Məktəbə göndərilən məktub TƏŞVİŞ YARATDI

Dekabrın 18-də Litvanın Kaunas şəhərindəki bir məktəbdə mənşəyi məlum olmayan ağ toz tapılması səbəbindən təxminən 300-dən çox şagird və müəllim heyəti evakuasiya edilib.

Yenicag.az Litvanın ictimai yayım qurumu LRT-yə istinadən xəbər verir ki, Kaunas şəhərindəki məktəbə saat 10:44-də mənşəyi bilinməyən ağ tozla dolu məktub daxil olub. Yanğın-xilasetmə xidmətinə məlumat verilən kimi əraziyə operativ qüvvələr cəlb edilib.

Xilasetmə xidmətinin nümayəndəsi bildirib ki, məktub açıldıqdan sonra içərisində az miqdarda ağ toz aşkar edilib və bu səbəbdən məktəb tam təxliyə olunub. Yanğınsöndürənlər bina boşaldıqdan sonra ərazidə təhlükəsizlik yoxlamaları aparıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Toz nümunəsi xüsusi qoruyucu avadanlıqlarla ərazidən uzaqlaşdırılıb. Hazırda materialın mənşəyi və təhlükəliliyi araşdırılır.