Məktəbdə davranış qaydaları bütün dövrlərin ən aktual problemi olub. Hətta deyərdik ki, məktəblərin öz yazılmayan qanunları var. Bu qanunu qoyanlarsa şagirdlərdir.
Sinifdə baş verən müxtəlif hadisələr, tənəffüsdə yaşanan əlbəyaxa savaşlar hər bir məktəbli üçün adi haldır. Bizim hər birimiz bu mənzərənin şahidləri kimi böyümüşük. Amma ən qorxulu məqam belə səhnələrin tez-tez təkrarlanması və tərəflərdən birinin hədsiz qəddar davranışıdır. Psixoloq Aidə Sübhanın sözlərinə görə, psixologiyada buna “bullinq” deyirlər. Elə isə bizə də maraqlı gələn bu termin barədə tanınmış psixoloqa üz tutduq. Bullinq nədir? Qarşısı necə alınmalıdır. Eşitdiklərimiz bizdə də maraq doğurdu.
Bullinq şagirdlər arasında kiminsə təklənməsi, ona sinif yoldaşları tərəfindən bilərəkdən olunan qərəzli təzyiqdir. Bu cür münasibətlər yeniyetmələr arasında olan aqressiya və davranış problemlərindən doğur. Bu daha çox yeniyetmələrin bir-birinə psixoloji təzyiq etdikləri anlarda baş verir. Ki, bu da sonda fiziki şiddətlə nəticələnir. Bu cür təzyiqlər bullinqin bir formasıdır. Və təəssüf ki, cəmiyyətdə daha çox oğlanlar arasında təsadüf olunan bu hal indi qızlar arasında da geniş yayılıb. Burada əsas problem bilirsiz nədir? Bəzən uşaq o qədər ailəyə güvənmir ki, ona məktəbdə olunan təzyiq və şiddəti ailəyə bildirmir. Baş verənləri öz içində çəkir, təkbaşına öhdəsindən gəlməyə çalışır. Və bu da get-gedə onların erkən yaş dövründə ciddi komplekslərlə yanaşı psixoloji problemlər yaradır. Bu cür uşaqlarda ünsiyyət çətinliyi, insanlara inamsızlıq və aqressiya yaranır. Bu hal üzə çıxanda valideynlər psixoloqa müraciət etsələr belə gecikmiş olurlar.
Məktəb psixoloqları bu məsələdən çox vaxt xəbərsiz olurlar. Çünki məktəbdə uşaqlar arasında xüsusi “qanunlar” var. Onlar bir-birini “ələ verməmək” üçün bu kimi məsələləri daha çox gizlədirlər. Nəticədə, məktəbdə baş verənləri nə evdə danışır, nə də məktəb psixoloquna deyə bilmirlər. Və çox təəssüflər olsun ki, yeniyetmələrin aqressiv davranışları, hətta onların intihar həddinə çatmaları belə məhz bu cür “gizlədilən hadisələrin” nəticəsidir.