Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Mehriban xanımın dəstəyinə ümid edirik” – Gürcüstanlı ictimai fəal  

“Artıq neçənci dəfədir Bakıya gəlsəm də, Diaspora Komitəsinin rəhbərliyi ilə görüşə bilmirəm”.

Gürcüstanda yaşayan soydaşlarımızın təmsilçisi, ictimai-siyasi fəaliyyəti ilə Azərbaycanda da yaxşı tanınan Əli Babayev Yenicag.az-a müsahibəsində qonşu ölkədəki azərbaycanlıların vəziyyəti, iki ölkənin münasibətləri və digər məsələlərlə bağlı maraqlı məqamlara toxunub.

– Əvvəlcə sizi daha yaxından tanıyaq, özünüz haqqında məlumat verərdiz…

– Mən, Əli Babayev Gürcüstanda yaşayan azərbaycanlıların bir nümayəndəsiyəm. Ali təhsilliyəm, bir sıra vəzifələrdə işləmişəm, idmanla ciddi şəkildə məşğul olmuşam. Uzun müddətdir ki, həm də ictimai-siyasi fəaliyyətdəyəm. Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbəri olmuşam. Hazırda da bu istiqamətdə fəaliyyətimi davam etdirirəm, soydaşlarımızın problemlərinin həlli, cəmiyyətə fəal inteqrasiyası, proseslərdə aktiv iştiraklarına nail olmaq üçün imkanım daxilində bacardığımı edirəm, bundan sonra da edəcəm.

– Gürcüstanda 5 il əvvəl baş vermiş hakimiyyət dəyişikliyindən sonra ötən müddətdə soydaşlarımızın həyatında nə dəyişib?

– Ölkədə hakimiyyətə yeni qüvvənin “Gürcü arzusu – Demokratik Gürcüstan” blokunun gəlişi Gürcüstan azərbaycanlılarının həyatında ciddi dönüşə səbəb oldu və çox ciddi dəyişikliklər baş verdi. Qeyd etməliyəm ki, Gürcüstan azərbaycanlıları ən kəskin problemlərlə məhz keçmiş hakimiyyətin, mən bunu çəkinmədən deyirəm, Saakaşvili rejiminin dövründə üzləşdilər.

Doğrudur, SSRİ dağıldığı ərəfədə çox da uzun olmayan müddətdə Gürcüstanda hakimiyyətdə olmuş Qamsaxurdiyanın zamanında soydaşlarımızın problemləri xeyli artdı, diskriminasiyaya məruz qaldılar, sıxışdırıldılar və bunun nəticəsində, 10 minlərlə həmvətənimiz ölkəni tərk etməli oldu. Onların da mütləq əksəriyyəti əlbəttə ki, Azərbaycana üz tutdu. Ancaq Qamsaxurdiyadan sonrakı dönəmdə vəziyyət müəyyən qədər sabitləşdi. Lakin Saakaşvilinin 2003-cü ildə hakimiyyətə gəlişi Gürcüstandakı soydaşlarımızın vəziyyətini yenidən ağırlaşdırdı. Onun siyasi rejimi zamanı həmvətənlərimiz bütün sahələrdə problemlərlə üzləşdilər, yenə sıxışdırıldılar, qədim yer-yurd adları dəyişdirildi, onlarla Azərbaycan məktəbləri əsassız səbəblərdən bağlandı, təhsilli soydaşlarımızın işlə təmin olunmalarında əngəllər yaradıldı, onları başlarını götürüb getməyə məcbur etdilər. Saakaşvili rejimi hətta bizim dinimizə də əl uzadaraq, bu məsələdə parçalanmaya şərait yaratdı. Ancaq 5 il əvvəl hakimiyyətin dəyişməsi ilə bu sahədə vəziyyət də dəyişdi.

– İndiki hakimiyyət Gürcüstandakı soydaşlarımızın problemlərini həll edir?

– Bəli, Saakaşvili iqtidarından fərqli olaraq, indiki hakimiyyət Gürcüstandakı azərbaycanlıların problemlərini həll etmək üçün addımlar atır, bu məsələlərə diqqətlə yanaşmağa çalışır. Məsələn, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə elə kəndlər var ki, ora qaz-işıq yalnız son illərdə çəkilib. Hazırda sosial problemlərin həlli yönündə addımlar atılır. Bunu etiraf etməmək mümkün deyil.

– Azərbaycanın ixrac neft-qaz boru xətləri Gürcüstandan keçsə də, oradakı azərbaycanlı kəndləri hələ indi-indi qazlaşdırılır…

– Bu, əvvəldən yaranmış problemdir. Düz deyirsiz, Azərbaycanın boru xətləri Gürcüstandan keçsə də, ölkədə azərbaycanlılar yaşayan məntəqələrin qazlaşdırılmasına diqqət yetirilməyib. Bu məqam da Saakaşvili hakimiyyətinin azərbaycanlılara, onların problemlərinə münasibətinin göstəricisi sayıla bilər.

– Azərbaycanlıların işlə təmin olunmaları məsələləsi nə yerdədir? Bu məsələ də deyəsən, problemlidir…

– Sizə deyim ki, Gürcüstandakı azərbaycanlıların bu məsələdə əsas problemi gürcü dilini bilməmələri, buna çalışmamalarıdır. Dövlət dilini bilmədən hansı ciddi işlərə iddia edib, işləmək olar ki? Azərbaycanı götürək, hansısa məmurun dövlət dilini bilməməsi mümkündürmü? Əlbəttə, yox. Ancaq bu məsələdə də irəliləyişlər müşahidə olunmaqdadır. Mən məmnunluqla bildirmək istəyirəm ki, Gürcüstandakı azərbaycanlıların yeni nəsli kifayət qədər fəaldır; elmə, dil öyrənməyə meyillidirlər. Çox əlamətdar haldır ki, onların arasında xarici ölkələrdə təhsil almağa gedənlərin sayı xeyli artıb. Mən inanıram ki, o gənclər təhsillərini başa vurub, geri döndükdən sonra Gürcüstan cəmiyyətində çox mühüm mövqelərdə qərarlaşa biləcəklər.

– Yeri gəlmişkən, iddialar var ki, Azərbaycanın Gürcüstanda həyata keçirtdiyi müxtəlif layihələrdə belə azərbaycanlılara iş verilmir. Hətta SOCAR-ın Gürcüstan şəbəkəsində ermənilərə iş tapılır, soydaşlarımıza yox…

– Təəssüf ki, bu sahədə də problem var. SOCAR-ın oradakı şəbəkəsi bir yana, Azərbaycanın Gürcüstanda həyata keçirtdiyi müxtəlif layihələrdə azərbaycanlılara hətta fəhlə kimi çalışmaq imkanının yaradılmaması çox təəssüf doğurur. Əslində isə belə olmamalıdır. Mən bayaqki fikirlərimdə işsizliklə bağlı bəzi məqamları qeyd etdim, dil bilməyin vacibliyini söylədim. Ancaq elə işlər var ki, orada dil bilmək o qədər də vacib deyil. Acınacaqlı haldır ki, Azərbaycanın burada həyata keçirtdiyi layihələrdə soydaşlarımızın işlə təminatına həssaslıqla yanaşılmır. Hətta açıq deyək, Azərbaycanda müxtəlif əyri yollarla pul qazanıb, Gürcüstanda iş quran azərbaycanlılar da oradakı soydaşlarımıza iş vermirlər. Nəticədə isə bizimkilər bir parça çörək qazanmaq üçün Türkiyə və başqa ölkələrə getmək məcburiyyətində qalırlar. Bu kimi məsələlərə həssas yanaşmaq lazımdır.

– Ancaq Azərbaycanın Gürcüstan üzərindən həyata keçirtdiyi nəhəng layihələr iki ölkə arasındakı bağları möhkəmlədib…

– Bəli, bu, çox müsbət məqamdır. Gürcüstan Azərbaycanın bütün enerji və digər layihələrinin iştirakçısıdır. Bütün bu işlər ölkələrimizin tək iqtisadi deyil, həm də siyasi münasibətlərinin güclənməsinə səbəb olur. Yeri gəlmişkən, bir neçə həftə əvvəl istifadəyə verilən Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılışı oldu. Bu, çox böyük hadisədir və tək ölkələrimiz üçün deyil, bütün regiondan ötrü böyük əhəmiyyətə malikdir.

Hesab edirəm ki, iki ölkə arasında süni gərginlik yaratmağa çalışan qüvvələrin bu fitnəkarlığı nəticə verməyəcək. Təəssüflə qeyd etməliyəm ki, müxtəlif səviyyələrdə buna cəhdlər var. Ancaq o cəhdlərin qarşısı alınmalı, provokatorlar yerində oturdulmalıdır. Lakin belə təxribatların müəyyən mənfi nəticələri də var. Məsələn, Bakı Dövlət Universitetinin dosenti Kərəm Məmmədli nəyə görə öz doğulduğu kəndə gedə bilmir, niyə onun səfərinə maneə yaradılır? Bu halların aradan qaldırılması və təkrarlanmaması üçün qəti addımlar atılmalıdır.

– Gürcüstandakı fəaliyyətiniz əsasən, hansı istiqamətdədir?

– Yuxarıda da qeyd etdiyim kimi, Gürcüstanın ictimai-siyasi həyatında yaxından iştirak etməyə çalışırıq. Mən özüm gürcüdilli olduğum üçün dil sarıdan problemim yoxdur. Biz mümkün qədər soydaşlarımızın problemlərini ictimailəşdirmək, onların həllinə nail olmaq üçün çalışırıq. Düzdür, bu işlərdə müəyyən problemlərlə qarşılaşırıq. Həm də bu problemləri hökumət yox, öz soydaşlarımız yaratmağa çalışırlar. Ancaq buna baxmayaraq, Azərbaycan həqiqətlərini Gürcüstan ictimaiyyətinə çatdırmaq üçün də işlər görürük. Xocalı Soyqırımı və digər hadisələrin ildönümünü yüksək səviyyədə qeyd edir, Gürcüstan cəmiyyətini Azərbaycanın üzləşdiyi bu problemlərlə bağlı məlumatlandırırıq.

Əslində, SSRİ dağılandan sonra Azərbaycanla Gürcüstan eyni aqibətlə üzləşiblər: hər iki ölkə separatizmdən əziyyət çəkir və ərazilərinin 20 faizi işğal edilib, Azərbaycanda 1 milyon, Gürcustandan isə 360 min insan öz dədə-baba yurdundan didərgin salınıb. Bu mənada oxşarlıqlarımız çoxdur.

Biz buradakı tədbirlərdə müntəzəm iştirak edir, çıxışlarımızda da bildiririk ki, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü bərpa olunmaldır, əks halda, regionda vəziyyət tam sabitləşməyəcək. O tədbirlərdə iştirak edən ermənilər arasında da bizim mövqeyin haqlı olduğunu qəbul edənlər az deyil.

Bundan başqa, uzun müddət Azərbaycan dilində 1000-2000 tirajla qəzet çıxarıb, soydaşlarımız arasında yayırdıq. Məqsədimiz də onların maarifləndirilməsi, əsasən də gürcü dilini bilməyən soydaşlarımızın heç olmasa, rəsmi qanunlar, qərarlar barədə məlumatlanmalarına kömək etmək idi. Təəssüf ki, son dövrlərdə maddi imkansızlığa görə bu işi davam etdirə bilmirik.

– Bu fəaliyyətinizdə Azərbaycandan dəstək alırdız?

– Bəli, əvvəllər Azərbaycanın diaspora Komitəsi bizə maddi dəstək göstərirdi. Lakin sonralar bu yardım dayandırıldı. Səbəbi ilə maraqlandıqda, bunu maddi problemlərlə əlaqələndirdilər. Ancaq fikrimcə, bu işlərin həyata keçirilməsi çox vacibdir və Komitə bizə dəstəyini bərpa edə bilərdi. Bu məqsədlə bir neçə dəfə Bakıya gəlib, Komitənin rəhbərliyi ilə görüşmək, həmin məsələni müakirə etmək istəsəm də, buna nail olmadım. İndi də bir neçə gündür, Bakıda olmağıma, cəhd göstərməyimə baxmayaraq, təəssüf ki, Komitənin rəhbərliyi ilə görüşə bilmirəm. Yəqin ki, geri qayıdana qədər də görüşə bilməyəcəm. Daha doğrusu, onlar məni qəbul etməyəcəklər.

Bu səbəbdən, mən üzümü Azərbaycanın birinci xanımı, birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya tutaraq, bizim Gürcüstanda həyata keçirtdiyimiz ictimai fəaliyyətin davam etdirilməsinə dəstək olmasını xahiş edirəm. İnanıram ki, hörmətli Mehriban xanım bu məsələyə diqqət və həssaslıqla yanaşacaq.

– Yekunda soruşmaq istərdim, yaxın illərdə Gürcüstan prezidentliyinə azərbaycanlı namizədin meydana çıxması realdırmı?

– Bir daha qeyd etmək istərdim ki, Gürcüstan azərbaycanlılarının yeni nəsli olduqca fəaldır və onların gələcəyinə ümidlə baxıram. Məsələn, yaxın illərə qədər, Gürcüstanda rəhbər vəzifələrdə işləyən azərbaycanlılar az qala yox səviyyəsində idi. Ancaq hazırda Teymur Abasov Marneuli rayonunun rəhbəri seçilib. İnanıram ki, bu tendensiya genişlənəcək və siz deyən məsələnin də şahidi olacağıq.

A. Zeynalov

www.yenicag.az

1695
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM