Məhkəmələrdə “koronavirus tətili”: “Məhdudiyyətlərin tətbiqi ilə bağlı göstərişlər verilib”

“Koronavirus təhlükəsi ilə əlaqədar Ədliyyə Nazirliyi və Ali Məhkəmə tərəfindən müəyyən qərarlar qəbul edilib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus təhlükəsi ilə bağlı ölkənin məhkəmə sistemində görülən tədbirlər və məhdudlaşdırıcı qaydaların pozulmasına görə nəzərdə tutulan cəzaları dəyərləndirən vəkil Roman Qaraşov deyib.

Onun sözlərinə görə, hələlik məhkəmə proseslərinin təxirə salınması ilə bağlı rəsmi qərar olmasa da, məhkəmələrdə virus əleyhinə qabaqlayıcı tədbirlər görülür:

“Məlum epidemiyanın yayılması ilə əlaqədar istər Vəkillər Kollegiyası, istərsə də Ədliyyə Nazirliyi və Ali Məhkəmə tərəfindən müəyyən qərarlar qəbul edilib. Belə ki, kütləvi tədbir və görüşlərin keçirilməsinə məhdudiyyətlər tətbiq edilməsi haqda göstərişlər verilib.

Bu günlər ərzində keçirilən məhkəmə iclaslarının vaxtı və ya məhz göstərilən səbəbdən təxirə salınmasına dair faktlara rast gəlinmir. Lakin bəzi məhkəmələrdə inzibati binalara daxil olarkən, qabaqlayıcı tədbirlər (maskanın mütləq taxılması, bədən hərarətinin ölçülməsi, əllərin spirtlənməsi və s.) görülür”.

Ölkədə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərə də toxunan vəkil Roman Qaraşov qeyd edib ki, epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin qaydalarının pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər isə 1500 manatdan 2000 manatadək məbləğdə cərimələnəcəklər:

“Eyni zamanda, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə həbs də tətbiq oluna bilər. Hüquqi şəxslər isə 2 min manatdan 5 min manatadək cərimə ediləcəklər.

Bu, İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulmuş əlavənin tələbidir. Cinayət Məcəlləsinə ediləcək əlavə isə ondan ibarətdir ki, yuxarıda sadalanan əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq”.

Gülşən Şərif