Məktəblərdə dərs və iş vaxtı dəyişdirilə bilər

106449_res_01“Nazirlər Kabinetinə nəqliyyatın sıxlığı yüksək olan ərazilərdə yerləşən orta məktəblərdə ibtidai siniflərlə yuxarı siniflərdə dərslərin başlanmasında fərqin olması ilə də bağlı təklif göndərmişik. Yuxarı siniflərin bir az erkən, məsələn saat 08.00-da dərsə başlaması, ibtidai siniflərdə isə bu vaxtın ondan 45-50 dəqiqə sonra, yəni 08.50 və yaxud 09.00-a dəyişdirilməsi təklif olunub”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyi Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

O bildirib ki, müəyyən qədər vaxtın sürüşməsi ilə orta məktəbə gedən şagirdlərin sayı zamana görə nisbətən dəyişəcək: “Həm də bu addım o şagirdləri məktəbə gətirən nəqliyyat vasitələrinin sayının pik zamanda azalmasına imkan verir. Məktəb ətrafında avtomobillərin toplanıb, sıxlıq yaradıb bütövlükdə küçədə tıxac əmələ gələ bilməsinin də qarşısı bu tədbirlə alınacaq”.

Sektor müdiri əlavə edib ki, Nazirlər Kabinetinin yekun qərarından sonra, qərarın icrası təhsil müəssisələrində yeni tədris ilindən həyata keçiriləcək.

S. Gözəlov valideynləri ibtidai sinifdə oxuyan övladlarını ictimai nəqliyyatdan istifadə edərək məktəbə gətirmələrini tövsiyə edib.