“Allah məni yarı öldür, yarı saxla ağlamağa…”
Bu gün, bu gözəl misraların müəllifi xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür. Mübarək olsun!
Yenicag.az-a danışan xalq artisti, tanınmış aktrisa Mehriban Zəki sevilən şairi belə yad edib:
“Vaqif Səmədoğlu ilə ünsiyyətim son illərdə çox aktual və dəbdə olan sosial şəbəkədən başladı. Vaqif müəllim aktiv istifadəçi idi axı. Onun “sol əlimlə sağ əlimin arasında… “ misrasıyla başlayan şeirinə bəstələdiyim və sazla ifa etdiyim mahnını göndərmişdim. Onun söylədiyi iltifatlar da baməzə və özünə məxsus idi. Sonralar Vaqif müəıllimlə Kino ittifaqında, tədbirlərdə dəfələrlə xoş ünsiyyətli görüşlərimiz olub. Amma xatirimdə ən parlaq qalanı Nizami muzeyində 75 illiyi münasibəti ilə Rafael Hüseynovun aparıcılığı ilə keçirilən kitabının təqdimatı idi. Həmin görüş Vaqif müəllimin son geniş görüşü idi. Hamı sanki şairlə son dəfə görüşə gəlmişdi. Özü isə zarafatından qalmırdı. Xəstəliyinə sataşdı, ölümü ələ saldı. Hamını yasına dəvət etdi. Piano arxasına keçib caz ifa etdi. Gözəlliyi vəsf elədi. Nüşabə xanıma sevgisini etiraf etdi. Nüşabə xanım isə xısın-xısın ağlayırdı. O, isə gülürdü. Vaqif müəllim mənim göz yaddaşımda hər zaman o cür gülərüzlü bir insan kimi, ruhumda isə bir şeir kimi qalacaq. Doğum günün mübarək, şair”.
Cəvahir