Biləsuvar rayonunda məktəbin qarşısında təhlükəli anlar yaşanıb.
Yenicag.az xəbər verir ki, faktla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, rayonun Xırmandalı kənd 2 saylı orta məktəbin qarşısında DYP “VAZ 21011” markalı avtomobili saxlamağa çalışıb.
Videogörüntülərdə sürücü saxlamayınca DYP əməkdaşının xidməti avtomobil ilə maşını “qovduğu” əks olunub.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin sürücü içkili olub:
“Biləsuvar Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayonun Xırmandalı kəndi ərazisində xidmət apararkən “Vaz 21011” markalı avtomobilin sürücüsü Salyan rayon sakini S.Babayev təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.
Sürücü əvvəlcə yol polisi əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməyib hərəkəti davam etdirsə də, bir qədər irəlilədikdən sonra avtomobili dayandırıb. Həmin şəxsin nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Spirtli içkinin təsiri altında olan həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsinə əsasən protokol tərtib edilib və sürücü 400 manat məbləğində cərimə olunub”.