Mehriban Əliyeva körpələr evi-uşaq bağçalarının açılışlarında iştirak etdi – FOTO

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva paytaxtın Sabunçu rayonunda 260 saylı, Binəqədi rayonunda 141 saylı körpələr evi-uşaq bağçalarının açılışlarında, həmçinin valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Heydər Əliyev Fondunun “Dalğa Beach” istirahət mərkəzində təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında iştirak ediblər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva əvvəlcə paytaxtın Sabunçu rayonunda 260 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak etdilər.

Bu körpələr evi-uşaq bağçası 1937-ci ildən fəaliyyət göstərir. Bağçanın köhnə binası ötən ilin noyabrında sökülüb, yerində Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa olunub. Yeni bina 140 yerlik olmaqla, 7 qrupdan, musiqi-idman zalından, mətbəx, tibb otağı, camaşırxana və digər köməkçi otaqlardan ibarətdir. Bağça zəruri inventarla, mebel dəstləri ilə təchiz edilib. Ümumi sahəsi 2000 kvadratmetrdən çox olan bina havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib.

Gələcəyimiz olan uşaqların xoşbəxt böyümələri, onların həm fiziki, həm də mənəvi cəhətdən sağlam olmaları işinə Azərbaycan dövləti xüsusi diqqət göstərir. Dövlət səviyyəsində bu istiqamətdə icra olunan layihələrə Heydər Əliyev Fondunun töhfələri də xüsusi əhəmiyyətə malikdir. Fondun təşəbbüsü və dəstəyi ilə indiyədək paytaxtla yanaşı, bölgələrimizdə də çoxsaylı körpələr evi-uşaq bağçası inşa edilib, təmirə ehtiyacı olanlar isə müasir səviyyədə yenidən qurulub.

260 saylı körpələr evi-uşaq bağçasının ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb, uşaqların asudə vaxtının səmərəli təşkili üçün müvafiq şərait yaradılıb.