Məktəbə qəbul qaydası dəyişdirildi

Azərbaycanda 6 yaşı təqvim ili ərzində (uşağın məktəbə getməli olduğu il) tamam olmayan uşaqların I sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılır.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. O, bildirib ki, ilin hansı ayında anadan olmasından asılı olmayaraq, təqvim ili ərzində 6 yaşı tamam olan bütün uşaqlar həmin ildə I sinfə qəbul olunacaqlar. Bununla bağlı “Təhsil haqqında” qanuna yeni əlavələr edilir.

İ.Həbibbəyli qeyd edib ki, 6 yaşı təqvim ilinin sentyabr ayının 15-dək tamam olmayan uşaqların I sinfə qəbulu zamanı müəyyən bürokratik əngəllər olurdu:

“Bəzən deyirdilər ki, uşağın I sinfə qəbulu üçün 5-6 ay çatmır, gərək uşağın 6 yaşı tamam olsun. Bu da narazılığa yol açırdı”.

İ.Həbibbəyli bildirib ki, əvvəllər ölkədə məktəbəhazırlıq qruplarının sayı kifayət qədər olmadığından 6 yaşı tamam olmamış uşaqların I sinfə vaxtından əvvəl qəbulu üçün valideynlər xüsusi qaydada müraciət edirdilər. Bu müraciət əsasında uşaqlar xüsusi komissiyaların razılığı əsasında I sinfə cəlb edilirdilər.

Komitə sədri qeyd edib ki, qanuna edilən yeni dəyişiklik 5 yaşlıların hamısının məktəbəhazırlıq qruplarına cəlbinə imkan yaratmaqla yanaşı, 6 yaşı təqvim ilinin sonuna qədər tamam olan bütün uşaqların I sinfə qəbuluna imkan yaradacaq:

“Belə olan halda, vaxtından əvvəl I sinfə qəbul üçün 6 yaşı tamam olmayan uşaqların istedadlarının xüsusi komissiyalar tərəfindən yoxlanılmasına lüzum qalmayacaq. Çünki bütün hallarda 5-6 yaşlıların hamısı maneəsiz təhsilə cəlb oluna biliəcəklər”./ Trend/

COP29