Məhkəmədə ANS ÇM-in vəsatəti təmin edildi

anf

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ANS ÇM radiosunun MTRŞ tərəfindən lisenziyasının ləğvi ilə bağlı çıxardığı qərardan verdiyi şikayət üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS ÇM-in vəkili Raqif Mustafayev vəsatətlə çıxış edərək hakimə etiraz edib.
Vəsatət təmin edilib. Şikayət baxılması üçün hakim Müseyib Bayramovun icraatına verilib.
Qeyd edək ki, MTRŞ-nin iyul ayının 18-də keçirdiyi iclasında Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayınm və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 (bir ) ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq ANS ÇM-ə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Daha sonra ANS ÇM məhkəməyə müraciət edib.

Şirkət ANS ÇM-in lisenziyasının ləğv edilməsi ilə bağlı qərarın ləğv olunmasını və MTRŞ-dan 1 milyon manat tələb edir.