“Mehmanı narahat edən əsas məsələ onun barəsində başlanmış yeni cinayət işidir”.
Bu fikirləri Yenicag.az-ın əməkdaşı ilə qısa söhbətdə həbsxanada olan bloqer Mehman Hüseynovla bu gün görüşən Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.
– Atası bildirib ki, Mehman aclığı dayandırmayıb. Mehmanla görüşünüzdə özü bu barədə nə dedi?
– Atası nə deyib bilmirəm, o, bizə başqa şey dedi və gördüklərimiz də başqa şey oldu.
– Ümumiyyətlə, Mehman özü barəsində nə danışdı?
– Biz orada Mehmanın artıq aclıq eləmədiyini öz imzası ilə təsdiqlədiyi aktla tanış olduq. Mehman dedi ki, o, mədəsinin qıcıqlanmaması üçün sulu yemək, süd, qatıq, kəsmik qəbul edir.
– Mehman öz vəziyyəti haqqında heç nə demədi?
– Mehmanı narahat edən əsas məsələ onun barəsində başlanmış yeni cinayət işidir. O, özünü təqsirsiz hesab edir və açıq dedi ki, onu əsas bu məsələ maraqlandırır, başqa heç nə. Dedi ki, vəziyyətində və ona qarşı rəftarda problem yoxdur.
– Mehman aclığı tam dayandırıb-dayandırmayacağı haqda nəsə dedi?
– Mehman o akta qol çəkib ki, aclığı dayandırıb. Sizə isə onun qəbul etdiyi qidaları sadaladım.
A.Zeynalov