!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mehmet Perinçək: "ABŞ-ın bütün müharibələrinin arxasında yatan planı Orta Asiyanı ələ keçirməkdir"

!Reklam – Yazi

Ərdoğanın son Moskva səfərini və türk-rus münasibətlərini Yenicag.az-a türk mütəxəssis Mehmet Perinçək şərh edib.

– Ərdoğanın son Moskva səfərini necə dəyərləndirirsiniz? Ortada olan məsələlər bəllidi: Suriya, S-400, iqtisadi layihələr… Hamısı da ABŞ-la münasibətləri korlaya biləcək mövzulardı. Vaşinqtondan hər hansı bir diplomatik həmlə gözlənilirmi?

– Əvvəla, onu qeyd edim ki, Türkiyə okeanın o tayından, Vaşinqton tərəfdən ciddi təhdidlə üz-üzədi. Suriyada ABŞ-ın PKK/PYD terror təşkilatlarını dəstəkləməsi, Böyük Kürdistan layihəsi, Şərqi Aralıq hövzəsində Yunanıstan və Cənubi Kiprlə Türkiyəni hədəf alan hərbi təlimlər keçirməsi və sairə. Bunlar türkiyəni birbaşa təhdid edən addımlardır. Türkiyənin bu təhdidləri balanslaşdırmaq məqsədilə beynəlxalq ittifaq zəncirləri qurmağa ehtiyacı var. Normal olaraq, eyni təhdidlərə məruz qalan ölkələr də ittifaqlar qurmaqdadır. İran və Rusiya bu ölkələrin başında gəlir.

Qeyd edim ki, Türkiyə və ABŞ arasında yaşanan gərginliklər Amerika tərəfindən qaynaqlanır. Yəni, ortada bir problem varsa, səbəbkarı ABŞ-dır, Vaşinqtondur, Ağ Evin yeritdiyi siyasətdir. Türkiyə də təbii olaraq, milli təhlükəsizliyini təmin etmək, iqtisadiyyatını dirçəltmək və ərazi bütövlüyünü qorumaq üçün başqa ölkələrlə sazişlər imzalayır. Bunda qeyri-adi nə var axı? Bundan əlavə, Türkiyə öz milli təhlükəsizliyini möhkəmləndirmək və iqtisadiyyatını gücləndirmək üçün ABŞ-dan icazə almalıdır? ABŞ bir şeyi görməlidir ki, onlar artıq uduzurlar. Aqressivləşdikcə daha da yalnızlaşır. Artıq ABŞ-ın əmr verdiyi və digərlərinin də əməl etdiyi dövr bitib. ABŞ ona sərf etməyən işlərə çomaq soxmağa çalışdıqca, dünyadan daha da təcrid olacaq.

Dünən Misir SU-35 təyyarələrini almaq istədiyi üçün Pompeo onları təhdid etdi. Eyni zamanda Almaniya da “Şimal Axını-2” layihəsində Rusiya ilə birlikdə çalışdığı üçün mütəmadi olaraq Amerikanın hədəfindədir. Pompeo deyir ki, biz Avropa ölkələrini “Şimal Axını-2” layihəsindən vaz keçməyə çağırdıq, amma uğur qazana bilmədik. Artıq ABŞ-ın Avropadakı ən yaxın müttəfiqləri də onun təhdidini hiss etməyə başlayıb. Avropada bir çox ictimai rəy yoxlamaları, anketlər var. Bu sorğularda ən böyük təhdid kimi Amerika görülür. Fransada da, Almaniyada da əhalinin 50 faizi dünyada sülhə əngəl olan qüvvənin ABŞ olduğunu söyləyir. Artıq Avropa liderləri də ABŞ-ın bu aqressiv siyasətindən bezib. Amerika anlamalıdır ki, artıq çoxqütblü dünya qurulur və bu yeni dünyada özünü jandarma kimi apara bilməz. “Sən bunu edəcəksən, sən bunu alacaqsan, sən bunu almayacaqsan” deməyə haqqı yoxdu. Türkiyənin də öz çıxarları çərçivəsində qonşularıyla yaxşı münasibətlər qurmağa və təhlükəsizliyini möhkəmləndirmək üçün addımlar atmağa haqqı var.

– Qərbin illərdir Yaxın Şərqdə müttəfiqi olan Türkiyənin Rusiyaya, Avrasiya Birliyinə doğru yaxınlaşmasını ABŞ-ın rahatlıqla qarşılaması ağlasığmaz bir siyasətdir. Qərbin bu münasibətini “Yaxın Şərqdə özlərinə yeni müttəfiq tapıblar” fikriylə uyğunlaşdırmaq nə dərəcədə məntiqli olar?

– Əvvəla, Amerika Türkiyə Rusiya münasibətlərinin ikişafını heç də dinc şəkildə izləmir. Rusiya-Türkiyə münasibətlərini pozmaq və baltalamaq üçün əlindən gələni edir. Ən önəmli misallardan biri kimi 2015-ci ildə rus təyyarəsinin vurulması hadisəsini göstərmək olar. Bu hadisə bütünlüklə o dönəm ordudakı Fətullahçılar tərəfindən Amerikanın əliylə edilmiş bir hadisə idi. O vaxt uğursuzluğa düçar oldular. Türkiyə ilə Rusiyanın münasibətləri düzəldi.

Növbəti dəfə isə yenə Fətullahçıların əliylə Rusiyanın səfiri Karlova sui-qəsd təşkil etdilər. Bunun da arxasında ABŞ dururdu. Amerika Türkiyəni S-400 mövzusunda da daim təhdid etməyə davam edir. Dolayısıyla Amerika rus-türk münasibətlərinin inkişafını istəmir. Əksinə, iki dövlətin münasibətlərinin gərginləşməsi üçün əlindən gələni edir və müxtəlif təxribatlara əl atır. Amerikanın tarixən əsas siyasi strategiyalarından biri də türk-rus qarşıdurması yaratmaqdır. Rusiya və Türkiyə ittifaq halında hərəkət etdiyi təqdirdə ABŞ-ın bu regionda heç bir istəyi reallaşa bilməz. Buna görə də onlar rus-türk düşmənçiliyinə möhtacdırlar. Lakin uğursuzluğa düçar olublar və bu o deməkdir ki, “Amerika hər istədiyini edəcək” deyə bir şey yoxdur. Amerika da Rusiya və Türkiyə arasındakı dostluq münasibətlərinin inkişafını qəbul etmək məcburiyyətindədir.

ABŞ-ın Yaxın Şərqdə yeni bir müttəfiqi yoxdur. Bir-bir bütün müttəfiqlərini itirməyə davam edir. Əvvəlcə Qətərlə, daha sonra isə, Səudiyyə Ərəbistanıyla problemlər yaşadı. Qaşıqçı cinayətiylə birgə də iki ölkə arasında müxtəlif problemlər baş qaldırdı. Qətər Rusiya ilə münasibətlərini inkişaf etdirir. Səudiyyə Ərəbistanı da Rusiyadan silah almaqda və onlarla yaxşı münasibətlər qurmaqda maraqlıdır. Qısası, ABŞ artıq regionun jandarması deyil və Yaxın Şərqdə də yalnızlaşmaqdadır. İsrail istisna olmaqla ABŞ-la heç kim müttəfiq deyil. İsrail isə ABŞ-a və onun gücünə möhtac olduğu üçün onun yeganə müttəfiqidir. Digərləri isə tərəddüd içindədilər, bir az o tərəfə, bir az bu tərəfə yaxınlaşırlar.

Əgər ABŞ Türkiyə və Yaxın Şərqlə münasibətlərini düzəltmək istəyirsə, Tramp dediyini etməli və Suriyadan çəkilməlidir. Bu regionun işlərinə qarışmamalıdır. İstər tarixi, istərsə də coğrafi baxımdan onlarla bağlılığı olmayan bu ərazilərdən çıxıb getməlidirlər. Türkiyənin ərazi bütövlüyünü təhdid etməkdən vaz keçməlidirlər. Terror qruplaşmalarına olunan dəstəyi dayandırmalıdırlar. Onlara silah verməməlidirlər. PKK və PYD-ni dəstəkləməməlidirlər. Həm region ölkələrinin, həm də Türkiyənin bölgədəki hegemonluğuna hörmət etməlidirlər. Bu sadaladıqlarım olduğu təqdirdə ABŞ-Türkiyə münasibətləri normallaşa bilər. Bu gün bu münasibətlərin korlanmasının yeganə səbəbi ABŞ-ın yürütdüyü düşmənçilik siyasətidir.

– Dünən söhbətləşdiyim təcrübəli rus analitik, Yaxın Şərq mütəxəssisi olan İqor Pankratenko bir xeyli sensasion fikirlər ortaya atdı. Pankratenko Rusiyanın Suriya siyəsətinin “boş-boşuna güc itirmək” olduğunu və yaxın vaxtda Rusiyanın bu regionda İran və Türkiyə ilə mənfəət savaşına girə biləcəyini bildirdi. Siz bu məsələni necə dəyərləndirirsiniz?

– Əvvəla, ABŞ “Ərəb baharı”yla birgə Yaxın Şərqə həmlə etməyə başladı və irəliləyiş də əldə etdi. Liviyada Rusiya susqun qaldı. Əslində bundan dərs aldıqlarını görürük. Liviyadan sonra növbə Suriyaya gəldi və burada səssiz qalmayacağını gördük. Suriyanın Qafqaza və Orta Asiyaya tullanmaq üçün “tramplin” rolu oynadığı açıq-aydındır. Rusiya Liviya üzərindən də təhdid edilmişdi. Suriya üzərindən də təhdid olunur. Rusiyanın buna səssiz qalmayaraq, tədbir almasından təbii heç nə ola bilməz. Böyük Kürdistan planı sadəcə Türkiyəni, İranı, İraqı və Suriyanı hədəf almır. Orada qurulacaq Böyük Kürdistan Orta Asiya və Qafqaza sıçramaq üçün istifadə ediləcək bir vasitədir. Həm Rusiyaya, həm də Çinə qarşı. Yəni Rusiyanın Suriyada olması həm də öz lehinədir. Yaxın Şərqdəki bu “çat” yerində qalmayacaq, Orta Asiyayla Qafqaza qədər irəliləyəcək. Lakin Rusiya Suriyaya ordu yeridərək ABŞ-ın bu cəhdini elə ön cəbhədə dayandırdı.

Astana formatı region üçün önəmli bir ümid işığı oldu. Rusiya Türkiyə və İran kimi ciddi müttəfiqlər qazanmış oldu. Rusiyanın orada olması əsla boşuna deyil. Türkiyə, Rusiya və İranın regiondakı mənfəətləri ortaqdır. Bu mənfəət də Suriyanın ərazi bütövlüyünün qorunmasından, ABŞ-ın müdaxiləsinin dayandırılması, oradakı separatçı terror təşkilatları olan İŞİD, PKK və PYD-nin zərərsizləşdirilməsindən ibarətdir. Burada heç bir mənfəət münaqişəsi ola bilməz. Bəzi xırda detallarda sadəcə siyasətçilərdən qaynaqlanan problemlər ola bilər. Bu isə dediyim kimi, sadəcə xırda detaldır.

Ümumi planda hər üç ölkənin mənfəətləri üst-üstə düşür. Türkiyə, Rusiya və İran bu regionda bir-birinə möhtac və məhkumdur. ABŞ-ın təhdidini aradan qaldırmaq üçün həm iqtisadi, həm milli təhlükəsizlik, həm də hərbi baxımdan ittifaq içində olmalıdırlar. Ehtiyaclar mənfəətləri müəyyən edir və o mənfəətlər də ortaqdır. Bəzi qərbmeyilli yazarlar, qərbə rəğbət bəsləyənlər İran, Türkiyə və Rusiya arasında mənfəət qarşıdurması varmış kimi məsələlər ortaya atırlar. Ancaq bunlar tamamilə yanlışdır.

– İranda iqtisadi böhran böyüyür. Bəzi qida məhsullarının yetərsiz olduğu və qiymətlərinin dayanmadan artmaqda olduğu xəbərləri gəlir. Yaxın zamanda İranın çöküşünü gözləmək nə qədər realdır? Əgər İran çökər və parçalanarsa, regiona təsiri necə olar? Balkanlardakı ssenarinin təkrarlanması nə dərəcədə gözləniləndir?

– Belə bir ehtimal qətiyyən yoxdur. ABŞ-ın ən güclü olduğu dövrlərdə belə Vaşinqton İrana toxuna bilməyib. Hərbi baxımdan istədiyini əldə edə bilmədiyini gördüyü üçün, sanksiyalarla İranı diz çöktürməyə çalışmaqdadır. Lakin İran köklü bir dövlətçilik ənənəsinə sahib, güclü bir dövlətdir və onun Türkiyə və Rusiya kimi böyük müttəfiqləri var. Bu üç ölkə bir-biriləriylə ortaq hərəkət etdikləri müddətcə nə Türkiyə, nə Rusiya, nə də İran bölünməyəcək.

Burada belə bir ehtimaldan söhbət belə gedə bilməz. Kim parçalayacaq, PJAK? PJAK bilirsiniz ki, PKK-nın İran qoludu. Heç bir şansları yoxdur. Onlar Suriyada, Türkiyədə və İranda uduzmağa məhkumdurlar. Azəri türkləri İranı parçalayacaq? Bəzi problemlər ola bilər. Haqq, hüquq problemləri ola bilər, amma, azəri türkləri əsla ABŞ-ın oyununa alət olmaz və bölgəni qan gölünə çevirmək istəyən bu ölkə üçün İrana qarşı çıxmaz. Azərbaycan türkləri belə bir “oyun”un “aktyorlar”ı olmazlar.

İranı bölmək istəyən kiçik bir qrup mövcuddur. Amma onların da elə bir gücü yoxdur. Əgər azərbaycanlılar arasında elə bir düşüncəsi olanlar varsa da, onlara da xəbərdarlıq etmək lazımdır. Gücsüzləşmiş Ermənistandan Qarabağı geri almamış İranı bölmək istəyi ən azından İranı Ermənistan tərəfə yaxınlaşdırmaqdan başqa bir işə yaramaz. Burada ağıllı olan İranın ərazi bütövlüyünə hörmət edərək İranı qazanar və Qarabağı geri alar.

Balkan yarımadasındakı ssenari təkrarlanar? Balkan hadisələri 1990-cı illərdə – SSRİ-nin dağıldığı dünyada tək qütbün, yeganə gücün ABŞ olan vaxtında yaşanmışdı. Artıq dövr o dövr deyil. Çoxqütblü dünya var. Güc balansları 1990-cı illərdəki kimi deyil. Qısası, Balkanlarda yaşanan ssenarinin İranda yaşanması mümkünsüzdür.

– Qazaxıstanda idarəetmə sistemi dəyişir kimi görüntü yaradılır. Putin Orta Asiyadakı hərbi bazalarını genişləndirmək mövzusunda Qırğızıstan prezidenti ilə anlaşma imzaladı. Belə bir müqavilənin Tacikistanla da imzalanacağı gözlənilir. Tacikistan hökuməti Əfqanıstandan gələ biləcək təhlükəyə görə narahatdır. Avrasiyanın türk regionunda Rusiya yeni bir savaşa sürüklənə bilər. Orta Asiyada müharibə olarsa, Türkiyənin əlində hansı “kozer”ləri var və rəsmi Ankara bu “kozer”lərdən kimin lehinə istifadə edər?

– ABŞ-ın əsas hədəfi Mərkəzi Asiyadakı enerji qaynaqlarını ələ keçirmək və bu qaynaqlara gedən yolları nəzarətdə saxlamaqdır. Amerikanın əslində bütün Yaxın Şərq strategiyası Cənubi Amerikadan başlayıb, Yaxın Şərqə qədər davam edən bu düşmənçilik siayəstinin əsas məqsədi Orta Asiyanı ələ keçirməkdir. Orta Asiyada Türkiyənin, Rusiyanın, Çinin və hətta Avropanın da mənfəətləri ortaqdır. Amerikanın Orta Asiyaya hücumlarının qarşısını aldığımız və bu təhlükəni aradan qaldırdığımız zaman ortada heç bir problem qalmayacaq. Burada bəzi məsələlərdən dərs çıxarmaq lazımdır. Türkiyənin 90-cı illərdəki siyasətinin nə qədər yanlış olduğu ortaya çıxıb. Türkiyə 90-cı illərdə Orta Asiyaya Rusiya və Çinə qarşı olmaqla yaxınlaşmaq niyyətində idi. Orada Amerika adına müxtəlif əməliyyatlara da girmişdi. O regionun ölkələrini Rusiya və Çinə qarşı təşviq etmişdi. Və nəticə olaraq da məğlubiyyətə uğramışdı. 1997-ci ildə Fətullahçıların Özbəkistanda Kərimova sui-qəsd cəhdi olub. Nəticə nə oldu? Türkiyə Özbəkistanla ciddi problemlər yaşadı. Yenə Amerika adına Türkiyə Azərbaycanda hərbi çevrilişə cəhd etmişdi. O vaxt Dəmirəl məsələni Heydər Əliyevə xəbər vermiş və bu cəhdin qarşısı alınmışdı. Türkiyə Amerika adına Orta Asiyaya getdiyi vaxt istədiyi qədər türklük üzərindən əlaqə qurmağa çalışsa da, istəyinə nail ola bilməyib. Əgər bir Turan fikri varsa, bir Turan qurulacaqsa, Orta Asiya ölkələri Türkiyə, Rusiya və Çin ilə birgə olacaqdır. Çünki sözügedən ölkələrin Türkiyə, Rusiya və Çinlə tarixi və mədəni əlaqələri var. Bu əlaqələr rəqabət yox, əməkdaşlıq məqsədiylə istifadə edilməlidir. Belə olduqda məsələ hər kəsin lehinə olacaq. Orada ABŞ xaricində müharibədə maraqlı olan dövlət yoxdur.

– Qafqaz regionundakı vəziyyəti necə dəyərləndirirsiniz? Ermənistanın yeni hökumətinin seçdiyi yol hələ də “qaranlıq” yoldu. Qarabağ ətrafında siyasi möhtəkirlik davam edir. Regiondan zaman-zaman müharibə siqnalları da gəlir. Türkiyə-Rusiya münasibətlərinin Qafqaz regionundakı problemlərin həlli istiqamətində nə kimi rolu ola bilər?

– Qarabağ məsələsinə gəldikdə isə görürük ki, Minsk qrupu artıq ömrünü tamamlayıb və bir nəticə verə bilmir. Minsk qrupunda olan qərb dövlətlərinin isə Qarabağ və Cənubi Qafqazla nə tarixi, nə də coğrafi bir bağlılığı yoxdur. İstər mənfəət, istərsə də milli təhlükəsizlik baxımından da narahat olacaqları bir vəziyyət yoxdur. Artıq Qarabağ məsələsinin həllində Astana formatı tətbiq olunmalıdır. Türkiyə, Rusiya və İran üçlüyünün Suriya məsələsində olduğu kimi bu mövzuda da ittifaq etməsi halında məsələ rahatlıqla öz həllini tapacaqdır.

Türk-rus münasibətlərinin inkişafı təbii ki, Azərbaycanın lehinədir. Digər tərəfdən də Azərbaycanla Rusiyanın da münasibətləri inkişaf edir. Türkiyə də Rusiyanı Qarabağ mövzusunda Azərbaycanın tərəfinə çəkə bilər. Bundan əlavə, Paşinyanın qərbyönümlü siyasəti və qərbli kimliyi rəsmi Moskvada narahatlığa səbəb olur. Bunu da nəzərdən qaçırmaq olmaz. Türkiyə, Rusiya, İran və Azərbaycan birlikdə hərəkət etmə imkanına sahibdirlər.

Digər tərəfdən isə bir müharibə baş verəcəyi halda Ermənistan çıxılmaz vəziyyətdə qalacaqdır. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərində Azərbaycan hərbi cəhətdən müharibəyə daha yaxşı hazır olduğunu və üstünlüyün onda olduğunu sübut etdi. Onu da qeyd edim ki, Qarabağ probleminin həll olunmamasında maraqlı olan çox dar bir kütlə var. Onlar da Qarabağ klanı adlandırdığımız qrupdur.

Qarabağın Azərbaycana qaytarılması və Azərbaycan xalqıyla yaxşı münasibətlər Ermənistan xalqının da xeyrinə olacaq. Çünki Qarabağ məsələsinə görə Ermənistan təcrid olunmuş vəziyyətdədir. Azərbaycanla münasibətləri pisdir, Türkiyə ilə ümumiyətlə münasibətləri yoxdur, Gürcüstanla ərazi məsələləri gərginliyini qoruyur və bunların fonunda Ermənistan siyasi və iqtisadi cəhətdən təcrid vəziyyətindədir.

Qarabağ yenidən Azərbaycana qaytarılarsa, Azərbaycan və Türkiyə ilə Ermənistanın münasibətləri düzələcək, ticari və iqtisadi münasibətlər inkişaf edəcəkdir. Qısası, problemin həlli üçün Qarabağ klanını məsələnin xaricinə çıxarmaq lazımdır. Astana formatının Qarabağ məsələsinə tətbiqi ilə, həmçinin Türkiyə, Rusiya və İranın da dəstəyiylə Qarabağın Azərbaycana qaytarılması sözügedən dövlətlərin, hətta, Ermənistanın da xeyrinə olacaqdır.

Söhbətləşdi: Qafqaz Ömərov
Tərcümə: Firuz Asanov

www.yenicag.az

5160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv