Reklam: High Technic
hightechnic

Məhsullar “Cocuq Mərcanlı” brendi ilə satışdadır

İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı Səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində artıq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış istixanalarda və arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların satışı həyata keçirilir.

Yenicag.az-ın məlumatına görə, bununla əlaqədar, oktyabrın 3-də Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB), “Ziraat Bank Azərbaycan” ASC-nin nümayəndələrinin və sahibkarların iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının iqtisadi inkişaf kursuna uyğun olaraq, ölkədə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

S. Məmmədov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birgə layihələrin icrasının kəndlərdə məşğulluğun təmin olunmasında, rayonun sosial-iqtisadi inkişafı sahəsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib, layihə çərçivəsində yaradılmış təsərrüfatlarda istehsal edilən məhsulların artıq “Cocuq Mərcanlı” logosu altında satışa çıxarıldığını diqqətə çatdırıb.

Tədbir çərçivəsində “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” MMC, “Azərsun Holdinq”, “Veysəloğlu” şirkətləri Cocuq Mərcanlıda fəaliyyət göstərən istixana və arıçılıq təsərrüfatlarında istehsal edilmiş məhsulların satın alınmasını həyata keçirib. Bu təsərrüfatlardan əldə olunacaq məhsulların satışına dəstək göstərilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” MMC ilə Cocuq Mərcanlı fermerləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən Cocuq Mərcanlı kənd orta məktəbinə Neftçala Sənaye Məhəlləsində istehsal olunan “Xəzər” avtomobili hədiyyə edilib.

www.yenicag.az

1455