Məktəbə getməyən şagirdlər necə təhsil alacaq?

Koronavirusun çox yayıldığı ərazilərdə övladlarını məktəbə göndərməyən valideynlər uşaqların təhsilinə özləri cavabdehdir.

Təhsil Nazirliyindən Yenicag.az-a bildirilib ki, koronavirusla bağlı övladını məktəbə göndərmək istəməyən və ya göndərə bilməyən valideynlər bu barədə iltizam imzalayacaqlar və övladının məktəbə gəlmədən təhsilini təmin etmək üçün bütün məsuliyyəti öz üzərinə götürəcəklər:

“Həmçinin bildiririk ki, teledərslərin yayımlanması bu tədris ilində də davam edəcək”.

Qeyd edək ki, Azərbaycanda 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.

Təhsil Nazirliyinin açıqladığı qaydalara görə, valideynlər iki halda övladlarını məktəbə göndərməyə bilərlər: birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə, ikinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir.