Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Mehman Əhmədli: “Balqabağam ki, kimsə məni döymək istəsin?”- AUDİO+FOTOLAR

Tanınmış meyxanaçı Mehman Əhmədlinin Yeniçag.az-a müsahibəsini təqdim edirik. Söz xiridarı söhbətin sonunda “xeyli razıyam yenicag sağ olsun” deyib, qafiyə də tutdu.

– Son vaxtlar meyxana aləminin səs-küylü gündəmindən bir qədər kənarda qalmısınız. Səbəb nədir?

– Yox, deməzdim ki, kənarda qalmışam. Yenə əvvəlki kimi toylar, məclislər öz yerindədir. Sadəcə olaraq, efirlərdən bir qədər uzağam.

– Çox sərt, qaraqabaq təsir bağışlayırsınız, hətta sual verməyə belə çəkinirəm ki, cavabınız sərt ola bilər…

– Bunu təkcə siz yox, əksər insanlar mənə deyir ki, efirdən çox qaraqabaq və özündənrazı görünürsən, adam sənə yaxınlaşmağa ehtiyat edir. Amma yaxınlaşanda görürlər ki, elə insan deyiləm. Sadəcə, görünüşüm belədir, əslində, deyib-gülmək mənim istirahətimdir.

– Belə görünməyiniz həyatda sizə mane olur?

– Çox mane olur. Kimsə mənə yaxınlaşıb xoş ünsiyyət qurmaq, söz soruşmaq istəyir, amma qorxur ki, yox, buna yaxınlaşsam məni acılayar.

– Meyxana deyənlərə həmişə bir damğa da vurulub ki, onlar içən olur, narkotik qəbul edir və s…

– Əsrlərboyu bu damğa olub. Amma hamıya şamil etmək olmaz. Ola bilər ki, məni tanımayan kimlərsə haqqımda belə düşünsün. O da tanımadığı üçün… Amma tanıyanlar yaxşı bilir ki, mən narkotikdən həmişə uzaq olmuşam. Heç kim də deyə bilməz ki, Mehman narkotikdən istifadə edib.

– Meyxana aləmində çox itkilər oldu…

– Son vaxtlar Molla Məhəmməd, Məşədi Baba, Bayram Kürdəxanlı getdi. Köhnələrdən indi barmaqsayı qədər meyxana deyənlər qalıb. Hansı ki, onlar sənətin əziyyətli vaxtlarında, efirlərə çıxmağa qadağalar olanda meyxana deyirdilər. Onları çox incidirdilər, adlarına “sərxoş”, “narkoman” deyirdilər, “meyxana” deyəndə, tutub aparırdılar. Onlardan biri də mənəm.

– Sizi də zamanında incidiblər?

– 30 ilə yaxındır ki, meyxana deyirəm, az müddət deyil. Mən də o mərhələni keçmişəm. Meyxana deyənlər başıma yığışırdı, tələbələrim vardı. Hətta hansı kafedə, çayxanada otururdum, deyirdilər, bura Mehmanındır. Elə bilirdilər ki, doğrudan da həmin obyekt mənimdir. Orda da nə problem olurdusa, mənim başımda çatlayırdı. Başıma yığışanların hamısı normal insanlar deyildi axı. Deyirdilər, meyxana deyirsən, camaatı avaraçılığa meyilləndirirsən və s. Xəbərdarlıqlar da olunurdu, hətta bir-iki dəfə aparıb, sorğu-suala da çəkdilər. Amma həmin vaxt o hərəkəti edənlər, indi mənə fəxarətlə baxır, balalarının toyuna çağırırlar.

– Amma deyilənə görə, meyxana aləmində olub, narkotikdən, içkidən uzaq durmaq da çətindir. Necə oldu ki, bu çikaba bulaşmadınız?

– Meylim olmadı. Kimin nəyə marağı var, onun dalınca gedir. İnsan var qumar oynamağa maraqlıdır, yaxud da sərxoşluğa; nə qədər çalışsalar da, onu bu çirkabdan qurtara bilmirlər, ta ki başı daşa dəyəndən sonra səhvini anlayır: ya ayılır, ya ayılmır. İnsanın nəfsi hərəni bir cür aldadır. Nəfsim heç vaxt məni narkotikə çəkməyib, amma haçansa içmişəm, sonradan namaz qılanların içinə düşmüşəm, bir günün içində içkini və siqareti atmışam. Əlbəttə, çox əziyyətlər çəkdim, sağlamlığımda problemlər yaşadım. Amma atdım. Məsələ burasındadır ki, vərdişlərdən əl çəkəndən sonra eyni mühitdə qalmaq çox çətindir. Çünki içkili adam içkili adamla rahat danışır. Kimisə başa sala bilmirsən, bu da sənin əsəblərinə toxunur.

– Bilirəm ki, çoxlu sayda tələbələriniz var. Onlara qadağalarınız olurmu?

– Əlbəttə. Narkotik birmənalı şəkildə qadağandır.

– Söyüşlə meyxana demək də “prestiş” sayılır?

– Yox, mən heç vaxt meyxana deyəndə söyüş, təhqir işlətməmişəm. Tələbələrimə də söyüşlə meyxana deməyi icazə vermirəm.

– Mehman Əhmədli digər həmkarlarından nə ilə fərqlənir?

– Məni ustad meyxanaçı kimi tanıyırlar. Çünki tələbə yetişdirirəm. Hətta özüm tanımadığım vaxtlarda belə tələbələrim tanınıb. Onlar toya, məclislərə gedəndə deyirdilər, Mehman adlı ustadın yetirmələridir, amma özümü tanımırdılar.

– Hansı tələbənizlə fəxr edirsiniz?

– Tələbələrimin çoxu məşhurdur: Elşən Xəzər, Aqşin Fateh, Oqtay Kamil, Vasif Əzimov, Fariz, Xəyyam, Mehdi, Cəlil…

– Heç zəhmətinizi itirənlər olubmu?

– Olub. Amma ad çəkmək istəmirəm.

– Onlara halallıq verirsinizmi?

– Baxır dərəcəsinə. Elə hərəkətlər olub ki, qəlbimə dəyib və halal etməmişəm.

– Kinli insansınız?

– Kinli deyiləm. Adam var, səni o qədər əsəbiləşdirir ki, deyirsən harda görsəm tutub öldürəcəm. Amma onun bir addımı, xoş sözü hətta qanla nəticələnə biləcək hadisənin üstündən xətt çəkdirir. Qarşımdakı insanın səhvini başa düşməsi mənə bəs edir. Amma əlbəttə “əcəb etmişəm” deyən adamla kin saxlamışam.

– Qisas aldığınız məqamlar olubmu?

– Mənim də öz mövqeyim, prinsiplərim var. Bu meyxana sənət aləmidir, bu sənətdə düşmənin də olub, ayağının altında quyu qazan da. Quyuya düşdüyün məqam da olur, düşmədiyin də. Əlbəttə, elə məqamlar olur ki, qisas almalısan. Almasan, bu oyunda qala bilməzsən.

– Sözlə döyüşmüsünüz, yoxsa?

– Sözlə də başa salmışam.

– Sözlə “döymək” daha effektlidir, yoxsa fiziki hərəkətlə?

– Baxır qarşındakına. İnsan var ona “sənə ayıb olsun” deyərsən, hansısa səhvini deyərsən, utandığından ölüb yerə girər – döymək onun yanında heç nə olar. Adam da var “ayıb olsun” deyərsən, üzünə hırıldayar. Mənəvi zərbəni anlamayan həmin adamın qulağının dibinə gərək bir dənə çəkəsən, başa düşə ki, fiziki zərbə aldı. Mən sözlə utandırmağı daha üstün tuturam. Qanmazı sözlə başa sal, onsuz da qanmayacaq. Eləsindən sadəcə, uzaqlaşmaq lazımdır.

– Heç toyda davaya düşdüyünüz məqamlar olubmu?

– Mənim başıma gəlməyib. Bu yaxında yazmışdılar ki, guya hansısa toyda məni döymək istəyiblər. Zəng edib dedim ki, ayıbdır, 2008-ci ildə olan hadisəni indi götürüb yazmısan. Özü də düzgün yazmamısan. Fiziki baxımdan xəstə bir adam üstümə gəlib, sözlə bir-birimizə cavab vermişik. Götürüb bunu başqa formada yazıblar. Bəyəm mən balqabaq-filanam, kimsə məni döymək istəsin?

– Söz sərrafı Mehman özünü insan sərrafı sayırmı?

– İnsanları pis tanımıram, amma son zamanlar elə riyakar insanlar peyda olub ki, onları tanımağa bir az zaman lazım gəlir. Onlar sənə ziyan vurandan sonra tanıyırsan.

– Ən çox nəyə çox pul xərcləyirsiniz?

– Əyin-başa, ev-eşiyə. Səyahətləri çox sevirəm.

– İndiyə qədər sizə verilən ən bahalı hədiyyə nə olub?

– Meyxana yarışmalarının birində iş adamlarından biri mənə “Nissan” markalı avtomobil hədiyyə edib.

– Şəxsi biznesiniz varmı?

– Bir-iki dəfə özümə biznes qurmaq istəmişəm, amma alınmayıb. Bu sənət elədir ki, sabah, birisi gün yaddaş zəifləyər, sözün kəsərdən düşər, səs tutula bilər… insan heç nədən sığortalanmayıb. İnsan özünə iş qurmalıdır. Amma görmüşəm ki, meyxanadan başqa heç nə bacarmıram. Şükür, təbim yerindədir.

– Məmur övladlarının xeyir işində də iştirak etmisiz?

– O qədər… Amma ad çəkmək istəmirəm.

– Heç qiymətdə fərq olubmu?

– Heç vaxt bu məmurdur, ona artıq qiymət deyim, belə söhbət olmayıb. Kiminsə ürəyi istəyib şabaş verib, istəməyib verməyib – bu, bağlı boxçadı.

– Heç fikirləşmisiz ki, hansısa qafiyəni tutarıq məmurun xoşuna gəlməz?

– Elə meyxana demirəm, kimsə hesab sorsun ki, bu, nə danışıq idi?! Bu günə qədər mənim elə bir problemim olmayıb.

– Toyda, məclisdə heç həmkarlarınız tərəfindən sözlə qəfil zərbə almısınız?

– Müəyyən vaxtlarda ədəbsizlik yaşanıb. Zəng edib, söhbətə aydınlıq gətirmişəm. Həyasızlığı sevən adam deyiləm. Abır-həya yaxşı şeydir.

– Həmin adamı “razborka”ya çağırmısınız?

– “Razborka”olmayıb. Sadəcə olaraq, müzakirə etmişik. Ya da elə telefonla zəng edib, söhbətə xitam vermişik.

– Ədəbsizliyə qarşı ən sərt reaksiyanız nə ola bilər?

– Sözlə başa salmışam, utanıb, bununla da söhbət bağlanıb.

– Allahdan hansı səhvinizə görə sizi bağışlamasını istəmisiniz?

– Övliya, məsum deyiləm, o qədər səhvim var ki… Məsələn, içki içmişəm, tövbə etmişəm, Allahdan bağışlanmağımı istəmişəm. Həmişə haqqa girməkdən çox qorxmuşam. Həyatdır, ola bilər ki, yaddan çıxar, kiminsə 5 manatı məndə qalar, heç qalmayıb da. Amma ola bilər, həyatdır. Bax, həmişə belə günahlardan ehtiyat etmişəm.

Cəvahir

www.yenicag.az

5917
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM