“Düşünürəm ki, məktəb direktoru və müavinlərinin təkcə tədris etdiyi fənn deyil, onun rəhbər fəaliyyəti də yoxlanılmalıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasıda məktəb direktorları və onların müavinlərinin sertifikasiyaya cəlb olunma prosesindən danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, direktorların sertifikasiyası növbəti mərhələdə – müəllimlərin sertifikasiyası bitəndən sonra başlayacaq:
“Ümumtəhsil müəssisələrində çalışan direktorların və onların müavinlərinin sertifikasiyası nəzərdə tutulur. Bu növbəti mərhələdə – müəllimlərin sertifikasiyası bitəndən sonra başlayacaq. Burada ən əsas məsələ həm direktor müavini olub, həm də dərs saatı olan şəxslərlə bağlıdır. Onların sertifikasiyasının keçiririlməsi dərs saatı olduqlarına görə bir növ məcburi hal alacaq. Onların nə qədər biliyi olduğu yəni, tədris etdiyi fənni tədris etməyə imkanının nə qədər olduğu və bunun nəticəsində nə qədər bal toplayacağının məlum olması üçün sertifikasiya qaçımılmaz olacaq. Növbəti mərhələlərdə bütün bunlar gözlənilir”.
Ekspert qeyd edib ki, direktorun idarəetmə bacarığı da yoxlanılmalıdır:
“Düşünürəm ki, məktəb direktoru və müavinlərinin təkcə tədris etdiyi fənn deyil, onun rəhbər fəaliyyəti də yoxlanılmalıdır. Onların praktiki biliyinin yoxlanılması, müəllimlərdən fərqli olması daha yaxşı olar. Fikrimcə, direktorun idarəetmə bacarığı da yoxlanılmalıdır. Digər bir məqam isə bundan sonra direktor və müavinlərinin işə qəbulda dəyişikliyin olacağı ilə bağlıdır. Bu dəyişiklər sertifikasiya imtahanı vermiş və nəticəsi 51-dən yuxarı olan müəllimlər gələcəkdə direktor və direktor müavini işləməsi üçün bu bir növ keçid olacaq. Hazırda bu məsələ üzərində işlər aparılır”.
İsmayıl Bakuvi