“Mehriban Əliyeva hər zaman açıq islahatlara hazır şəxs kimi tanınır”

Xəbər verdiyimiz kimi dünən Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncam bütövlükdə cəmiyyətdə sevinclə qarşılanıb. Bir çox ekspertlər bu qərarın gözlənilən olduğunu qeyd ediblər.

Məsələyə münasibət bildirən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media eksperti Səbuhi Abbasov Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Birinci vitse-prezidenti təyin edilməsini tarixi hadisə adlandırıb: “Bu sərəncam Azərbaycan tarixində yeni bir səhifənin açılması deməkdir. Mehriban xanımın son bir neçə ildəki fəaliyyətinə baxsaq görərik ki, onun təşəbbüsü ilə reallaşan müxtəlif yönümlü layihələr həm uzunmüddətli olur, həm də cəmiyyətə böyük fayda gətirir. Burada vurğulanası digər maraqlı məqam Mehriban Əliyevanın dünya miqyasında olan yüksək çəkisindən ibarətdir. Birinci xanım dünyada həm çevik siyasətçi, həm güclü iqtisadçı, həm də innovativ yenilikləri uğurla tətbiqini reallaşdıran əsl azərbaycanlı qadını kimi tanınır. Ölkəmizdə həyata keçirilən beynəlxalq idman tədbirlərinin təşkilat komitəsinin sədri kimi isə Birinci xanım tamamilə fərqli bir istiqamətin öhdəsindən ən yüksək səviyyədə gəldi və ölkəmizi dünya miqyasında tanıtdırdı. Xüsusi olaraq sosial sahədə, xüsusən də, fiziki qüsurlu insanlarla iş sahəsində ciddi və uğurlu fəaliyyət bir daha Mehriban xanımın öz vətəninə olan münasibətini göstərmiş oldu. Digər bir məqam ondan ibarətdir ki, Mehriban Əliyeva hər zaman açıq islahatlara hazır şəxs kimi tanınır, daha çox gənclərin önə çəkilməsinə üstünlük verir. Əslində gənclərlə bağlı siyasətdə Mehriban xanım bilavasitə ölkə rəhbərliyinin verdiyi tapşırıq və tövsiyyələrə uyğun fəaliyyət göstərir. Bu mənada hesab edirəm ki, yüksək potensialı olan gənclər üçün bu təyinat həm də bir fürsətdir. Heç kəsə sirr deyil ki, birinci xanım üçün kadr seçimində ən önəmli məqam yüksək intellekt, sağlam düşüncə və qətiyyətdir Əminəm ki, cəmi bir neçə aydan sonra, ən qısa zaman kəsiyində biz Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətinin uğurlu nəticələrinin canlı şahidi olacağıq.”

Yeniçağ.az