Məktəb avtobusları layihəsi GÜNDƏMDƏ – Tıxac problemini KÖKÜNDƏN HƏLL EDƏCƏK?

“2030-cu ilə qədər paytaxtın bütün təhsil alan şagirdləri üçün məktəb avtobusu ayrılması gözlənilir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri qeyd edib.

Ekspert 2025-2030-cu illəri əhatə edəcək olan yeni təhsil avtobusu haqqında layihəni ətraflı şərh edib:

“Bir neçə gün bundan öncə ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramı təsdiqləndi. Həmin proqrama əsasən, məhz Bakı şəhərində yerləşən təhsil müəssisələrinin, məktəblərin fəaliyyətinin nəqliyyatın sıxlığına təsir mexanizmləri müəyyənləşdiriləcək və bununla bağlı təkliflər hazırlanacaq. Düşünürəm ki, 2030-cu ilə qədər paytaxt Bakıda yerləşən məktəblər üçün şagirdlərin daşınmasını həyata keçirən avtobusların da olması ilə bağlı qərar da həmin təkliflərin əsas tərkib hissəsindən biri olacaq”.

Mütəxəssisin fikrincə, buna ciddi şəkildə ehtiyac var:

“Ona görə ki, xüsusən də ibtidai siniflərdə şagirdlərin 99%-i özü müstəqil şəkildə deyil, məhz valideyn və başqa şəxslər tərəfindən aparılır. Bunun üçün də şəxsi minik avtomobilindən istifadə olunur. Bu da paytaxtda tıxacların yaranmasına əlavə səbəb kimi də dəyərləndirilməlidir. Müşahidə etsək, görərik ki, hər halda, tətil vaxtları ilə dərs keçirilən vaxtlardakı nəqliyyat sıxlığı arasında xeyli fərq var. Buna görə də düşünürəm ki, Bakıdakı nəqliyyat sıxlığını müəyyən edən əsas göstərici təhsil müəssisələridir. Bunun aradan qaldırılması, xüsusən də ibtidai sinif seqmenti üçün məktəbli avtobusunun ayrılmasına ciddi ehtiyac vardır. Bu layihə təhsil layihəsindən daha çox təhsil müəssisələrinin nəqliyyata təsirini azaltmaq üçün hesablanmış sosial layihədir və alqışlanmalıdır”.

O, düşünür ki, bu layihədən ilk yararlanacaq şagirdlər ibtidai sinif şagirdləri olmalıdır:

“Mənə elə gəlir ki, bu nəqliyyatın ayrılması ilk mərhələdə ibtidai siniflər üçün ayrılması çox vacibdir. Bu layihə hansı mexanizmlə işləyəcək, valideynlərdən aylıq nə qədər haqq alınacaq, yəqin ki, bunlar da dövlət tərəfindən tənzimlənsə, eləcə də məsafədən asılı olaraq və ya asılı olmayaraq qiymət tarifi müəyyənləşdirilsə, ondan sonra layihənin nə qədər uğurlu olub olmayacağını müəyyən etmiş ola biləcəyik. Hər bir halda, paytaxt Bakıda vahid məktəb avtobusu olması çox vacibdir”.

E. Nuri əlavə edib ki, ölkə üzrə tıxacların əsas hissəsi paytaxt Bakı, Sumqayıt və Abşeronun payına düşür:

“Digər şəhər və rayonlarda əhali sıxlığı o qədər də yüksək olmadığı üçün tıxac müşahidə edilmir. Buna baxmayaraq, hər bir halda Bakı xaricində də məktəbli avtobusları olmalıdır. Bunun başqa vacib səbəbləri də var: məsələn, ötən ilin sonunda 1.500 məktəbin bağlanması ilə bağlı qərar verildi. Çünki həmin məktəblərdə şagird sayı 100-ə çatmırdı. Bağlanan məktəblərdəki uşaqlar da ora yaxın olan ərazilərdəki digər məktəblərə köçürüldü. Bu da o deməkdir ki, şagirdlərin qət etdiyi məsafə artdı”.

“Məsələnin digər tərəfi isə odur ki, regionlarda çətin relyef və xüsusən də dağlıq ərazilərdə, şaxtalı havalarda şagirdlər üçün nəqliyyat ayrılması mütləqdir. Bir neçə dəfə bu barədə danışılsa da, hər hansı icraat olmayıb. Bizim isə hazırda fokuslanacağımız detal paytaxt Bakıda təhsil müəssisələrinin yaratdığı tıxacın aradan qaldırılması üçün məktəb avtobuslarının ayrılmasıdır və 2030-cu ilə qədər bütün məktəblərdə bu avtobusların olmasını istərdik”, – deyə o, fikirlərini tamamlayıb.

Nurlan Cəfəri