Dekabrın 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından hərbi hissənin şəxsi heyətini təbrik etdi, Vətənin müdafiəsi kimi şərəfli və məsuliyyətli xidmətlərində zabit və əsgərlərə uğurlar arzuladı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə inkişaf edərək daha da qüdrətlənir.
Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın möhtəşəm uğurlara nail olduğunu qeyd edən Xidmət rəisi dövlətimiz tərəfindən görülən tədbirlər nəticəsində respublikanın müdafiə qabiliyyətinin, Silahlı Qüvvələrin hərbi-texniki potensialının durmadan möhkəmləndiyini, Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasına yüksəldiyini diqqətə çatdırdı. Mədət Quliyev Prezident İlham Əliyevi bir daha əmin etdi ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Ali Baş Komandanın hər bir əmr və göstərişlərini bundan sonra da yüksək peşəkarlıqla, əzmlə və dərhal yerinə yetirəcək.
Sonra DTX-nin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin və respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə maraqlı konsert proqramı oldu.
Sonda hərbi hissənin xidmətdə fərqlənmiş əsgərləri mükafatlandırıldı. Həmçinin hərbi tədrisdə yüksək nəticələr əldə etmiş əsgərlərin valideynlərinə, o cümlədən əsgər Heydər Əliyevin valideyni birinci xanım Mehriban Əliyevaya təşəkkür məktubu təqdim olundu./Report/