anası Məlahət Quliyeva bildirib ki, oğlunun heç bir günahı yoxdur: “Samir oğlumdur. Dəyanət Quliyev isə yaxın qonşumuz olub. Mənim oğlum heç bir cinayət törətməyib. Təqsirləndirilən Dəyanət Quliyev tutulandan xeyli sonra Samirin narahat olduğunu gördüm. Səbəbini ondan soruşduqda dedi ki, bu hadisəni mən törətmişəm. Mənə hadisənin təfərrüatlarını danışdı. Öz növbəmdə onu tənbeh etdim. Bildirdi ki, Dəyanət bu işi törətməyə görə Samirə ev verəcəyini və həmişə maddi sıxıntılarını qarşılayacağını söz verib. Lakin Dəyanət Quliyev bu vədlərin heç birini yerinə yetirmədi”.
Şahid Mirdamət Tanrıverdiyev bildirib ki, Tariyel Əhmədovla çox yaxın münasibətləri olub: “Onunla sonuncu dəfə telefonla danışmışam. Həmişə bağ evinə gələrdi dərdləşərdik. O işindəki ab-hava ilə bağlı narazılıq edirdi. Deyirdi ki, sözümə baxmırlar. Hadisəni mənə mərhumun kürəkəni Babək məlumat verdi. Hadisə yerinə gəlib gördüm ki, bu yıxılmağa oxşamır, çünki üz-gözü qan içində idi “.
Proses fevralın 21-də davam etdiriləcək.