Məktəb direktorlarının ÖZBAŞINALIĞI: “Bakı şəhəri üzrə Təhsil İdarəsi vəziyyətə nəzarət edə bilmir” – Ekspertdən SƏRT ETİRAZ

“Təhsili idarəetmə orqanlarının əmri ilə məktəbə təyin olunmuş kadrları “qəbul etməyən” direktorlar ən sərt qaydada cəzalandırılmalıdır”.

Bu sözləri Bakı şəhəri üzrə məktəblərdə bəzi direktorların özbaşınalığı və müsabiqə yolu ilə təyin olunan direktor müavinlərinə qarşı davranışlarını dəyərləndirən təhsil eksperti Elşən Qafarov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, bəzi məktəblərdə direktor özbaşınalıqlarına göz yumulması neqativ halların artmasına və kəskinləşməsinə şərait yaradır:

“Ölkədə 4432 ümumitəhsil müəssisəsi var və keçən 4 il ərzində məktəb direktorlarının ən azı 70 faizi yenilənib. Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə direktor vəzifəsinə vakansiya yalnız son iki ildə çıxarılıb. Bakı şəhəri üzrə Təhsil İdarəsinə tabe olan 316 məktəb üzrə tədris və tərbiyə üzrə direktor müavinləri, o cümlədən UBTR, psixoloq, ÇHR, kitabxanaçı, hətta laborant vəzifəsi üzrə vakant yerlər mərkəzləşdirilmiş müsabiqə yolu ilə təyin edilir. Bu halda belə mənzərə yaranır ki, təhsili idarəetmə qurumlarının son illərdə gördükləri əsas işlərdən biri imtahan keçirmək olub. İmtahan və müsabiqələri keçirən qurumların imtahan yolu ilə təyin etdikləri kadrların sonrakı taleyi ilə bağlı vəziyyəti maraqlıdır.

2021-ci ildən başlayaraq ilk dəfə istər Təhsil Nazirliyi DİQ müsabiqəsində, istərsə də Bakı şəhəri üzrə Təhsil İdarəsi direktor müavinləri müsabiqəsində uğur qazanan namizədlərə işə başlamamışdan öncə təlimlər təşkil etdi. Amma bu təlimlərin qiymətləndirilməsi aparılmadığına görə kimin nəyi öyrəndiyi də məlum olmadı”.

Elşən Qafarov vurğulayıb ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən, “Gedib təyin olunduğunuz məktəbə deyin ki, biz bu gündən bu məktəbdə direktor müaviniyik”, – deyə tapşırıqla məktəbə göndərilən həmin müavinlərin əksəriyyəti məktəb direktorları tərəfindən ilk gündən gözümçıxdıya salınır:

“Bir çox məktəb direktorları “ictimai əsaslarla” özlərinə direktor müavini təyin edərək müsabiqə yolu ilə gələn müavinləri işdən faktiki uzaqlaşdırıblar. Onları direktor müavinləri üçün nəzərdə tutulmuş otaqlara buraxmır, hətta təhqir etməkdən və müəllimlərin yanında aşağılamaqdan belə çəkinmirlər. Bakı şəhəri üzrə Təhsil İdarəsi vəziyyətə nəzarət edə bilmir. Təyinat almış direktor müavinləri ilə maraqlanan yoxdur. Təhsil idarəsində Daxili Nəzarət sektorunun az-çox işini qurmaq istəyən məktəblərə qarşı müxtəlif “əməliyyatlar” keçirməklə başı qarışıb.

Bu vəziyyətin qarşısını almaq üçün ilk növbədə Təhsil Nazirliyi və ya Bakı şəhəri üzrə Təhsil İdarəsində yeni təyin olunan kadrlar üçün yarana biləcək metodiki və məlum məsələlərlə bağlı dəstək məqsədilə bir əməkdaş ayrılmalı və telefon nömrələri verilməlidir. Təhsili idarəetmə orqanlarının əmri ilə məktəbə təyin olunmuş kadrları “qəbul etməyən” direktorlar ən sərt qaydada cəzalandırılmalıdır. Yeni təyinat alan kadrları təhqir edən, aşağılayan və onların vəzifələri üzrə əmək funksiyalarını yerinə yetirməsinə mane olan direktorlar Məktəblinin Dostunu görəndə “dovşana”, yeni direktor müavinləri və ya müəllimləri görəndə “əjdaha”ya çevrilməkdənsə, rəhbərlik etdikləri məktəblərdə olan kütləvi nöqsanları aradan qaldırmalıdırlar”.

Gülşən Şərif